Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) və AMEA-nın Tarix İnstitutunun birgə təşkilatçılığı ilə "Uydurma "1915-ci il erməni soyqırımı"ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, millət vəkilləri, ziyalılar, fəal gənclər və KİV nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan YAP İcra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, emənilər tarixdən ibrət götürmürlər: "Ümummilli Lider Heydər Əliyevin verdiyi fərmana əsasən ölkəmizdə erməni yalanları ilə əlaqədar mütəmadi tədbirlər keçirilir. Ermənilərin şər, yalan üzərində dayandığı dəfələrlə sübut edilib. Biz bu konfransda sözügedən mövzu ətrafında geniş müzakirələr aparacağıq". AMEA-nın aparıcı elmi işçisi Vasif Qafarov deyib ki, bu gün dünya tarixi həqiqətə söykənməyən qondarma erməni yalanlarının araxasınca gedir: "Almaniya Parlamentinin, Roma Papasının uydurma erməni soyqırımına dəstək nümayiş etdirməsi onu göstərir ki, bu cinayətlərdə onların da əli var. Biz həmişə haqq işi üzərində mübarizə aparmışıq. Üçrəngli bayrağımız tezliklə işğal olunmuş ərazilərdə dalğalanacaq. Həmin an çox uzaqda deyil. 1918-ci il mart ayında azərbaycanlılara qarşı baş verən soyqırımda Bakıda 12 min türk-müsəlman məhv edilib, o dövrün qiymətləri ilə 1,2 milyard rubl ziyan dəyib. Şamaxı qəzasının 110 kəndinin 105-i tamamilə yandırılıb, 22 min 995 nəfər məhv edilib. Bundan başqa Şərur, Sədərək, Dərələyəz qəzalarında 18 min 300 insan qətlə yetirilib. Ümumilikdə mart soyqırımında 124 min 236 türk-müsəlman əhali soyqırıma məruz qalıb. İndiki qiymətlərlə əhaliyə 371 milyard manat ziyan dəyib". Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan diqqətə çatdırıb ki, çox təəssüf ki, müasir dövrdə bir çox dövlət adamları, hərbçilər və siyasətçilər tarixi hadisələrə qiymət verməyə, insanların keçmişdə olanlar haqqında fikirlərini yönləndirməyə çalışırlar: "Amma onlar unutmamalıdırlar ki, tarixi hadisələrin baş verdiyi əraziləri yox etmək mümkün deyil. Tarixi düzgün yazmaq elm adamlarının üzərinə düşən vəzifədir".O, qeyd edib ki, Türkiyənin Anadolu ərazisində, Azərbaycan torpaqlarında böyük qırğınlar, dağıntılar və soyqırımlar törədilib: "Biz Qubadakı kütləvi məzarlıqda burada törədilən soyqırımının sübutlarını görürük. Ümid edirəm ki, insanlıq bu faciələrdən dərs götürəcək və bundan sonra bu kimi hadisələrin baş verməməsi üçün əlindən gələni edəcək".Hazırda konfrans davam edir.
sia.az