"AXCP-nin sabiq sədr müavini Asəf Quliyevin yaydığı bəyanat o demək deyil ki, o artıq müxalifətdən uzaqlaşıb. O, daima radikal müxalifətdə olan biridir. Bu hərəkəti ilə sadəcə siyasətə özünün qüvvəsi ilə daxil olmağa və olmayan sosial bazanı daha da məhv etməyə çalışır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə son zamanlar müxalifət düşərgəsində baş verən hadisələrə münasibət bildirərkən deyib.Millət vəkili bildirib ki, Asəf Quliyevin bəyanatı radikal müxalifətin daxilində olan vəziyyəti daha şəffaf şəkildə büruzə vermiş oldu: "Hazırda "Milli Şura" özünün yeni rəhbərini seçməyə hazırlaşır. Hesab edirəm ki, bu heç də asan olmayacaq. Özləri ilə dil tapa bilməyən və daxili ziddiyyətlərə daha çox maraq göstərən siyasi qüvvələr heç bir halda cəmiyyətin aparıcı qüvvəsi və onun maraqlarının təmsilçisi ola bilməzlər". Aydın Mirzəzadə, həmçinin xatırladıb ki, "Milli Şura" tamamilə bir-birinə zidd olan qüvvələr tərəfindən yaradılıb: "Struktur yaranana qədər onlar bir-birilərini dəfələrlə mətbuatda ittiham edib və hər biri digərinin sosial bazasının ələ keçirməyə çalışaraq siyasi həyatdan sıxışdırıb çıxarmaq istəyiblər. Bu cür münasibətlər onların tamamilə iç üzünü göstərir. Şura öncəsi sanki sehrli çubuğun köməyi ilə birləşib özləri üçün struktur yaratdılar və bir təşkilatın daxilində seçkilərə qatıldılar. Bu günə qədər bir-biriləri ilə düşmən olan insanların dostlaşması təbii ki, kənardan təsiredici qüvvənin tapşırığı ilə ola bilərdi. Çünki onlar heç vaxt cəmiyyətdə vahid qüvvə kimi çıxış edərək bir-birilərinə güzəştə getməyiblər. Hətta seçkiöncəsi onların qarşıdurmaları da üzə çıxırdı. Nəinki cəmiyyətin, eləcə də müxalifətin kiçik bir hissəsini özündə ehtiva edən "Milli Şura" seçkidə ağır məğlubiyyətə uğradı".Qeyd edək ki, ötən gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini, "Milli Şura"nın Mitinq Komitəsinin keçmiş sədri Asəf Quliyev təmsil olunduğu partiyadan və "Milli Şura"dan istefasının səbəblərini açıqlayıb. Qurumun sabiq üzvü qeyd edib ki, "Milli Şura" yarananda onun əleyhinə olanların quruma cəlb olunması və həmin şəxslərin Cəmil Həsənlinin vəkili təyin olunması yanlış idi. Onun sözlərinə görə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Milli Şuranın rəhbərliyinə gətirilməsinə etiraz olaraq qurumdan istefa verib: "Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu Milli Şura yaranan gündən onu dağıtmağa çalışıblar".
sia.az