Azərbaycan Prezidenti İlham Əliyev Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib
Dekabrın 26-da Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəldi.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamladı. Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər. Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü oldu.
Rusiya Prezidenti Vladimir Putin bu görüşün MDB çərçivəsində il ərzində görülən işlərə yekun vurmaq, perspektivdə olan planlar haqqında danışmaq, regional və beynəlxalq əhəmiyyətli aktual məsələləri müzakirə etmək baxımından gözəl imkan olduğunu bildirdi. Vladimir Putin MDB-yə sədrliyi dövründə Rusiyanın səylərinin qurumun beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, birlik orqanlarının işinin səmərəliliyinə yönəldildiyini diqqətə çatdırıb:
“Əsas diqqət malların, xidmətlərin daşınmasında maneələrin aradan qaldırılmasına və gömrük prosedurlarının sadələşdirilməsinə yönəlmişdir. Qeyd edim ki, cari ildə MDB ölkələri arasında əmtəə dövriyyəsində böyük artım qeydə alınıb. Bu ilin 10 ayının yekunlarına görə, bu rəqəm dörddəbir dəfədən çox - 25,7 faiz artıb və demək olar ki, 117 milyard dollara çatıb. Məlumat üçün deyim ki, bütün 2016-cı il ərzində bu göstərici 94 milyard dollar təşkil edib. Təxminən həmin səviyyədə də, yəni, 24 faiz MDB-nin üçüncü ölkələrlə mal dövriyyəsi artıb. Birliyin hüquq-müqavilə bazası möhkəmlənib. İnnovasiyalar, nüvə energetikası, nəqliyyat təhlükəsizliyi sahələrində sazişlər qüvvəyə minib. Saxta məhsulların yayılmasına qarşı, əqli mülkiyyətin qorunması ilə bağlı sənədlər qəbul olunub. Vacib bir saziş - MDB çərçivəsində xidmətlərin azad ticarəti üzrə saziş üzərində iş tamamlanmaqdadır. Birlik ölkələri terrorçuluq, transsərhəd cinayətlər, narkotrafikə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyəti gücləndirirlər. May ayında Tacikistanda MDB xüsusi xidmətlərinin “Düşənbə - antiterror 2017” mövzusunda irimiqyaslı təlimləri keçirilib. Korrupsiyaya, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə üzrə əməkdaşlığın konsepsiyaları işlənib hazırlanıb və bəyənilib.”
Vladimir Putin humanitar sahədə əməkdaşlığın möhkəmləndiyini, gənclər siyasəti, təhsil, səhiyyə, mədəniyyət, idman və turizm sahələrində uğurlu layihələrin reallaşdırıldığını deyib. Rusiya Prezidenti vurğulayıb ki, MDB dövlətləri dünyada beynəlxalq hüquq norma və prinsipləri əsasında ədalətli qlobal dünya nizamının qurulmasını dəstəkləyir və bundan sonra da ölkələrin sabitliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsi naminə birgə çalışacaqlar. Rusiya prezidenti çıxışının sonunda yanvarın 1-dən MDB-yə sədrliyin Tacikistana keçdiyini bəyan etdi.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev MDB ölkələrində sülh və əmin-amanlığın hökm sürdüyünü müsbət hal kimi dəyərləndirdi. O, 2017-ci ilin ağır olduğunu, Rusiyaya qarşı qeyri-qanuni sanksiyaların davam etdiyini, lakin bu ölkənin Suriyada müvəffəqiyyət qazandığını bildirib:
“Siz Suriya hökumətinin xahişi ilə “İraq Şam İslam Dövləti” qruplaşmasının dəf olunmasında iştirak etmək məcburiyyətində qaldınız və bu prosesi uğurla başa çatdırdınız. Bu, Sizin şəxsi rəhbərliyiniz altında həyata keçirildi. Mən Sizi səmimi qəlbdən təbrik edirəm. Bu, rusiyalılar üçün, bizim hamımız üçün, bütün dünya üçün çox vacib idi. Siz bu haqda orada - yerindəcə, hərbi bazada olanda danışmışdınız. Vacib hadisə həm də ondan ibarətdir ki, Özbəkistanda yeni Prezident Şavkat Mirziyoyev bir ildir çalışır. Sooronbay Jeenbekov ilk dəfədir ki, Prezident qismində burada iştirak edir. Bu, bizim hamımız üçün böyük hadisədir. Xoş haldır ki, 2017-ci ildə MDB ölkələrində sülh, əmin-amanlıq hökm sürürdü, insanlar sabit şəraitdə yaşayıb işləyir, övladlarını böyüdürdülər və gələcəklərinə əmin idilər.”
Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələri arasında qurulan iqtisadi əlaqələrin genişləndirilməsinin böyük uğur olduğunu deyərək, bildirdi ki, bu, son illərdə görülən işlərin nəticəsidir. Aleksandr Lukaşenko Rusiya ilə bağlı bir çox məsələlərin dərin narahatlıq yaratdığını vurğulayıb:
“Bu, Cənubi Koreyada olimpiada ilə bağlıdır. Siz bizim mövqeyimizi bilirsiniz. Burada iştirak edən dövlət başçıları da bizimlə həmrəydir. Biz Rusiya idmançılarına və Rusiya Federasiyasına bu cür münasibəti qətiyyətlə qəbul etmirik. Biz sizi tam dəstəkləyirik. Bir misal gətirim, Belarus idmançıları, xüsusən də bizim avarçəkənlər Rio de Janeyro Olimpiadasına hazırlaşırdılar. Bu, Belarus idmanının güclü istiqamətidir, ancaq bizi kənarlaşdırdılar və sanksiyalar tətbiq etdilər. İki və ya üç aydan sonra biz məhkəmədə haqqımızı əldə etdik. Doğrudan da məhkəmə bizi dəstəklədi, lakin vaxt getmişdi. Biz medalları, ölkənin imicini itirdik, biz bunların hamısından keçmişik. Siz bilməlisiniz ki, bu mübarizədə biz sizi dəstəkləyirik.”
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov görüşün yüksək səviyyədə təşkilinə görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib:
“Rusiya tərəfini MDB-yə sədrliyin uğurlu və səmərəli keçməsi, qarşıya qoyulan məqsəd və vəzifələrə nail olunması münasibətilə təbrik edirəm. Bununla yanaşı, Tacikistan Respublikasına MDB orqanlarında qarşıdakı sədrlikdə uğurlar arzulamaq istəyirəm. Əminəm ki, Tacikistanın sədrliyi MDB çərçivəsində əməkdaşlığın gələcək inkişafına öz layiqli töhfəsini verəcək.
Hörmətli dövlət başçıları, hesab edirəm ki, Birlik mövcudluğu dövründə ölkələrimiz arasında səmərəli və hərtərəfli əməkdaşlıq üçün bütün lazımi şəraiti yaradıb. Son iki ildə Birliyin fəaliyyətinin və onun sahə orqanlarının optimallaşdırılması istiqamətində real addımlar atılıb. Düşünürəm ki, həmin proses daimi və fasiləsiz olmalıdır. Çünki belə yanaşma konkret nəticənin əldə olunmasına istiqamətlənən MDB-nin işini daha məzmunlu edəcək.”
Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib:
“Hörmətli Vladimir Vladimiroviç, ilk növbədə dəvətə görə təşəkkürümü bildirmək istərdim. Rusiyada, Moskvada olmaq həmişə çox xoşdur. Sizi MDB-yə sədrliyin uğurla başa çatması münasibətilə təbrik etmək istərdim. Sizin qeyd etdiyiniz kimi, bu il ərzində MDB məkanında inteqrasiya prosesləri üçün xeyli iş görülüb. Əmtəə dövriyyəsinin artması da bizim iqtisadiyyatlarımızın təkcə bərpasının, iqtisadi vəziyyətin sabitləşməsinin deyil, həm də dost ticari-iqtisadi əlaqələrin gələcəkdə möhkəmləndirilməsinin zəruriliyinin göstəricisidir. Biznes həmişə baş verən proseslərə çox dəqiq reaksiya verir və qarşılıqlı investisiyalar, əmtəə dövriyyəsinin artması ölkələr arasında münasibətlərdən heç də az dərəcədə asılı deyil. MDB məkanında müşahidə etdiyimiz müsbət meyillər, şübhəsiz, ticari-iqtisadi sahədə müşahidə etdiyimiz fəallığa təkan vermişdir. Rusiya MDB-də birləşdirici rol oynayır. Sizin rəhbərliyiniz altında Rusiya sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Rusiya beynəlxalq arenada böyük nüfuza malikdir və bu gün beynəlxalq məsələlərdə aparıcı rollardan birini oynayır. Sizin rəhbərliyiniz altında sabitlik təmin edilib. Bu sabitlik ictimai razılığa əsaslanır. Rusiya xalqının qarşıdakı prezident seçkilərində düzgün seçim edəcəyi, fikrimcə, Azərbaycanda heç kəsdə şübhə doğurmur. Biz çox yaxşı bilirik ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafı Sizin adınızla bağlıdır. Bu gün bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu münasibətləri hər iki tərəf belə səciyyələndirir və çox müsbət artım dinamikasına malikdir.
