"Ümumiyyətlə tarixin siyasiləşdirilməsi və saxtalaşdırılması yolverilməzdir. Ermənistanın təcrübəsində isə tarixin saxtalaşdırılması siyasəti həyata keçirilir". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənilərin bu ilin aprel ayında qondarma "erməni soyqırımı"nın 100 illiyinə hazırlaşmalarına münasibət bildirərkən deyib.Hikmət Hacıyevin sözlərinə görə, ötən əsrin əvvəlində baş vermiş hər hansı hadisələrə müəyyən siyasi rənglər verilir və konkret olaraq siyasi məqsədlər üçün istifadə edilir: "Ermənistan tərəfi bu kimi əsassız iddialarla çıxış etməzdən öncə ilk növbədə, Azərbaycanın işğal olunmuş ərazilərində törədilən soyqırım əməllərinə cavab verilməlidir. Təbii ki, buna görə Ermənistanın hal-hazırda siyasi rejimində təmsil olunan şəxslər məsuliyyət daşıyırlar. Bildiyiniz kimi, işğalçı ölkə tərəfindən Xocalı soyqırımı törədilib. Bununla belə, işğal olunmuş ərazilərdə və Ermənistanın öz ərazisində yaşayan köklü Azərbaycan xalqına qarşı soyqırımı siyasəti və cinayət əməlləri həyata keçirilib. Rəsmi İrəvan bu əməllərinə görə beynəlxalq hüquq əsasında cavab verməlidir və buna görə də məsuliyyət daşıyır".XİN sözçüsü rəsmi Bakının bundan sonra atacağı addımlara da aydınlıq gətirərək deyib ki, hələTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakıda olarkən Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı keçirmişdi: "Həmin mətbuat konfransı zamanı səsləndirilən fikirlərdən biri də o oldu ki, Azərbaycan və Türkiyə koordinasiya olunmuş şəkildə tədbirlər həyata keçirəcəklər. Bu, hər iki ölkənin XİN-inə, diaspor təşkilatlarına və digər dövlət qurumlarına aiddir. Azərbaycan tərəfindən də ilk növbədə erməni saxtakarlığı və tarixin saxtalaşdırılmasından irəli gələn faktlar daimi əsasda araşdırılır. Beləcə, onlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Təbii ki, bundan sonra da koordinasiya olunmuş fəaliyyət həyata keçiriləcək".
sia.az