PDF Oxu

Siyasət

  • 11

Prezidentlərin növbəti görüşü keçirilə bilər

Prezidentlərin növbəti görüşü keçirilə bilər

Elşad Mirbəşiroğlu: "Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunması ümidləri müsbət nəticələrə artırır "

Rusiya KİV-lərinin iddialarına görə mayın 9-da Moskvada keçiriləcək paradda Vladimir Putinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçiriləcək. Fransa prezidenti Fransua Ollandın ardınca Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr qurması problemə həmsədr ölkələr tərəfindən böyük diqqət ayrıldığını göstərir.

Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, mayın 9-da Moskvada keçiriləcək paradda Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunması müsbət nəticələrə ümidləri artırır: "Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin konstruktiv, beynəlxalq hüquq normaları əsasında həlli olunması istiqamətində hər zaman prinsipiallıq nümayiş etdirib. Amma Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllinə destruktiv prizmadan yanaşıb və istənilən vasitə ilə münaqişəsinin həllində status-kvonun saxlanılmasına çalışıb. Bir sözlə, Ermənistan işğalçılıq siyasətini yeritməkdə israrlı görünür. Ermənistan prezidenti də özünü ölkəsinin işğalçılıq siyasətinə müvafiq formada aparır. Bu baxımdan, hesab edirəm ki, bu görüş zamanı yenə də Ermənistan prezidentinin məsələyə qeyri-konstruktiv yanaşması üzündən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı real nəticə əldə olunmaya bilər. Əgər Rusiya prezidenti öz nüfuzunun və reytinqinin qayğısına qalaraq Ermənistan prezidentini daha konustruktiv mövqe nümayiş etdirməyə məcbur edərsə, ciddi nəticə əldə oluna bilər. Çünki Rusiyanın Ermənistana kifayət qədər təsir rıçaqları var".

"Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri Moskvada keçiriləcək paradda Rusiya Silahlı Qüvvələri ilə birgə iştirak edəcəklər. Bu, hansı məna daşıyır" sualını cavablandıran E.Mirbəşiroğlu bildirdi ki, bu məsələyə bir neçə prizmadan yanaşmaq olar: "Birincisi, Böyük Vətən müharibəsində qələbədə Azərbaycanın kifayət qədər böyük payı vardı. Düşünürəm ki, Azərbaycan hərbçilərinin bu parad nümayişində iştirak etməsinə haqları vardır. Bu da onun göstəricisidir ki, Azərbaycan müharibədə qələbə qazanılmasına çox böyük töhfə vermişdir. Digər tərəfdən isə, bunu Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın daha da güclənməsinin bir göstərişi kimi qəbul etmək lazımdır. Azərbaycanla Rusiya arasında münasibətlər kifayət qədər konstruktiv inkişaf etməkdədir. Bir sözlə, Azərbaycan hərbçilərinin Moskvada keçiriləcək paradda iştirak etmələri Azərbaycan-Rusiya münasibətlərinin daha da istiləşməsinə səbəb olacaqdır".

GÜLYANƏ

Digər xəbərlər