Azərbaycanda sahibkarlığın inkişafı, yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması siyasəti
birbaşa insanların rifah halının yüksəlməsinə, yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olur
Müasir Azərbaycanın sürətli iqtisadi inkişafında, əhalinin rifah halının və yaşayış səviyyəsinin yüksəlməsində mühüm rol oynayan faktorlardan biri də sahibkarlığın inkişafıdır. Hələ Ulu Öndər Heydər Əliyevin rəhbərliyi zamanında milli iqtisadiyyatda sahibkarlığın yeri müəyyənləşib və rolu getdikcə təkmilləşib. Ümummilli Liderimizin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlarda da əsas istiqamətlərdən biri əlverişli biznes, investisiya mühitinin yaradılması və iş adamlarının fəaliyyətinin genişləndirilməsi olub. Məhz görülən işlərin nəticəsində sahibkarlar tərəfindən çoxsaylı müəssisələr yaradılıb və iş yerləri açılıb.
Təbii ki, bu da, ölkədə sosial tərəqqinin müəyyən dərəcədə sahibkarlığın inkişafı ilə bağlı olduğunu göstərib. Elə bununla əlaqədar, dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, sahibkarlığın inkişafı üçün bir çox işlər görülür: “Onların arasında güzəştli kreditlərin verilməsi də var. Artıq uzun illərdir ki, bu proses davam edir. Hazırda sahibkarlara verilən güzəştli kreditlərin, demək olar ki, tam həcmi əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir. Bu il kifayət qədər böyük proqram nəzərdə tutulmuşdur. Bu proqramın böyük hissəsi icra edilmişdir. Amma hələ də Sahibkarlığa Kömək Milli Fondunun sərəncamında kifayət qədər vəsait - bölüşdürülməmiş, yaxud da bölüşdürülmüş, ancaq verilməmiş kreditlər var. Çalışmaq lazımdır ki, ilin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmdə təmin edilsin”.
Bununla yanaşı, müşavirədə bir çox sosial layihələrin uğurla icra edilməsi qeyd olunub. Həmçinin, həmin dövrdə həm Bakıda, həm də bölgələrdə yeni iş yerlərinin açılması prosesinin uğurla getdiyi göstərilib. Hesabat dövründə 226 min yeni iş yeri yaradılıb ki, onlardan da 171 mini daimidir. Bu da ölkədə yeni iş yerlərinin açılmasına dövlətin verdiyi dəstəyin nəticəsidir. Dövlət tərəfindən sahibkarlara güzəştli kreditlərin verilməsi onların bizneslərini inkişaf etdirərək, yeni iş yerləri açmasına imkan yaradır. Əlbəttə ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul edilərkən əsas məqsədlərdən biri də əhalinin məşğulluğunu təmin etmək idi. Bu dövlət proqramlarının qəbul edildiyi 2004-cü ildən ölkə üzrə 1,79 milyon yeni, o cümlədən, 1,33 milyon daimi iş yeri açılıb. Həmçinin, III Dövlət Proqramının icrası çərçivəsində, bu ilin 6 ayı ərzində 101 mini daimi olmaqla, 122 min yeni iş yeri açılıb.
Dövlət proqramlarının qəbulunun bir istiqaməti də bölgələrdə sənayeləşmə siyasətini həyata keçirməkdir. Həmin proqrama uyğun olaraq Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC Parkın rezidenti kimi qeydiyyata alınıb və onun tikintisinə başlanılıb. Fabrikin cari ilin sonlarında istismara verilməsi nəzərdə tutulub. Bu sənaye parkının tam fəaliyyətə başlaması 5 min nəfərin işlə təmin olunmasına imkan verəcək. Tikintisinə əvvəllər başlanmış Sumqayıt Kimya Sənaye Parkında işlər başa çatmaq üzrədir. Cari ilin sonunda burada 5 müəssisə, gələn il isə 3 müəssisə fəaliyyətə başlayacaq. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkı tam fəaliyyətə başladıqdan sonra burada 900-ə yaxın yeni iş yeri açılacaq. Neftçala sənaye zonasında artıq 3 müəssisə fəaliyyət göstərir, digər 3 müəssisə isə yaxın zamanlarda işə başlayacaq. Burada işlər başa çatdıqdan sonra 480 yeni iş yerinin açılması nəzərdə tutulub.
Bir faktı da qeyd edək ki, ölkəmizdə sahibkarların müəyyən hissəsi vergidən və Sosial Müdafiə Fonduna vəsait ödəməkdən yayınmaq məqsədilə işçiləri ilə rəsmi qaydada müqavilə bağlamır. Bu da onları gələcəkdə pensiya almaq hüququndan məhrum edir. Belə neqativ halların qarşısını almaq üçün Prezident İlham Əliyev 9 oktyabr 2017-ci ildə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” haqqında Sərəncam imzalayıb. Qeyd edildiyi kimi, ölkədə minlərlə insan, faktiki olaraq, işləyərək ailəsini dolandırdıqları halda, işsiz sayılırlar. Lakin onlar yaşlandıqda bunun nə qədər ziyan verdiyini anlayacaqlar. Bir daha qeyd edək ki, belə insanlar əmək pensiyası almaq hüququnu itirmiş olurlar. Ölkə rəhbəri tərəfindən imzalanan Sərəncam da belə neqativ hallara son qoymaq üçündür. Bu sahədə aparılan mübarizə həm də, faktiki olaraq, daha çox insanın işlədiyini üzə çıxaracaq.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş III Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 oktyabr 2017-ci ilə qədər olan dövrdə, ümumilikdə, 679,4 min olmaqla, 502 min daimi iş yeri yaradılıb. Bu dövrdə yaradılan iş yerlərinin 60,3 faizi qeyri-dövlət sektoruna məxsusdur. Qeyd edildiyi kimi, artımın qeyri-dövlət sektorunda olması bu sahəyə göstərilən diqqətin nəticəsidir. Statistik rəqəmlərdən görünür ki, yeni iş yerlərinin çox hissəsi Bakıda açılıb. Lakin bununla bərabər, regionlarda da yeni iş yerlərinin açılmasının dinamikasında artım aşkar görünür. Daimi iş yerlərinin 9,3 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 14,3 faizi mövcud müəssisə və təşkilatlarda, 1,2 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 75,2 faizi fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb. Yeni iş yerlərinin əhatə etdiyi sahələr də müxtəlifdir. Belə ki, hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 21,2 faizi tikinti, 21,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 10,9 faizi emal sənayesi, 8 faizi dövlət idarəetməsi və müdafiə sahələrini əhatə edir. Bundan sonrakı sahələri sosial təminat, müxtəlif xidmət, peşə, elmi, texniki fəaliyyət, turistlərin yerləşdirilməsi və ictimai iaşə tutur. Cari ilin yanvar-sentyabr aylarında sənayedə işləyənlərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artaraq, 974,2 manata çatıb. Əməkhaqqı ən çox mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də, tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Tikinti sektorunda dinamik inkişaf yeni iş yerlərinin açılmasına da imkan yaradıb. Belə ki, cari ilin yanvar-sentyabr aylarında inşaat sektorunda çalışanların orta siyahı sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq, 102,9 min nəfər olub. Həmin dövrdə binaların tikintisində işləyənlərin əməkhaqqı 5 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların əməkhaqqı 11,1 faiz artıb. Cari ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 525,6 manat təşkil edib. Neft sektorundan sonra ən çox əməkhaqqı alanlar özəl müəssisələrdə çalışanlardır. Şübhəsiz, bu da dövlətin özəl sektorun inkişafına göstərdiyi qayğının nəticəsidir. Belə ki, sahibkarlar, müntəzəm olaraq, güzəştli kreditlərlə təmin olunur, onların fəaliyyətinin asanlaşması üçün qanunvericilikdə müsbət dəyişikliklər edilir. Bu da, özəl sektorun inkişafına təkan verən başlıca amildir. Təsadüfi deyil ki, cari ilin yanvar-oktyabr aylarında sənayedə qeyri-dövlət sektorunun payı 80,2 faiz olub. Ümumi istehsalın 89,8 faizi sənaye məhsulunun istehsalı, 10,2 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaranıb. Belə hal əhalinin gəlirinin artmasına da xidmət edir. Bu ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq, 40190,7 milyon manata çatıb, onun hər nəfərinə düşən həcmi orta hesabla 4131,9 manat təşkil edib.
Göründüyü kimi, Azərbaycanda sahibkarlığın inkişafı, yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması siyasəti birbaşa insanların rifah halının yüksəlməsinə və yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olur.
“Səs” Analitik Qrupu