“Çeçenistan Rusiya Federasiyası subyektlərindən biri kimi Rusiyanın cənub sərhədlərində yerləşir və Azərbaycanla sıx əlaqələri var”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, ümumiyyətlə Qafqazda qonşu olan Rusiya Federasiyası subyektlərinin Azərbaycanla çox yaxşı əlaqələri mövcuddur: “Əlbəttə ki, Azərbaycan regionun mənəvi, dini, iqtisadi və mədəni liderlərindən biridir. Ona görə də müxtəlif istiqamətlər üzrə özünü Azərbaycanla indentifikasiya edən, o cümlədən dini mədəniyyət, dini inanc, mənəviyyat baxımından bizə yaxın hiss edən Rusiya Federasiyası subyektləri daima Azərbaycanla sıx münasibətdə olurlar. Əlbəttə ki, Azərbaycan bu mənəvi münasibətlərin inkişafında maraqlıdır. Çünki Rusiyanın cənub sərhədləri mürəkkəb etno-siyasi coğrafiyaya malikdir. Burada sabitliyin, iqtisadi inkişafın olması Azərbaycanın maraqlarına cavab verir. Eyni zamanda yaxın qonşu kimi şimal sərhədlərimizdən o tərəfə olan kontingent Azərbaycan üçün həm iqtisadi mənada böyük regional bazardır, həm də mənəvi mənada münasibətlərin inkişafı üçün etibarlı bir körpüdür. Bu kontekstdə qiymətləndirəndə Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun Azərbaycana səfəri də düşünürəm ki, Rusiya Federasiyası regionları ilə Azərbaycanın münasibətlərində yeni dinamik perspektivlər vəd edən bir səfər oldu”.
sia.az