2026-cı ilə kimi, 280 min hektar ərazi minalardan təmizlənəcək
44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra qarşıda duran əsas vəzifələrdən biri də işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Azərbaycan işğaldan azad olmuş ərazilərdə mina xəritələri üçün Ermənistana müraciət etmiş olsa da, Ermənistan rəsmiləri əvvəlcə bu cür xəritələrin mövcudluğunu inkar etdilər və sonradan isə verdiyi xəritələri Azərbaycanın işğaldan azad etdiyi ərazilərin yalnız 5 faizini əhatə etmiş oldu. Sözügedən xəritələrin də yalnız 25 faizi dəqiq idi. Bildiyimiz kimi, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. İlk olaraq Ağdamda, daha sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrinin Ermənistandan alınması on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir. Minaların təmizlənməsi maliyə itkisi ilə yanaşı, vaxt itkisinə də səbəb olur.
Dövlət başçısının apardığı ardıcıl uzaqgörən siyasətinin nəticəsidir ki, Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanın, daha sonra isə Füzuli və Zəngilanda 92 min minanın basdırılmasının özündə əks etdirən xəritələr Azərbaycana təhvil verib. Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilasında böyük əhəmiyyət kəsb edir. Bu günə qədər yüzdən artıq vətəndaşımız minaya düşərək, xəsarət almış və onlarla insan həyatını itirmişdir.
Xəritələrin Azərbaycana təhvil verilməsi Azərbaycan Prezidentinin bu istiqamətdə bir sıra dövlətlər və beynəlxalq təşkilatlarla danışıqlar aparmasının və Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmasının nəticəsidir. Mina xəritələrinin verilməsi həm də Qarabağ bölgəsində Azərbaycan dövlətinin həyata keçirdiyi yenidənqurma və quruculuq işləri, bərpa işlərinin çox sürətlə həyata keçirilməsi və vətəndaşlarımızın öz dədə-baba yurdlarına qayıdışını daha da sürətləndirir. Mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilir.
140 MİN NƏFƏR QARABAĞA VƏ ŞƏRQİ ZƏNGƏZURA KÖÇÜRÜLƏCƏK
Artıq işğaldan azad olunan ərazilərimizə Böyük Qayıdış başlanılıb. Minalar və digər partlayıcı sursatlar məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına çətinlik yaradır. Hər bir ərazini mianalardan təmizləmək sözsüz ki, zaman tələb edir. Azərbaycanın keçmiş məcburi köçkünlərin məskunlaşdırılması üzrə "Böyük Qayıdış" dövlət proqramına əsəsən, 2026-cı ilə qədər 140 min nəfərin Qarabağa və Şərqi Zəngəzura köçürülməsi nəzərdə tutur. Bu gün həmin ərazilərdə genişmiqyaslı layihələr icra olunur.
44 günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra belə Ermənistan üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə edib. Belə ki, 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib.
382 PARTLAMAMIŞ HƏRBİ SURSAT AŞKARLANARAQ ZƏRƏRSİZLƏŞDİRİLİB
Təkcə ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 43, tank əleyhinə 16 mina və 382 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həmçinin həftə ərzində 2 331,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Bu gün Qarabağ və Şərqi Zəngəzurun minalanmış ərazilərində innovasiyalar, texnologiyalar, dronlar və süni intellektin imkanlarından geniş istifadə olunur. 2021-ci ildən dronlar və süni intellektin istifadəsi ilə tədqiqat işlərində səmərəli nəticələr göstərən "Uzaq Məsafədən (Havadan) Mina sahələrinin Tədqiqatı" sistemini tədbiq edir. İşğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsində yerli istehsal olan texnikalardan da istifadə edilir. Düşmən tapdağından azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda minalardan təmizlənməsi prosesi sürətlə davam edir. "İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdışa dair I Dövlət Proqramı"nda ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işlərinin 2026-cı ilə qədər davam etdirilməsi planlaşdırılır. Dövlət Proqramında nəzərdə tutulduğu kimi, 2026-cı ilə kimi, 280 min hektar ərazi minalardan təmizlənəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI