Avropa Parlamentinin anti-Azərbaycan və neoerməni canfəşanlığının pərdəarxası məqamları kifayət qədərdir
Əslində, Avropa Parlamentinin (AP) davamlı şəkildə anti-Azərbaycan münasibəti sərgiləməsi və bu müstəvi istiqamətində, yəni birtərəfli qaydada erməniçilik amilinə önəm verməsi ilkin hadisə deyil. Belə ki, AP-nin daha öncələr istər seçki, istərsə də ölkəmizdə baş tutacaq müxtəlif mühüm tədbirlər ərəfəsində birbaşa Azərbaycan hakimiyyətinə qarşı böhtanlı qətnamələr çıxarması, ya da qərəzli bəyanatlar səsləndirməsi ölkəmizin ictimai rəyinə kifayət qədər məlumdur. Bu baxımdan, adıçəkilən Avropa qurumunun bu dəfə "siyasi məhbus" kontekstindən çıxış edərək, yaxud ölkəmizin qanunlarını pozaraq, dövlətçilik əleyhinə iş apardıqlarına görə həbs edilmiş tərəflərin müdafiəsinə qalxması növbəti neoerməni (ermənipərəstlik) amilinin təsdiqidir. Çünki bu məsələyə də kifayət qədər sübut göstərmək mümkündür. Ən azından, AP-nin qondarma "erməni soyqırımı"nı tanımasını bu quruma qarşı iddia kimi önə sürmək olar. Ona görə də istər Leyla və Arif Yunusların, istər Xədicə İsmayılın, istər İntiqam Əliyevin, istər Rauf Mirqədirovun, istərsə də Rəsul Cəfərovun və s. dövləti cinayət törətmiş şəxslərin "müdafiəsinə" qalxıb, Azərbaycan hakimiyyətinə qarşı ittihamların irəli sürülməsi güclü və pullu erməni lobbisinin verdiyi növbəti siyasi sifarişin nəticəsidir. Fakt budur ki, adları çəkilən fərdlər xarici xüsusi xidmət orqanları və erməni kəşfiyyatı ilə iş birliyində ittiham olunmaları ilə yanaşı, eyni zamanda vergi, maliyyə fırıldaqçılıqları ilə də ittiham olunurlar. Ortada isə danılmaz faktlar, sübutlar, dəlillər mövcuddur. Belə olan bir məqamda AP-nin Azərbaycan iqtidarına qarşı hər hansı bəyanatlar səsləndirməsi heç də həmin qurumun səmimiyyətindən irəli gələn hal deyil. Bu, bilavasitə erməni lobbisinin, siyasi korrupsiyaya bulaşmış anti-Azərbaycan dairələri vasitəsilə ölkəmizə qarşı atılan növbəti düşmənçilik addımıdır.
Maraqlıdır, Avropa Paramentində erməni havası ilə siyasi oyunbazlıqlar göstərən parlamentarilər bu suallara necə cavab verərdilər?!
Mövzuya daha əhatəli şəkildə yanaşmamışdan öncə isə Avropa Parlamentində canfəşanlıq edən parlamentarilərə belə bir sual ünvanlamaq lazımdır: Əgər sizin ölkənizdə hər hansı bir ictimaiyyətçi, siyasətçi dövlət əleyhinə çıxış edərək, dövlət maraqlarını düşmən tərəfinə satarsa, siz həmin adam(lar)a qarşı hansı münasibət göstərərdiniz?! Belə şəxslərin azadlıqda qalaraq, öz dövlətinizin maraqlarını arzuolunmaz tərəflərə satmalarına gözmü yumacağıydınız?! Yoxsa onları da "siyasi məhbus", "vicdan məhbusu" kimi qondarma adlarla bəzəyib, öz ölkənizdə söz və toplaşmaq azadlığının pozulduğunu iddia edərdiniz?! Axı bildiyimiz faktlara əsaslanaraq biz də deyə bilərik ki, bu gün ermənipərəstlik xəstəliyinə bulaşaraq, Azərbaycan dövlətinə və hökumətinə qarşı aşkar düşmən mövqeti sərgiləyən avropalı "başbilənlərin" özlərinin ölkələrində demokratiyanın boğulması, insan haqlarının pozulması, jurnalist həbsləri, media və s. sahələrdə korrupsiyaları olub, indi də qalmaqdadır! Çox maraqlıdır, Avropa Parlamentində erməni havası ilə siyasi oyunbazlıqlar göstərən parlamentarilər bu suallara necə cavab verərdilər?! Bizcə, həmin suallara doğru, qərəzsiz cavab vermək üçün normal insani təfəkkürə, tərəfsiz, səmimi diplomatik faktorlara sahib olmaq gərəkdir. Ancaq ən minimal qədər olsa belə, Avropa Parlamentində fəaliyyət göstərən avropalı "başbilənlərdə" bu kimi üstün cəhətlər ümumiyyətlə yoxdur.
