Dünən YAP Binəqədi rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilati dəstəyi ilə reallaşan "Şəhidlərimiz xatirələrdə" adlı layihənin bağlanış tədbiri və eyniadlı kitabın təqdimetmə mərsimi keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Mahmud Məmmədzadə bildirdi ki, qeyd olunan layihənin rəhbəri YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Kubra Əliyarlının "Şəhidlərimiz xatirələrdə" kitabı torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinə həsr olunub. O, qeyd etdi ki, şəhid ailələrinin xatirələri əsasında qələmə alınan kitabda Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi yolunda fədakarlıq göstərən, torpaq uğrunda həlak olan ərən oğulların keçdiyi şanlı mübarizə yolu işıqlandırılıb.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Kubra Əliyarlı bir neçə müddətdir ki, vətən yolunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsinə həsr olunmuş kitabı ərsəyə gətirmək haqqında düşündüyünü bildirdi. O, qeyd etdi ki, müxtəlif dövrlərdə müstəmləkəçiliyə, işğala, soyqırımına və s. faciələrə məruz qalan xalqımızın çoxsaylı itkiləri olub və bütün hallarda xalqımızın oğulları qəhrəmanlığını, vətəninə sədaqətini sübut ediblər. "Bu gün ölkəmiz müstəqildir, azaddır və firavandır", - deyən K.Əliyarlı bu azadlıq və firavanlığın şəhid, mərd oğulların qəhrəmanlığı bahasına başa gəldiyin vurğuladı:"Bu gün Azərbaycan dünyanın inkişaf edən ölkəsidirsə və bu inkişaf göstəriciləri ilə dünyanın diqqətini cəlb edə bilirsə, təbii ki, bütün bunlar qəhrəman oğul və qızlarımızın canlarını qurban verərək qazandığımız müstəqilliyimizin və bu gün ölkəmizdə həyata keçirilən düzgün, məqsədyönlü siyasətin nəticəsidir".
Şəhidlərimizi tanımaq, öz milli kimliyimizi dərk etmək, onları ehtiramla yad etmək, ictimaiyyətə daha geniş tanıtmağın onun üçün şərəf olduğunu bildirən K.Əliyarlı torpaqlarımızın tez bir zamanda işğaldan qurtulması və bundan sonra yazılacaq kitabların Qarabağımızın azadlığına, orada zəfər çalacaq qəhrəmanlarımıza həsr olunması arzusunda olduğunu bildirdi.
Tədbirdə çıxış edən şəhid Nüsrət İsmayılovun qızı Reyhan İsmayılova atası ilə bağlı xatirələrini danışaraq, bildirdi ki, şəhid qızı olduğundan böyük qürur hissi keçirsə də, atası haqqında danışmaq bir o qədər çətindir. Nüsrət İsmayılovun nəvəsi Aysu İmamquliyeva "Mən şəhid nəvəsiyəm" adlı şeirini ifa etdi.
Tədbirdə şəhid Rövşən İmanovun anası Səkinə Dadaşova və başqaları çıxış edərək, dövlətimizin şəhid oğul və qızlarına göstərdiyi diqqəti vurğulayaraq qeyd etdilər ki, bu kitabın şəhidlərimizə həsr olunması vətənin igid oğullarına olan diqqətin daha bir bariz nümunəsidir. Kitabın ərsəyə gəlməsində əməyi olan olan hər kəsə minnətdarlıqlarını bildirdilər.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov şəhidlərin ruhuna ehtiramını bildirərək, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda şəhid olanlar qarşısında hər kəsin mənən borclu olduğunu bildirdi. R.Göyüşov qeyd etdi ki, rayon təşkilatında şəhidlərlə bağlı silsilə tədbirlər keçirilir. Rayon ərazisində şəhidlərin parkı salınıb.
O, bu gün ictimaiyyətə təqdim olunan kitabın mahiyyətinə nəzər salaraq, əhəmiyyətini vurğuladı və şəhid ailələrinin dilindin söylənilən xatirələrdəki qəhrəmanlıq və şücaət yolunun yetişən nəsil üçün bir örnək olduğunu diqqətə çatdırdı.
O, qeyd ki, bu gün Azərbaycanın 20 faiz torpağı işğal altındadır və o zaman şəhidlərimizin ruhu şad olar ki, torpaqlarımız düşmən tapdağından azad olunsun.
ZÜMRÜD BAYRAMOVA