Ağstafa Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anma tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olmuşlar.
Sonra tədbir şəhərdəki Gənclər Mərkəzində davam etdirilmişdir. Tədbirdə çıxış edənlər Ümummilli Liderin ölkədə gənclər siyasətinin uğurlu inkişafındakı rolundan söhbət açmışlar. Bildirilmişdir ki, bu məqsədlə dövlət proqramları qəbul edilərək nəzərdə tutulan tədbirlər uğurla icra edilmiş, gənclərin dövrün tələblərinə uyğun təhsil almaları, beynəlxalq aləmdə yüksək səviyyədə təmsil olunmaları üçün geniş imkanlar yaradılmışdır.
Natiqlər bu gün respublikada dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışmış, dövlətimizin başçısının gənclərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmişlər.
Daha sonra tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmə baxmışlar.
AzərTAc