Siyasət

  • 9 621

Malik Həsənov: Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

image

“Hərbi qüdrətini davamlı olaraq artıran Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

M.Həsənov bildirib ki, Azərbaycan Ordusunun qüdrəti gündən-günə artır, qələbələr, nailiyyətlər bir-birini əvəzləyir. Ordumuzun Aprel döyüşlərində qazandığı qələbə, eləcə də 2018-ci ildə həyata keçirdiyi uğurlu Naxçıvan əməliyyatı işğal atındakı torpaqlarımıza tam nəzarət etməyə imkan verir. Bu əməliyyat nəticəsində əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Azərbaycan Ordusuna Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək imkanı yaradır. Aprel döyüşləri və Naxçıvan əməliyyatı bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə qadirdir.
Azərbaycan Ordusunun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinin ölkəmiz üçün əlamətdar olduğunu xatırladan millət vəkili deyib ki, bu münasibətlə təşkil edilmiş parad ordumuzun gücünü nümayiş etdirdi. Prezident İlham Əliyev nitqində bu məsələni xüsusi vurğulayaraq deyib: “Mən onların arasında əlbəttə ki, xüsusilə uzaqmənzilli “Polonez” və “LORA” raket sistemlərini qeyd etmək istərdim. Qarşı tərəfin bu sistemlərə qarşı heç bir müdafiə imkanı yoxdur. Bu sistemlər 300 kilometr və ondan çox məsafəni qət edərək çox yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvə ilə istənilən hərbi hədəfi məhv edə bilər. Mən bir daha demək istəyirəm, düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək”. Həmçinin parad zamanı fəxrlə nümayiş etdirdiyimiz silah və sursatın, texnikanın əksəriyyətinin Azərbaycanda istehsal edilməsini xüsusi vurğulamaq lazımdır. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ümumilikdə 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Yeni pilotsuz döyüş uçuş aparatlarının əldə edilməsi və onlardan yüksək dəqiqliklə istifadə olunması, hava və raket hücumlarına qarşı aldığımız sistemlər Azərbaycan Ordusunun hərbi qüdrətini, müdafiə potensialını və hücum gücünü daha da artırıb.
M.Həsənov qeyd edib ki, ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Ümummilli Lider Heydər Əliyev deyirdi: “Müharibə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, təkmil hazırlıq və yüksək döyüş ruhu tələb edir”. Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasi kursunun layiqli davamçısı kimi, bu məsələnin də öhdəsindən layiqincə gəlib. Artıq Azərbaycan hərbçisinin qarşısında bir hədəf var, o da ərazilərimizin işğaldan azad edilməsidir.
“Ermənistan və ona havadarlıq edən qüvvələr Azərbaycan Ordusunun gücünü və qüdrətini artıq bilir. Düşmən bilir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və işğal altındakı torpaqlarımızın bütövlükdə qaytarılacağı və ya Ermənistanın buna məcbur ediləcəyi gün yaxındadır”-deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər