Tarixin zibilliyinə atılmışlara xatırlatma ANALİTİK

Özünə hörmət edən hər bir şəxs antidemokratik, radikal müxalifət düşərgəsini rədd edir

Hər bir demokratik dövlətin ümumilikdə ölkənin milli mənafeyini ön planda tutan, xalqın problemlərini gündəmə gətirən konstruktiv müxalifətə ehtiyacı var. Belə bir siyasi qüvvənin mövcudluğu həmin ölkəyə yalnız fayda gətirə, onun inkişafında, dünya birliyinə inteqrasiyasında mühüm amilə çevrilə bilər. Demokratiya yolunu seçən və bu yolda böyük məsafə qət edən müstəqil Azərbaycan Respublikası da ölkədə konstruktiv müxalifətin formalaşmasında maraqlıdır. Ancaq təəssüf ediləcək reallıqlardan biri də budur ki, ölkəmizdəki özlərini “demokratik düşərgə” adlandıran “siyasi qüvvələr” qloballaşan, müasirləşən və xüsusilə, islahatlar yolunu tutan Azərbaycan siyasətində hələ də köhnə təfəkkürlə yaşayır, siyasi mübarizənin demokratik, sivil yollarla aparılmasının zəruriliyini dərk edə bilmirlər. Çağdaş dövr tariximizdə fəaliyyətinə yaxından bələd olduğumuz müxalif siyasi partiyaların, xüsusilə də AXCP və Müsavatın timsalında bunu açıq-aydın görmək mümkündür.Beləliklə, xatırladaq ki, bu iki partiya bir dəfə Azərbaycanda hakimiyyətə gəlmişdilər. 1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Qanunsuz silahlı dəstələr, quldur dəstələri meydan sulayırdılar. Məhz o dövrün iqtidarının səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. Həmin günlərdə məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi. Vəziyyət o həddə çatmışdı ki, mərhum Əbülfəz Əliyev 1993-cü ilin mayında keçirdiyi müşavirədə bütün dövlət strukturlarında korrupsiya və rüşvətxorluğun baş alıb getdiyini bildirmişdi. Hətta onun xəbərdarlıq xarakterli çıxışına iclas iştirakçılarının istehzalı reaksiyası da müşavirəni izləyənlərin diqqətindən yayınmamışdı.
O vaxt Azərbaycan əhalisi artıq iqtidardakıların hansı yuvanın quşu olduqlarını yaxşı bilirdi. Ona görə də AXC-Müsavat cütlüyü 1993-cü ilin yayında baş verən hadisələr zamanı ictimai dəstəkdən tamamilə məhrum olmuşdu. Elə xalqın dəstəyini tamamilə itirdiklərinə görə də hakimiyyətdən getməli oldular. Çünki xalq yaxşı bilirdi ki, bu iqtidarda olanlar Azərbaycanın parçalanmasına, dağılmasına, torpaqlarımızın düşmən işğalına məruz qalmasına göz yumaraq, korrupsiya və rüşvətxorluqlar nəticəsində, xalqı, dövlətin büdcəsini, qızıl fondunu çapıb-talamaq yolu ilə var-dövlət yığmaqla, məşğuldurlar. Bu səbəbdən hər kəsin qəlbində AXC-Müsavat cütlüyünə qarşı dərin nifrət kök salmışdı. Hətta bu nifrət o dərəcədə güclü idi ki, xalq indiyədək keçirilən bütün seçkilərdə həmin düşərgəyə birmənalı olaraq "YOX!" dedi.Artıq hər kəs əminliklə deyə bilər ki, siyasətdə təcrübəsizliyə, səriştəsizliyə, qorxaqlığa, qətiyyətsizliyə yer yoxdur. Bütün bu mənfi keyfiyyətlər isə AXC-Müsavat cütlüyündə özünü qabarıq göstərmişdi. Gəncədə baş verən hadisələr zamanı müxalifətin Ulu Öndər Heydər Əliyevə yalvararaq onu Bakıya dəvət etməsi də onların öz canlarının hayına qalması səbəbindən idi. Halbuki, məhz AXC-Müsavat hakimiyyəti 1992-ci ilin oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişinə cəhd göstərmişdi. Onların məqsədi naxçıvanlılar tərəfindən Ali Məclisin sədri seçilən Ümummilli Liderimiz Heydər Əliyevi bu vəzifədən uzaqlaşdırmaq idi. Ancaq alınmadı. Bu hadisədən xəbər tutan Naxçıvan camaatı ayağa qalxdı və AXC-Müsavat ünsürlərinə tutarlı cavab verdi.Beləliklə, qeyd etdiyimiz kimi, AXC-Müsavat cütlüyü də özlərinin təhlükəsizliyi xatirinə Ümummilli Liderimizi Bakıya dəvət etdilər. 1993-cü il iyunun 15-də Heydər Əliyev Bakıya gəldi, ölkəmizi xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etmək üçün gərgin fəaliyyətə başladı. Azərbaycanda siyasi sabitlik yarandı. Aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasət nəticəsində bu gün ölkəmiz böyük sürətlə inkişaf edir. Heydər Əliyevin uğurlu siyasi kursunu yeni çalarlarla zənginləşdirərək davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin icra olunması, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, mühüm əhəmiyyətə malik sosial proqramların reallaşdırılması nəticəsində ölkəmiz bütövlükdə Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir.Bəli, 1993-cü ildən bugünədək Azərbaycan tamamilə dəyişib və inkişaf edib. Ölkədə dəyişməyən təkcə radikal müxalifət düşərgəsidir. Onlar 1992-ci, 1993-cü ildə necə olublarsa, bu gün də o vəziyyətdə qalıblar. Bu gün də həmin düşərgənin liderləri siyasi mübarizəni intellektual səviyyədə deyil, küçə təfəkkürü səviyyəsində aparırlar. Müxalif siyasi partiyaların daxilində isə heç bir müsbət dəyişiklik yoxdur. Yeni dünyagörüşünə malik gənclərə qarşı ənənəvi dözümsüzlük həm AXCP-yə, həm də Müsavata xas olan xüsusiyyətlərdir. 