PDF Oxu

Siyasət

  • 10 651

Azərbaycan dünyada neft və qaz hasil edən ölkə kimi tanınır

image

Prezident İlham Əliyev: “Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır”
Azərbaycan neftin sənaye üsulu ilə hasil edildiyi ilk məkan, mexaniki qazma üsulunun yarandığı yer, ilk dəniz platformasının vətəni və birinci neft boru kəmərinin inşa edildiyi ölkədir. Azərbaycan neft sənayesi böyük inkişaf yolu keçsə də, xalqımız yalnız XX əsrin axırlarında, müstəqillik qazandıqdan sonra bu sərvətdən tam bəhrələnmək imkanı qazanıb.
Bu imkanı isə Ümummilli Lider Heydər Əliyevin dühası reallığa çevirib. Dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanıb. 1846-cı ildə Bakıda “Bibiheybət” yatağında qazılmış quyudan püskürən neft fontanı ölkəmizdə “qara qızıl”ın sənaye üsulu ilə çıxarılmasının əsasını qoyub. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci olub və dünya neft hasilatının yarısını verib. 1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft Daşlarında püskürən fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoyub. Azərbaycan, dünyada ilk dəfə olaraq, açıq dənizdə neft çıxarmağa başlayıb.
1971-ci ildə Azərbaycanda neft hasilatı 1 milyard tona çatdı. Ulu Öndər Heydər Əliyevin iştirakı ilə təntənəli mərasim keçirildi. Ümumiyyətlə, 1970-1980-ci illərdə Dahi Lider Azərbaycanın ümumi inkişafına çox böyük töhfə verdi, o cümlədən, neft sənayesinin inkişafı üçün önəmli addımlar atıldı.
O vaxt Azərbaycan neftçiləri yalnız dənizin dərinliyi 40 metrə qədər olan sahələrində bütün yataqları kəşf etmişdilər. Amma böyük dərinliklərə getmək üçün ölkədə heç bir imkan yox idi. Ulu Öndər Azərbaycana üzən yarımdalma, qazma qurğuları, 400-dən artıq gəmi, həmçinin, kran gəmiləri gətirtdi. “Günəşli” yatağı kəşf olundu. Lakin buradan neft çıxarmaq çətinliklər yaradırdı. Elə buna görə də, Ümummilli Lider Dərin Özüllər Zavodunu inşa etdirdi. 1991-ci ildə Azərbaycanda 11 milyon ton neft hasil edilmişdirsə, onun 6,7 milyon tonu “Günəşli”nin payına düşürdü.
Gəmilərin alınması kəşfiyyat işlərinin miqyasını artırdı.”Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərinlikdəki hissəsi kəşf olundu. Bu yataqlarda iş başlandı və böyük miqyas aldı. Bunun sayəsində ikinci milyard ton neftin 300 milyon tonunu Azərbaycan 1971-ci ildən 1991-ci ilə qədər olan dövrdə hasil etdi.1991-ci ildə müstəqilliyin bərpasından sonra keçən dövr ərzində 700 milyon ton neft hasil olundu. Həmin 700 milyon tonun hasil edilməsində isə xarici şirkətlərin Xəzərdə işə başlamalarnın böyük rolu oldu. Bunu da Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyası təmin etdi.
1994-cü il sentyabrın 20-də Azərbaycanda tarixi hadisə yaşandı. Bakıda “Gülüstan” Sarayında dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoko”, BP, “MacDermott”, “Unocal”, SOCAR, “LUKoyl”, “Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remko”, “Delta”) ilə müqavilə imzalandı. Bu saziş müstəqil Azərbaycanın yeni tarixinin şanlı səhifəsini açdı. Ulu Öndər Azərbaycanı məhvolma təhlükəsindən xilas etməklə bərabər, neft sənayesini də böhran və tənəzzüldən qurtardı. Bununla da, müstəqil dövlətimizin neft strategiyasının və doktrinasının əsası qoyuldu.
