"Biz keçirmək istədiyimiz Qurultaya Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaları dəvət etmək niyyətindəyik.Gəlib-gəlməmək artıq onların verəcəyi qərardır". Bu fikirləri SİA-ya Müsavatın keçmiş Divan üzvü, "Ağ Blok"un təsisçisi Tural Abbaslı deyib.O bildirib ki, hələlik nə hansısa bir partiyaya, nə də ki konkret şəxslərə dəvət göndərilməyib: "Yəqin ki, bu dəvətlər Qurultay ərəfəsində olacaq. Biz bütün siyasi partiyalarla normal münasibətlərin qurulmasının tərəfdarıyıq. Siyasi rəqabəti şəxsi düşmənçiliyə çevirmək ziyanlı və lazımsızdır"."Arif Hacılının "Yeni Müsavat" qəzetindəki dostları vasitəsilə sizə qarşı anti-təbliğat kampaniyası aparacağından narahat deyilsiniz?" sualına isə Tural Abbaslı belə bir şeyin olacağına qətiyyən inanmadığını deyib: "Mən buna bir neçə səbəbdən inanmıram. Əvvala deyim ki, mənim "Yeni Müsavat" qəzetinin bütün kollektivi ilə, xüsusən də baş redaktor Rauf Arifoğluyla yaxın dostluq münasibətlərimiz var. Onlar hər mərhələdə media olaraq bizi dəstəkləyən qurumlardan olublar və mən də bu dostluğu yüksək qiymətləndirirəm. İkincisi də mənə qarşı nəinki Müsavat Partiyasının hazırkı rəhbərliyinin, ümumiyyətlə heç kimin əlində kompramat filan yoxdur ki, əleyhimə təbliğat aparsınlar.Həm də nəzərə alsaq ki, Arif Hacılı sədr seçiləndən sonra partiyanın bütün dostlarını partiyadan küsdürüb, o zaman görərik ki, bizə qarşı kampaniya aparası gücləri belə yoxdur. Düşünürəm ki, "Yeni Müsavat" qəzeti də partiyanın yanlış siyasəti nəticəsində itirdiyi dostlar sırasındadır".
sia.az