Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın həyatında müstəsna rol oynayan, gələcəkdə də bu tarixi missiyanı şərəflə davam etdirməyə qadir, Ulu Öndər Heydər Əliyevin ideyalarından güc alan möhtəşəm bir siyasi təşkilatdır. Azərbaycan milli dövlətçiliyinin möhkəmlənməsində, cəmiyyətin ümumi mənafelərini təmin edən idarəetmə sisteminin formalaşmasında müstəsna rol oynayan Ümummilli Lider Heydər Əliyev Azərbaycanda milli dövlətçilik fəlsəfəsinin və milli mənlik şüurunun formalaşmasının əsasını qoymuşdur. Məhz Onun fədakar mübarizəsi sayəsində Azərbaycan xalqı özünün ən ümdə arzularının reallaşmasına nail olmuşdur. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan şərəfli bir yol keçib və ümumxalq partiyasına çevrilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası yarandığı zamandan həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya daha da inkişaf edib və güclənib. YAP, nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilmişdir. Heç şübhəsiz ki, bu nailiyyətlər Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olmuşdur. "Dünənin, bu günün və sabahın" partiyası olan Yeni Azərbaycan Partiyası həm də gəncliyin partiyasıdır. Vurğulamaq vacibdir ki, gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin partiya quruculuğu dövründə diqqət mərkəzində olmuş və qısa bir zaman məsafəsində, gənclər YAP-ın ətrafında cəmləşmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə və istedadına inam hissini artırıb. Təqdirəlayiq haldır ki, YAP gəncliyin inkişafına xüsusi diqqət yetirir. Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur. Təbii ki, partiyada gənclərin öz bilik və bacarıqlarının üzə çıxarılması üçün geniş imkanlar yaradılıb.Gənclərin YAP-ın sıralarında olması bu partiyanın ideyasını dəstəkləmək, Azərbaycan dövlətinin və dövlətçiliyinin keşiyində dayanmaq, bu yolda yorulmadan çalışmaq deməkdir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının üzvü olmaq gəncləri qürurlandırır. YAP bu gün ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən minlərlə gənci öz ətrafında birləşdirən mükəmməl qurulmuş siyasi sistemdir. Gənclərin seçdiyi bu partiya ölkəmizin müstəqillik tarixində, ölkəmizdə hüquqi-dövlət quruculuğu sahəsində böyük işlərə imza atmışdır. Qeyd edək ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin rolunun müstəsnalığı nəzərə alınaraq, vahid gənclər siyasəti hazırlanıb həyata keçirildi. Belə ki, Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, fevralın 2-də Azərbaycan Gənclər Gününün elan edilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət-gənclər siyasəti haqqında" Fərman və geniş Fəaliyyət Proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə, dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini qərarları ilə təsdiq edir. YAP sıralarına daxil olmaqla, gənclər həyatlarında ən düzgün qərarlarından birini qəbul edirlər. Bu gün, demək olar ki, YAP-da Azərbaycanın ən intellektual və yüksək səviyyəli gəncləri toplaşıb. Onların fəaliyyəti və özlərini təsdiq etmələri üçün bütün şərait yaradılıb. Gənclərin partiya sıralarına axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər-siyasəti sahələrində atılan məqsədyönlü addımlar xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısı tərəfindən həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını və ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin edir. Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti nəticəsində, Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra dövlət proqramları və layihələr həyata keçirilir. Həyata keçirdiyi layihələr çərçivəsində gənclər özlərini təsdiq edirlər və daha da inkişaf edirlər.Gənclərə olan diqqət və gənclər siyasətinin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etməkdə növbəti addım oldu. Gənclərə ayrılan bu diqqətin və qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclər üçün mühüm istiqamətlər mövcuddur.Ölkəmizin ən aparıcı siyasi qüvvəsi olan YAP daim maraqlı layihələrlə çıxış edir. Bu da, cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Çünki bu layihələr, bilavasitə cəmiyyətdən gələn sosial sifarişlərdir. Eyni zamanda, əhalinin müxtəlif təbəqələrinin partiyanın bu fəaliyyətinə dəstək verməsi onun gücünü artıran amillərdən biridir. YAP-ın müxtəlif sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. Ölkəmizin həyatında mühüm və əlamətdar günlərdə, xüsusi bayramlarda YAP tərəfindən həmişə diqqət və qayğıya ehtiyacı olan ailələrə, insanlara yardımlar edilir və köməkliklər göstərilir.Ölkəmizdə gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri könüllülük fəaliyyətinə xüsusi diqqət göstərilməsidir. Könüllülük insanları vahid məqsəd ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatlardan biridir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Dövlət başçısı tərəfindən 2020-ci ilin ölkəmizdə "Könüllülər ili" elan olunması bunun bariz ifadəsidir. Partiyanın gəncləri də könüllülər hərəkatında fəal iştirak edir. Könüllülər öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə diqqəti cəlb edirlər. Bu gün dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda könüllülər fəallığı ilə seçilirlər. Könüllülər yaşı 65-dən yuxarı olan tənha yaşlılara kömək olmağı, onlara sosial xidmət göstərməyi, qayğılarını çəkməyi özlərinin vətəndaşlıq borcu hesab edirlər. Belə bir zaman hər kəsdən birlik, həmrəylik çağırışlarına dəstək olmağı tələb edir.Yeni Azərbaycan Partiyasın Sədri Cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində, Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Bütün sahələrdə görülən işlər və qazanılan uğurlar onu göstərir ki, Azərbaycan xalqı düzgün seçim edib. Bu gün ümumxalq partiyasına çevrilən YAP ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edərək, xalqımızın inam gətirdiyi lider partiyadır. İnkişaf və tərəqqi yolunu tutaraq, bütün fəaliyyət prinsiplərini dövlətə və xalqa xidmət üzərində quran YAP bu gün də həmin ənənəni davam etdirməkdədir.
sia.az