İlham Əliyev: "Biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq"
Tarixə nəzər salsaq görərik ki, hər iki dövlət- Azərbaycan və Türkiyə çətin anlarda bir-birilərinə dəstək və əsl qardaşlıq nümayiş etdirmişlər. Hər iki dövlətin dostluq və qardaşlıq münasibətlərinin əsasında xalqların birliyi amili dayanır. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqil elan olunandan az müddət sonra, noyabrın 9-da ölkəmizin müstəqilliyini tanıyan ilk dövlət məhz Türkiyə oldu. İki dövlət arasındakı qardaşlıq və dostluq bu gün də şaqraq xətt üzrə inkişaf etməkdədir. Azərbaycan həmişə, ən çətin anlarda da Türkiyənin yanında olmuş, ona öz səmimi və əməli dəstəyini ifadə etmişdir. Son iki ayda qardaş Türkiyədə iki dəfə terror hadisəsi baş vermiş, nəticədə, onlarla insan öldürülmüş, yüzlərlə insan isə yaralanmışdır. Şübhəsiz ki, mənfur qüvvələrin Türkiyədə həyata keçirdiyi terror olayı Azərbaycan xalqını da dərindən sarsıtmışdır. Türkiyəyə rəsmi səfəri zamanı Prezident İlham Əliyev terror aktını qətiyyətlə pisləmiş və Azərbaycanın türk xalqının yanında olduğunu bəyan etmişdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq: "Bu dəhşətli terror aktını qətiyyətlə pisləyirik, qınayırıq və bir daha deyirik ki, biz bu gün türk xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı günlərdə də, ağır günlərdə də biz daim bir-birimizin yanındayıq. Biz Azərbaycanda, tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda, türk xalqının iradəsinə təsir edə və Türkiyəni haqq yolundan döndərə bilməz. İyirmi beş ildir ki, Türkiyə və Azərbaycan birlik, həmrəylik göstərir. İyirmi beş il bundan əvvəl Azərbaycan dövlət müstəqilliyini bərpa etdi və bizi ilk tanıyan dövlət Türkiyə olmuşdur. Biz bunu heç vaxt unutmayacağıq. Bu, əslində, başqa ölkələrə də bir tövsiyə idi və ondan sonra Azərbaycanı müstəqil dövlət kimi tanıma prosesi sürətlə getməyə başlamışdır. Bu illər ərzində biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığıdır. Bu, əsas məsələdir və biz dostluğumuzun, qardaşlığımızın möhtəşəm binasını bu təməl üzərində inşa edirik".
Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı həm də iki dövlət arasında mühüm sənədlər də imzalanmışdır. Bütün sahələr üzrə uğurla əməkdaşlıq edən Azərbaycan və Türkiyə arasındakı münasibətlər bundan sonra daha da genişlənəcəkdir. İki ölkə arasında ticarət dövriyyəsinin, qarşılıqlı sərmayə qoyuluşunun daha yüksək səviyyəyə qaldırılması nəzərdə tutulur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanatla çıxış edərək bildirmişdir ki, 25 il ərzində Azərbaycanın çatdığı səviyyəni, nail olduğu uğurları türkiyəli qardaşları olaraq daim təqdir etdik və təqdir edirik: "Burada Azərbaycanın müstəqilliyinin həqiqi memarı mərhum Heydər Əliyevi bir daha rəhmətlə yad edirəm. Onun qoyub getdiyi mirasa əziz qardaşım İlham Əliyev böyük müvəffəqiyyətlə sahib çıxdı və sahib çıxır. Bugünkü iclasımızın, keçirdiyimiz görüşlərin, qəbul etdiyimiz qərarların Azərbaycanın bu sürətli inkişafına dəstək olacağına inanıram".
Azərbaycanın ən ağrılı probleminin- Qarabağ münaqişəsinin həlli istiqamətində də Türkiyə daim dövlətimizin yanında olmuş, dəstək nümayiş etdirmişdir. Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarı olmuşdur. Azərbaycan və Türkiyə hərbi-texniki sahədə əməkdaşlığı daha da dərinləşdirir. Azərbaycan və Türkiyə enerji sahəsində də yaxından əməkdaşlıq edirlər. 2012-ci ildə TANAP layihəsinin tikintisi barədə qərar qəbul edilmiş və bununla da "Cənub Qaz Dəhlizi"nin əsası qoyulmuşdur. Eyni zamanda, nəqliyyat sahəsində Azərbaycan və Türkiyənin birgə icra etdikləri layihə - "Şərq-Qərb nəqliyyat dəhlizi" layihəsi qitələri birləşdirir və hər iki ölkənin inkişafı üçün yeni perspektivlər açır. Bu, bir faktdır ki, Azərbaycan və Türkiyə həm də bölgədə və dünyada mədəniyyətlərarası dialoqun, dinlər və məzhəblərarası sülhün dərinləşməsinə birgə töhfələr verir, islamofobiyaya qarşı birgə mübarizə aparırlar.
Samir