"Həmsədrlərin görüşlərinin hamısı nəticəsiz başa çatıb" ÖZƏL-ŞƏRH

"Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalının açılışında TV kanallarına müsahibəsi zamanı olduqca vacib məqamlara toxundu. Bunlar arasında ən maraqlı məqamlardan biri ayrı-ayrı beynəlxalq təşkilatların və bir qrup dövlətin Ermənistana münasibətlərindəki qeyri-obyektiv yanaşma ilə bağlı idi". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.Politoloqun sözlərinə görə, doğrudan da, biz hər dəfə eyni məsələlərlə bağlı Azərbaycana bir, Ermənistana isə digər yanaşmanın şahidiyik: "Bu gün Ermənistanda müxalifət liderlərinə qarşı təqiblər, COVİD-19 bəhanəsi ilə haqqı tapdalanan şəxslərin etirazlarının amansız şəkildə yatırılması, mediaya qarşı təqiblər göz qabağındadır. Bütün bunlara baxmayaraq, indiki hakimiyyət də keçmiş hakimiyyət kimi özünü demokrat adlandırır, bu anti-demokratik davranışlara isə Avropa susmaqda davam edir. Necə ola bilər ki, Xocalı soyqırımını törədən, mütəmadi olaraq snayperləri ilə cəbhə xəttində dinc əhaliyə, qadınlara və uşaqlara atəş açan ölkə özünü demokratik adlandıra bilər. Burada Qərbin insan haqları üzrə ixtisaslaşmış təşkilatlarının davranışı da ikrah doğurur. Hələ də Avropa Şurasının Ermənistan üzrə siyasi məhbuslar üzrə məruzəçisi təyin edilməyib. Bilərəkdən vaxtın uzadılmasında məqsəd müxalifətə qarşı siyasi motivli təqiblərində Nikol Paşinyanı dəstəkləməkdir. Fikir verin, Venesiya Komissiyası, Avropa Şurası nədənsə Ermənistanda baş verən ən son hadisələrə demək olar ki, heç bir ciddi reaksiya vermir. Sanki, lal, kar və kor olublar.Eyni hal Ermənistanın Azərbaycana qarşı son illərdə artan aqressiyasında da özünü biruzə verməkdədir. Bu aqressiya fonunda ATƏT-in Minsk qrupunun fəaliyyəti və yaxud fəaliyyətsizliyi göz qabağındadır. Məsələ burasındadır ki, Azərbaycan bu gün beynəlxalq aləmdə sülhün təmin olunması, mehriban münasibətlərin inkişafı və humanitar sahədə atdığı addımları ilə aktiv siyasi aktora çevrilmişdir. Ölkəmiz faktiki olaraq beynəlxalq gündəliyi müəyyən edən ölkələrdən biri kimi qəbul edilir. Bu yaxınlarda Qoşulmama Hərəkatının sədri kimi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında COVİD-19 pandemiyasının müzakirəsinə həsr ediləcək növbədənkənar sessiyanın keçirilməsinə dair Azərbaycanın irəli sürdüyü təşəbbüsün 130-dan çox ölkənin dəstəkləməsi buna bariz misaldır. Bakının mövqeyi ondan ibarətdir ki, XXI əsrdə dünya münaqişələrlə yaşaya bilməz. Qarşılıqlı siyasi dialoqa və konstruktiv davranışlara ehtiyac var. Lakin görünür bu mövqe heç də hər kəsin ürəyincə deyil.Aydın olur ki, problemi həll etmək üçün BMT Təhlükəsizlik Şurasından xüsusi mandat almış ATƏT-in Minsk qrupu və onun həmsədrləri problemin həlli üçün lazımi səylər göstərməyib, ona görə də bu günə qədər problem həll edilməmiş qalır. Prezident İlham Əliyev son müsahibəsində Minsk qrupu dövlətlərinə açıq-aydın şəkildə icmarıc yolladı ki, davam edən yalançı danışıqlar faydasızdır və biz bu məsələlərin fərqindəyik. Prezident qeyd etdi ki, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının da heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir.Həmsədr ölkələrin əsas məqsədi münaqişənin müharibə mərhələsinə keçməsinə imkan verməməkdir. Ona görə də onlar mütəmadi olaraq XİN rəhbərləri arasında nəticəsiz görüşlər keçirməklə məşğuldur. Çünki hər üç dövlətə nəticə lazım deyil, onlar üçün əsas prioritet status-kvonun saxlanılmasıdır.Doğrudan da, biz son zamanlar XİN rəhbərləri arasında heç bir faydası olmayan görüşlərin şahidi idik. Ən maraqlısı isə, hər dəfə bu kimi görüşlərdən sonra Ermənistan XİN başçısının “sayıqlamaları” fonunda Elmar Məmmədyarovun diplomatik ruhda çıxışları və soyuqqanlılıq nümayiş etdirməsi idi. Düzdür, diplomat soyuqqanlı olmağı bacarmalıdır, ancaq diplomat həm də sözünün itiliyi və kəsərliyi ilə də seçilməlidir ki, əfsuslar olsun ki, biz XİN tərəfindən bəzi hallarda bu kimi halları görmürük.Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ilə bağlı Prezidentin prinsipial mövqeyi odur ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Dağlıq Qarabağ əzəli torpağımızdır və beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bununla əlaqədar aparıcı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar, qətnamələr qəbul edib və ərazi bütövlüyümüzü dəstəkləyiblər. Bütün bunlara rəğmən, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupu bu illər ərzində mənasız fəaliyyətlə məşğul olmaqda davam etməkdədir. Həmsədrlərin bu günədək münaqişə tərəfləri arasında təşkil etdiyi görüşlərin də demək olar ki, hamısı nəticəsiz başa çatıb.Beynəlxalq hüququn və tarixin Azərbaycanın yanında olmasını, görüşlərin səmərəsiz keçdiyi və Minsk Qrupunun fəaliyyətsizliyi məsələsinə Prezident İlham Əliyev xüsusi diqqət çəkib.Bu fəaliyyətsizlik, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirib.Prezident haqlı olaraq ATƏT-in Minsk qrupuna aşağıdakı sualları verir: Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyir, Minsk qrupu susur. Qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində seçilməmiş saxta prezidenti Şuşada andiçmə mərasimi keçirir, Minsk qrupu susur. Məskunlaşma aparılır, Minsk qrupu susur. Danışıqların formatının dəyişdirilməsi üçün çıxışlar edilir, Minsk qrupu susur.Bu susqunluq Minsk qrupunun bir qurum kimi beynəlxalq imicinə xələl gətirməklə yanaşı, orada təmsil olunan dövlətlərə qarşı ərazi bütövlüyü pozulmuş xalqlar tərəfindən heç də müsbət olmayan obrazlarını formalaşdırır.Eyni zamanda, həmsədr dövlətlərin bəyanatlarında “münaqişənin hərb yolu ilə həlli yoxdur” fikriləri də Prezidentin haqlı iradına səbəb oldu.Ərazi bütövlüyü pozulan, 1 milyondan çox qaçqını və məcburi köçkünü olan, cəbhə xəttində qadınlara və uşaqlara atəş açan düşmən qarşısında qalan Azərbaycana kimin haqqı çatır desin ki, münaqişənin ancaq sülh yolu ilə həlli var. Əgər sülh yolu ilə həlli varsa, o zaman bu illər ərzində niyə həll olunmadı? Olunmursa, deməli Ermənistan rəhbərliyi və münaqişənin nizamlanmasını öz boyunlarına götürən dövlətlər status-kvonun uzadılmasında və münaqişə tərəfləri arasında mövcud vəziyyətdən razıdırlar. Beynəlxalq hüququn, tarixi ədalətin bizim yanımızda olduğu halda iki münaqişə tərəfinə eyni yanaşma sərgiləmək, təcavüzə məruz qalanla işğalçı arasında fərq qoymamaq yolverilməzdir.Prezident çıxışında həm də Ermənistan tərəfindən son illərdə işğal edilmiş rayonlara Suriyadan və digər bölgələrdən ermənilərin məskunlaşması məsələsinə toxunaraq haqlı olaraq Minsk qrupunun susqunluqda ittiham edib. Doğrudan da, ermənilərin işğal edilmiş bölgələrə heç vaxt Qafqazı görməmiş şəxsləri köçürməsi, Azərbaycanın oradakı tarixi abidələrinin, qəbiristanlıqlarının dağıdılması yolverilməzdir. Təəssüflər olsun ki, ATƏT-in fakt araşdırıcı missiyası son dəfə bölgədə 10 il əvvəl olub. Deməli, belə çıxır ki, bu 3 dövlət özləri bu məskunlaşmada maraqlıdır, XIX əsrdə olduğu kimi!Xatırladaq ki, hələ məskunlaşmanın indiki kimi kütləvi hal almadığı vaxtlarda, 2005-ci ildə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə fakt-araşdırıcı missiya təşkil edilmişdi. Missiyanın yekun hesabatında Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma faktları təsdiq olunmuş və işğal edilmiş ərazilərin demoqrafik strukturunun dəyişdirilməsinə yönələn bu fəaliyyətin dayandırılmasına dair çağırış edilmiş və qanunsuz məskunlaşdırma siyasətinin münaqişənin həllini çətinləşdirdiyi vurğulanmışdı.2010-cu ildə Azərbaycan tərəfinin təşəbbüsü ilə işğal edilmiş ərazilərə sahə qiymətləndirmə missiyasının səfəri təşkil edilmişdi. Səfərin məqsədi işğal edilmiş ərazilərdə həyata keçirilən qanunsuz fəaliyyət, o cümlədən qanunsuz məskunlaşdırma, iqtisadi resursların və təbii sərvətlərin qanunsuz istismarı və ərazilərin talan edilməsi faktlarını araşdırmaqdan ibarət olmuşdu. Sahə qiymətləndirmə missiyası işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyət barədə Azərbaycan tərəfinin narahatlığının əsaslı olduğunu təsdiqləmişdi. Missiyanın yekunlarına dair tərtib edilmiş hesabatda işğal edilmiş ərazilərdə mövcud olan status-kvonun qəbuledilməz olduğu öz əksini tapmışdı.Burada xüsusilə xatırlatmaq lazımdır ki, 1996-cı il 2-3 dekabr tarixlərində keçirilən Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistan istisna olmaqla) aşağıdakı prinsiplərə razılıq verilmişdir:

1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusunun verilməsi;
3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.
Beləliklə, Azərbaycan Prezidentinin söylədikləri real vəziyyətin obyektiv şəkildə bəyan edilməsidir. Nəticəni isə, həmsədrlər çıxarmalıdırlar...
Prezidentin də dediyi kimi, heç kəs Aprel döyüşlərini unutmasın..."-deyə, Z.Məmmədov fikrini tamamlayıb.

sia.az