"Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Müsavat arasındakı münasibətlərin köklü səbəbləri var. Bu mənada Tofiq Yaqublunun iki partiya arasındakı buzu əritməyə çalışması yaxşı istəkdir. Amma mən bunun gerçəkləşdirilməsinə inamla yanaşmıram". Bunu SİA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov deyib.Onun sözlərinə görə, burada söhbət şəxsi münasibətlərin korlanmasından deyil, əksinə siyasi baxışlardan, inamsızlıqdan qaynaqlanan problemlərdən gedir: "O baxımdan da güman etmirəm ki, Tofiq Yaqublunun bu xoş məramı uğurla alınacaq. T.Yaqublu bu təşəbbüsü reallaşdırmaqla çalışır ki, müxalifətin birləşməsində, insteqrasiya prosesində hansısa fəaliyyəti olsun. Bu gün Azərbaycan müxalifəti həqiqətən də çox pərakəndə haldadır. Bu problem tək AXCP Müsavat arasında yaranan məsələ deyil. Ümumi müxalifət düşərgəsində bir pərakəndəlik var. Amma hər belə təşəbbüs çox təəssüf ki, uğurla nəticələnmir".
sia.az