Bu gün AP-də oturararaq, islamofob, ikili standartlıq hisslərini mandatları sayəsində büruzə verən avroparlamentarilərin əsas "ələkçiyə qılverənləri" arasında Əli Kərimli, Cəmil Həsənli kimiləri də var ki, onlar da erməni aşnalarının sayəsində erməniyə işləyən, işlədilən Vətən xainlərini "müdafiə" edib, bunun müqabilində mənfəətlərini, maliyyələrini artırmaqla məşğuldurlar.
Əli Həsənov: "Biz real həqiqətləri həm özümüz bilirik, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün kifayət qədər imkanlara malikik"
AP-nin bu yöndəki münasibətinə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun səsləndirdiyi bəyanatı xatırlamaq olar. O, sözügedən məsələyə öz münasibətində bildirib ki, bu gün Azərbaycanda insan hüquqlarının, demokratiyanın, söz, məlumat, sərbəst toplaşmaq azadlığının durumu heç bir dünya ölkəsindən geri qalmır: "Bu gün Qərbdə antiislam, antitürk meyilləri, ikili standartlar siyasəti hökm sürür. Bütün bunlar Avropa siyasətçilərinin, beynəlxalq qurumların, həmçinin ayrı-ayrı hüquq-müdafiə təşkilatlarının fəaliyyətində də özünü açıq büruzə verir".
Cənab Əli Həsənov burada çox önəmli mahiyyətə vararaq daha bir faktora da toxunub. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan hər hansı bir möhtəşəm hadisə – istər siyasi, istər iqtisadi, yaxud da mədəniyyət, idman hadisəsi istiqamətində beynəlxalq tədbirlər ərəfəsində olarkən, dərhal avropalı və yerli "başbilənlərin" yadına "siyasi" və "vicdan" məhbusları düşür. Ancaq hər dəfə qarşı tərəfin bu addımları puç olur. Əli Həsənov da məhz həmin nüansı təhlil edərək bildirib ki, bu gün Azərbaycan iqtidarının apardığı müstəqil siyasi xətt, inkişaf və tərəqqi faktorunu nəhəng xalq kütləsi dəstəkləyir. Ona görə də Qərbə aid olan ermənipərəst beynəlxalq təşkilatların bu cür siyasi oyunbazlıqları mövsümi xarakter daşıyır: "Xalqımız başa düşür ki, ölkəmizlə bağlı formalaşdırılmağa çalışan rəyin, səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Bunlar, sadəcə olaraq, Azərbaycan dövlətinin uğurlarının, həmçinin bizim dünyaya nümayiş etdirmək istədiyimiz dəyərlərimizin effektivliyini azaltmaq məqsədi daşıyır. Əminəm ki, belə cəhdlər heç bir nəticə verməyəcək. Biz real həqiqətləri həm özümüz bilirik, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün kifayət qədər imkanlara malikik. Azərbaycan 20 ildə dünyanın gözü qarşısında uğurlu inkişaf yolu keçib. Azərbaycanın dünya mədəniyyətinə, siyasətinə, iqtisadiyyatına verdiyi töhfələr göz qarşısındadır. Bunu heç kim inkar edə bilməz. Eyni zamanda heç kim Azərbaycanda olmayan nöqsanları bizim ayağımıza yaza bilməz. Azərbaycanda bütün hüquqlar, bütün azadlıqlar təmin olunub. Bu cür qarayaxma kampaniyaları heç bir effekt verməyəcək".
Azərbaycana qarşı yönəlmiş qərəzlər üçbucaq fiquru alıb
Göründüyü kimi, bu günlərdə Rəsul Cəfərovla bağlı məhkəmə işinin yekunlaşması və onun törətdiyi cinayət əməllərinə görə 6 il 6 ay cəza almasından sonra ortaya düşən avroparlamentarilərin erməni lobbisinin onlara xərclədikləri pullardan həvəsə gəlib hər hansı fikir bildirmələri məhz Azərbaycanın Avropa Oyunları ərəfəsindəki imicinə kölgə salmaqdan ibarətdir. Yəni bütün qərəzlər bir-birinə zəncirvari şəkildə bağlıdır. Daha dəqiq desək, Azərbaycana qarşı yönəlmiş qərəzlər üçbucaq fiquru alıb:
Birinci bucaq Azərbaycana qarşı kifayət qədər pul xərcləyən erməni lobbisi;
İkinci bucaq erməni lobbisinin xərclədiyi pulları yeyərək, Azərbaycan əleyhinə böhtan xarakterli bəyanatlar, qətnamələr irəli sürən Avropa Parlamenti və həmin qurumla əlbir olan bir sıra beynəlxalq Qərb təşkilatları;
Üçüncü bucaq hər iki tərəfə özlərinə, erməni lobbisinə və Qərbə sərf edən donoslar ötürüb, bunun sayəsində gəlirlər əldə edən radikal müxalifət dairələri və siyasiləşmiş QHT-lər.