1995-ci ilin fevralında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı. 1997-ci il noyabrın əvvəlində isə “Əsrin Müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neft alındı və hasilat başlandı. Bu, Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi. 1998-ci ildə neftimiz Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. “Çıraq” yatağından hasil olunan neftin Supsa limanından ixracı ilə Azərbaycan nefti, ilk dəfə olaraq, iki istiqamət üzrə dünya bazarlarına çıxarılmağa başlandı. 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu və 2006-cı ilin mayında Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı.
Ümummilli Liderin neft strategiyasını dövrün tələblərinə uyğun tərzdə daha da təkmilləşdirən Prezident İlham Əliyev isə, ilk növbədə, neft gəlirlərini insan kapitalına çevirdi. Cənab İlham Əliyevin məqsədyönlü və ardıcıl surətdə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti ölkəmizin siyasi müstəqilliyinin və iqtisadi tərəqqisinin təmin edilməsinə yönəldi. Azərbaycan Prezidentinin dərindən düşünülmüş neft strategiyası nəticəsində, ölkəmiz regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz Nəqliyyat Dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynayan dövlətə, dünyanın əsas neft-qaz ixracatçısına çevrildi.
Bu il sentyabrın 14-də “Əsrin Müqaviləsi”nin 23-cü ildönümünə təsadüf edən tarixi gündə Azərbaycan hökuməti və Dövlət Neft Şirkəti (SOCAR), BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, TP, “Itochu” və “ONGC Videsh” şirkətləri ilə birlikdə “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənilməsi barədə sazişin imzalanması isə Prezident İlham Əliyevin uzaqgörənliyini, Onun siyasi-iqtisadi, kommersiya və digər risklərin dəqiq hesablanmış balanslı və Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxvariantlı iqtisadi strategiyasının əsaslı olduğunu göstərdi.
Bu sazişlə Azərbaycan 3,6 milyard dollar bonus əldə etdi. Dövlət Neft Şirkətinin payı 11 faizdən 25 faizə qaldırıldı. Mənfəət neftinin 75 faizi isə 2050-ci ilə qədər, yəni müqavilənin bütün müddəti ərzində Azərbaycana qalacaq.
Yenilənmiş saziş yalnız Azərbaycan iqtisadiyyatına növbəti böyük sərmayə axınının təmini deyil, həm də ölkənin neft sənayesinin tarixində texnoloji inkişaf və insan nailiyyətləri ilə zəngin olan yeni bir səhifə açmış oldu.
Noyabrın 8-də isə Azərbaycanın qədim neft tarixinə yeni və şanlı səhifə yazıldı. İki milyard ton neftin hasil edilməsi neft sənayesinin inkişafında növbəti zirvə nöqtəsi və yaddaşlarda uzun müddət yaşayacaq şərəfli bir hadisə oldu. Bu münasibətlə Heydər Əliyev Mərkəzində keçirilən təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin həm 1970-1980-ci illərdə, həm də 1990-cı illərdə göstərdiyi xidmətlər bu gün Azərbaycan reallıqlarını təmin edir: “Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında, bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir və yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah və inkişaf, sabitlik və güc gətirir. Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir”.
Vaxtilə xaricdən qaz və elektrik enerjisi alan Azərbaycan indi dünyada əsas neft-qaz ixracatçısı kimi tanınır. Enerji təhlükəsizliyi məsələlərini tam şəkildə təmin edən Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda meqalayihələr reallaşmaqdadır. Sərmayə qoyuluşu 40 milyard dollara bərabər olan “Cənub Qaz Dəhlizi” uğurla icra edilir. “Şahdəniz-2” və Cənubi Qafqaz kəməri demək olar ki, 100 faiz, TANAP 80 faizdən çox icra edilib. “Azəri-Çıraq-Günəşli” yatağı minimum 2050-ci ilə qədər işləyəcək. “Şahdəniz” yatağı isə 100 il bundan sonra da fəaliyyət göstərəcək.

“Səs” Analitik Qrupu

Digər xəbərlər