1993-cü ildən bugünədək heç bir siyasi uğura imza atmayan İsa Qəmbərin, Əli Kərimlinin həmin partiyaların sədri postlarında olması isə ən azı müxalifət düşərgəsində demokratiyanın boğulmasından xəbər verir. Çox uzağa getməyək, qardaş Türkiyədə bir seçkidə məğlub olan istənilən siyasi partiyanın lideri etika xatirinə özü könüllü şəkildə istefa verir və öz yerini daha gənc, perspektivli siyasətçilərə verir.Bəzən Qərb standartlarından dəm vuran, beynəlxalq təcrübədən söhbət açan AXCP və Müsavat rəhbərləri isə partiyalarının gələcəyini deyil, özlərini düşünürlər. Azərbaycanın tanınmış ziyalıları radikal müxalifət düşərgəsində yaranmış antidemokratik vəziyyətdən təngə gələrək oranı tərk etmişlər. Çünki partiya sədrləri partiya daxilində fikir müxtəlifliyinə, demokratik prinsiplərə qarşı çıxır, avtoritarizmə yuvarlanır, öz kreslolarını qoruyub saxlamaq üçün ən çirkin vasitələrə əl atırlar.Müxalifət daxilində birlik də mövcud deyil. Bu gün "dost" olan siyasi liderlər, sabah öz qəzetlərində biri-birinin ünvanına elə həqarət yağdırırlar ki, adam xəcalət çəkir. İndiyədək müxalifətin birliyi naminə yaradılan qurumlar da davamlı fəaliyyət göstərməmiş, qısa zamanda siyasi səhnədən silinmişdir.Ərəb ölkələrində və post-sovet ölkələrindəki rəngli inqilablarda baş verən çaxnaşmalardan sonra müxalifət düşərgəsinin hakimiyyət hərisliyi xəstəliyi yenidən şiddətlənib. Xaosa, anarxiyaya, qarışıqlığa meyilli olan bu düşərgənin liderləri Azərbaycan xalqını ərəblərə bənzətməyə çalışaraq iddia edirlər ki, burada da eyni proseslər gedə bilər. Ancaq unudurlar ki, Azərbaycan bu mərhələni hələ ötən əsrin 90-cı illərində keçib. O zaman bizdə də ərəb ölkələrində olduğu kimi, kütləvi mitinqlər keçirildi, ərəb ölkələrində dövlətin başında duran bir nəfər ölkədən qaçdısa, bizdə 3-ü - Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov xaricə qaçdı, Əbülfəz Elçibəy isə Naxçıvana, öz doğma kəndi olan Kələkiyə getdi. Xalqın qəzəbi və nifrəti qarşısında qorxuya düşən AXC-Müsavat hakimiyyətinin neçə-neçə təmsilçisi öz ibarələrincə desək, "vəzifəsini dondurdular".Kütləvi mitinqlərin baş tutmasının ən önəmli səbəbi iqtidarla xalq arasında dərin uçurumun olmasıdır. Bu gün Azərbaycanda iqtidarın ən böyük dəstəkçisi xalqdır. Müxalifət liderlərinin xəyallarının həqiqətə çevrilməsi qeyri-mümkündür. Çünki xalq bu iqtidarı və onun ölkə üçün etdiklərini də görür, 1992-ci ildə Azərbaycanı viran qoyan bugünkü radikal düşərgənin əməllərindən də yaxşı xəbərdardır. Həmin dövrdə ictimai-siyasi sabitliyin olmaması və naşı iqtidarın yarıtmaz siyasəti nəticəsində yeraltı və yerüstü sərvətlərlə zəngin olan ölkəmizdə hətta ərzaqla təminatda ciddi problemlərin yaranması insanları aclıq təhlükəsi ilə üz-üzə qoymuşdu. Hər halda heç kəs bu dövrün təkrar geri qayıtmasını istəməz, parçalanmış, məhv olmuş, iqtisadi, siyasi və sosial böhranla üz-üzə qalmış ölkə arzulamaz.Bütün bunları görən Azərbaycan xalqı ölkəmizdə keçirilən demokratik seçkilərdə öz seçimini edib, bundan sonra da edəcək. İndiyədək baş tutan prezident, parlament, bələdiyyə seçkilərində həmişə Yeni Azərbaycan Partiyasının namizədləri böyük səs çoxluğu qazanıblar. Bu da onu göstərir ki, ictimaiyyət iqtidarın həyata keçirdiyi inkişaf və quruculuq siyasətini dəstəkləyir. Azərbaycanda güclü demokratik ənənələrlə yanaşı, vətəndaş cəmiyyəti də formalaşıb. Ölkəmizdə, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur. Radikal müxalifət düşərgəsi isə bu proseslərdən özünü təcrid etdiyinə, reallığa qərəzli münasibətinə görə, böhtan və iftira yolu tutduğuna görə özünü xalqın gözündən salıb. İnsanlar görürlər ki, bu düşərgədə demokratiya, həmrəylik adına heç bir əsaslı addım atılmır. Bu səbəbdən də özünə hörmət edən hər bir şəxs antidemokratik, radikal müxalifət düşərgəsini rədd edir.

Rövşən RƏSULOV

sia.az