Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Binəqədi rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Biləcəri seçiciləri ilə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşdə çıxış edən referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Binəqədi rayon şöbəsinin, rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir.Rayon təşkilat sədri qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan ötən dövr ərzində artıq iki dəfə - 2002-ci və 2009-cu illərdə ümumxalq səsverməsi ilə bu ali qanunvericilik sənədinə müəyyən əlavə və dəyişikliklər edilib:"Ölkənin Əsas Qanununda müvafiq dəyişikliklərin edilməsi obyektiv zərurətdən irəli gəlir və Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasına uyğundur. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sosial-siyasi, iqtisadi-hüquqi sahələrdə, o cümlədən, idarəetmədə kompleks islahatları özündə ehtiva edir. Əminliklə söyləmək olar ki, təklif olunan əlavə və dəyişikliklər hüquqlarımızın etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək".Millət vəkili Kamaləddin Qafarov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına olunacaq əlavə və dəyişikliklərin əks olunduğu Referendum Aktı hazırkı dünya siyasətində baş verən hadisələr fonunda ölkəmizin əmin-amanlığının və sabitliyinin daha da möhkəmlənməsinə Azərbaycanın bir dövlət kimi iqtisadi cəhətdən daha da qüdrətlənməsinə təkan verəcək: "Təklif edilən əlavə və dəyişikliklər öz məzmununa və mahiyyətinə görə dövlətin əsaslarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsi və onların hüquqi çərçivəsinin, başqa sözlə desək, əhatə dairəsinin və hüdudlarının müəyyən edilməsi, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilməsi və s. ibarətdir. Əvvəlki iki dəyişiklikdə olduğu kimi, hazırkı dəyişikliklər hazırlanan zaman da qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilib".K. Qafarov qeyd edib ki, dəyişiklik aktında yaş senzinin aradan qaldırılması Azərbaycan dövlətinin öz gəncliyinə inamını ifadə edir. Müstəqilliyimizin 25 illiyində məhz demokratik, hüquqi dövlət quruculuğumuzun möhkəmləndirilməsinə hesablanmış Referendum seçkiləri mütərəqqi hadisədir. O, hər kəsi bu səsvermədə iştirak etməyə, öz vətəndaşlıq mövqeyini nümayiş etdirməyə dəvət etdi.Görüşdə çıxış edən Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov son illər ərzində ölkəmizin bütün sahələrində əldə edilən uğurlara nəzər salaraq, bu uğurların düşünülmüş siyasi strategiyanın nəticəsi olduğunu bildirib. O, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatların, ölkəmizin dünya miqyasında artan nüfuzunun, bütün sahələrdə sürətli tərəqqi və digər çoxsaylı uğurların davamlı olması üçün seçiciləri 26 sentyabrda seçki məntəqələrinə gələrək, əlavə və dəyişikliklərə səs verməyə çağırıb.Görüşun sonunda çıxış edən seçicilər bu il 26 sentyabrda keçiriləcək seçkilərdə daha fəal iştirak edəcəklərini və referenduma "HƏ" deyərək, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşəcəklərini bildiriblər.
sia.az