Sadə bir sübut. Bu gün dağıdıcılıq və radikalizm prinsipi üzərində milli-dövlətçilik maraqlarımız əleyhinə çıxış edən fiqurlardan biri AXCP sədri Əli Kərimlidir. Məhz onun və ətrafının, eləcə də nəzarət etdiyi mətbu orqanın ("Azadlıq" qəzeti və saytı) davamlı və açıq şəkildə düşmən Ermənistanın Azərbaycan əleyhinə etdiyi çıxışlarından fərqlənməyən fikirlər səsləndirməsi göz qabağındadır. Məsələn, əgər bu gün AXCP sədrinin təlimatları və planlaması ilə üzə çıxan "Azadlıq" hər hansı bir iftira yazırsa, həmin yazını bir neçə dəqiqədən sonra Ermənistan saytlarında, uzağı isə səhəri gün Ermənistan mətbuatında görmək mümkündür. Deyə bilərik ki, Əli Kərimli erməni həmkarları ilə müştərək fəaliyyət göstərir və bunun üçün məvacib də alır. Belə olan halda, hansı Vətənini və dövlətini sevən kəs Əli Kərimlinin səmimiyyətinə inana bilər? Söz yox ki, yalnız AXCP sədrinin özü və ətrafı xəyanət addımlarından yararlanır, erməni lobbisinin onlara etdiyi dayılığından faydalanırlar. Əbəs yerə deyil ki, hələ bir neçə il öncə, Azərbaycanda Avroviziya mahnı yarışı təşkil olunarkən, ermənilərə xüsusi simpatiya bəsləyən Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusun Azərbaycan dövləti əleyhinə çıxışlar etdiyi ərəfədə onun yanında olanlardan bir nəfəri də məhz Rəsul Cəfərov olmuşdu. Belə ki, Avroviziya yarışması keçirilən ərəfədə Rəsul bəy "Demokratiya üçün oxu" kampaniyasını təşkil edərək, Azərbaycana təşrif buyurmuş xarici ölkə jurnalistlərində ölkəmiz haqqında yanlış rəy formalaşdıraraq, birbaşa erməni dəyirmanına su tökmüşdü. Məhz həmin ərəfədə erməni lobbisinin himayəsi ilə işıq üzü görən bir sıra Qərb mətbuatı anti-Azərbaycan xarakterli məqalələr dərc edir, bu gün Avropa Parlamentində məlum bəyanatları səsləndirən həmin "başbilənlər" o vaxtda da bənzər mövqelərini sərgiləmişdilər.
Əli Kərimlinin bu gün söylədiyi hər bir ifadə, sabah erməni mətbuatının manşetlərinə çıxarılır
Hazırda onun və onun kimi digər sapı özümüzdən olan baltaların müdafiəçisinə çevrilən Əli Kərimli də bu qəbildəndir. Hər gün "facebook"dakı şəxsi səhifəsində bənzər kommentlər yazan AXCP sədrinin bu ifadələri sabahısı "Azadlıq" qəzetində və erməni mətbuatının manşetlərində işıq üzü görür. Bütün bunların isə yalnız və yalnız bir adı var – XƏYANƏT! Xəyanətkarlar isə əsla bağışlanmır. O ki qala Vətəninə, milli dövlətçilik maraqlarına qarşı xəyanət edənlərə isə xüsusilə…!
Beləliklə, nəticə olaraq həm də bu cür qənaətə gələ bilərik - heç bir qərəz, heç bir şər, böhtan və şantaj, eləcə də təzyiq dili müstəqil, azad, demokratik Azərbaycanı inkilşaf, tərəqqi yolundan döndərə bilməyəcək. Çünki Ana Yasamızda – Konstitusiyamızada da vurğulanıb ki, hakimiyyətin mənbəyi xalqdır. Bəli, məhz xalq bu dövlətin, bu iqtidarın ölkə üçün etdiyi nəhəng işləri dəstəkləyir, bundan sonra da dəstəkləyəcək. Ona görə də nə erməni lobbisi, nə həmin lobbiyə nökərçilik edən Avropa Parlamenti, nə bir sıra qərəzli beynəlxaq qurumlar və sapı özümüzdən olan baltalar Ana Yasamızın həmin müddəasına xələl gətirə bilməyəcəklər. Çünki Azərbaycanda xalq-iqtidar və iqtidar-xalq kimi sarsılmaz bağ mövcuddur. Bu mükəmməl və möhkəm faktor isə Azərbaycanı istəməyən qüvvələri daim məğlub edəcək. Yaxın zamanlarda biz növbəti dəfə bunun şahidi olacağıq!
Rövşən NURƏDDİNOĞLU