Dünən Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) İcraiyyə Şurasının 36-cı iclası işini başa vurub. "JW Marriott Absheron" otelində gerçəkləşən ikigünlük iclasın yekun hesabatı qəbul olunub.
Bağlanış mərasimində çıxış edən İSESCO İcraiyyə Şurasının sədri Bubəkr Dokurə İcraiyyə Şurasının 36-cı iclasının işini yüksək qiymətləndirib. Tədbirin böyük mədəniyyətə malik islam ölkələri arasında elm, təhsil və mədəni əlaqələrin güclənməsinə dəyərli töhfələr verəcəyinə ümidvar olduğunu bildirib. Bəşəriyyətin inkişafında dünya birliyi ilə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
İSESCO İcraiyyə Şurasının sədri qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycanda olmaqdan qürur duyduğunu diqqətə çatdırıb. O, İcraiyyə Şurasının 36-cı iclasının yüksək səviyyədə keçirilməsinə və göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, bütün Azərbaycan xalqına öz minnətdarlığını bildirib.
Daha sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESCO İcraiyyə Şurasının 36-cı iclası çərçivəsində elm, təhsil, mədəni əməkdaşlıq, bu sahələrdə ölkələrimizin inkişaf istiqamətlərini təmin edəcək müzakirələrin aparıldığını bildirib: "İslam ölkələri arasında əlaqələrin daha da gücləndirilməsi və qarşılıqlı münasibətlərin dərinləşməsi olduqca vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev bu əlaqələrin inkişafına daima öz dəstəyini göstərir. Təşkilatla münasibətlər Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın İSESCO-nun xoşməramlı səfiri adına layiq görülməsindən sonra daha da uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən yüksək səviyyədədir".
Əbülfəs Qarayev vurğulayıb ki, İSESCO İcraiyyə Şurasının 36-cı iclasının Bakıda keçirilməsi müxtəlif ölkələrdən gələn qonaqların Azərbaycanla daha yaxından tanış olması üçün də mühüm bir imkandır. O, qonaqlara ölkəmizin mədəniyyəti, tarixi və müasir inkişafını təqdim etmək məqsədilə mədəni proqramın təşkil olunduğunu, iştirakçıların muzeylər, teatrlar, həmçinin Heydər Əliyev Mərkəzi və Qafqazın ən böyük məscidi olan Heydər məscidi ilə tanış olacaqlarını diqqətə çatdırıb.
Nazir Bakıda İSESCO-nun 12-ci Baş Konfransının da yüksək səviyyədə keçirilməsi üçün böyü hazırlıq işlərinin görüldüyünü deyib. İclasa qatılan hər bir qonağa minnətdarlığını bildirən Əbülfəs Qarayev hər kəsin Azərbaycanda özünü öz vətənindəki kimi rahat hiss etdiyinə ümidvar olduğunu vurğulayıb.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Azərbaycanda keçirilən iclası məhsuldar və əməkdaşlığın inkişafında irəliyə atılmış addım kimi qiymətləndirib. Qeyd edib ki, İSESCO Baş Konfransının Azərbaycanda təşkil olunması təşkilatla gözəl əməkdaşlığın göstəricisidir: "İcraiyyə Şurasının iclası üç illik fəaliyyətin yekunu və 2016-2018-ci illər üçün yeni tədbirlər planın hazırlanmasına öz töhfələrini verdi. Biz artıq yeni mərhələnin başlanğıcındayıq. Anlayırıq ki, vəzifələrimiz və məsuliyyətimiz böyükdür. İslam ümmətinə xidmət edərək təhsil məsələlərini gücləndirməli, elmi tədqiqatları genişləndirib öz ölkələrimizin inkişafına nail olmalıyıq".
İclasın yüksək səviyyədə keçdiyini vurğulayan baş direktor Azərbaycan xalqına və hökumətinə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, İSESCO-nun Bakıda keçirilən İcraiyyə Şurasının iclasına və Baş Konfransa 59 ölkədən nümayəndə qatılıb. Qurumun Baş Konfransının 12-ci sessiyası noyabrın 26-da işə başlayacaq.
ZÜMRÜD