İctimai-siyasi sabitlik olmadan uğura nail olmaq mümkün deyil. Biz son illərdə kifayət qədər qanlı hadisələrin, toqquşmaların, ədavətin, dinlərarası qarşıdurmaların, konfessiyalararası ziddiyyətlərin, etnik münaqişələrin şahidi olmuşuq. Buna görə də mövcud beynəlxalq mənzərə bir daha Sizin həyata keçirdiyiniz kursun doğruluğunu göstərir. Bu gün Rusiya sabitləşdirici amildir. Əlbəttə, bir daha demək istəyirəm, yaxın qonşu, dost və tərəfdaş kimi biz, təbii ki, Rusiyada baş verən prosesləri çox maraqla izləyirik. Təəssüf ki, bir çox hallarda beynəlxalq hüququn normalarına riayət olunmur. Bəzən kobud şəkildə pozulur. Bununla da dünyanın nizamı pozulur. O dünya nizamı ki, İkinci Dünya müharibəsi qurtardıqdan sonra yaradılmışdı. Sizin beynəlxalq hüququn normalarına şəxsi sədaqətiniz beynəlxalq hüququn normalarının pozulmasından zərər çəkən bütün ölkələrə ədalətin bərpa olunacağına böyük ümid verir.”
Moldova Prezidenti İqor Dodon Moldova vətəndaşlarının əksəriyyətinin Rusiya Federasiyası ilə dostluğun və Moldovanın MDB tərkibində qalmasının, həmçinin bəzi inteqrasiya layihələri üzrə irəliyə getməyin tərəfdarı olduğunu diqqətə çatdırıb:
“Bu il Moldovanın bütün MDB ölkələri ilə ticarətində artım müşahidə olunur. 2017-ci il heç də asan deyildi, Moldova Avropa İttifaqı ilə memorandum imzaladı. Bu, addım ilk dəfə idi ki, atılırdı. Bizim çoxtərəfli münasibətlərimizdə də sadə il deyildi. Çünki Moldova Prezidenti MDB çərçivəsində fəal iştirak edir, amma təəssüflər olsun ki, ilin ikinci yarısında hökumət səviyyəsində iştirakla bağlı müəyyən ehtiyatlar var idi. Amma mən Sizi əmin etmək istəyirəm ki, Moldova xalqı başqa cür düşünür. Hələ ki, parlament çoxluğunun düşündüyü kimi fikirləşmir. Vladimir Vladimiroviç, Rusiya Federasiyasında seçkilər olacaq. Ümidvaram ki, hər şey sabit keçəcək.”
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev keçirilən görüşün əhəmiyyətini qeyd edərək, ölkəsinin MDB ölkələri ilə bütün sahələrdə olduqca sıx əməkdaşlıq etdiyini vurğulayıb. Bunun nəticəsi olaraq Birlik ölkələri ilə əmtəə dövriyyəsinin artdığını diqqətə çatdırıb. 2017-ci ildə MDB çərçivəsində üzv ölkələr arasında sıx əməkdaşlığın qurulduğunu diqqətə çatdıran Şavkat Mirziyoyev bu görüşün və aparılan müzakirələrin gələcək əməkdaşlığa yeni təkan verəcəyinə əminliyini ifadə edib.
Tacikistan Prezidenti Emoməli Rəhmon bu il dünyada bir çox narahatedici hadisələrin baş verdiyini deyərək müxtəlif ölkələrdə terrorizmin, ekstremizmin fəallaşdığını diqqətə çatdırıb, Yaxın Şərqdə, Koreya yarımadasındakı vəziyyəti qeyd edib.
MDB ölkələrində vəziyyətin ümumilikdə sabit qaldığını deyən Tacikistan Prezidenti bununla belə sadaladığı amillərin bu və ya digər mənada Birlik ölkələrindəki vəziyyətin inkişafına da təsir göstərdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, bütün bunlar nəzərə alınaraq, Tacikistanın MDB-yə sədrliyi dövründə, həmçinin hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsi də prioritet məsələlərdən biri olaraq qalacaq. Sonda Rusiya Prezidenti Vladimir Putinin adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu.