Vahid amal uğrunda milli həmrəylik

Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədim və zəngin tarixi vardır. Məhz bu ənənələrin yaşanması xalqın özünün təsdiqində əsas rol oynayır. Dövlətçilik ənənələrinin qayəsini isə milli ruh, azərbaycançılıq, vətənpərvərlik və həmrəylik təşkil edir. Milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən yaxşı forması milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Azərbaycançılıq ideyası hər şeydən əvvəl azərbaycanlıların milli mənlik şüurunun, mənəvi dəyərlərinin, dilinin, mədəniyyətinin, adət-ənənələrinin yaşadılmasını, bu ideya əsasında azərbaycanlıların tarixi Vətənlə və öz aralarında birliyinin formalaşmasını nəzərdə tutur. Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Hər bir soydaşımız bilir ki, ona arxa duran, şərəfini, nüfuzunu qorumağa hazır olan milli dövləti vardır. Azərbaycan xalqının milli dəyərlərindən biri öz doğma ruhuna bağlılıqdır. Müstəqil dövlətin mövcudluğu isə onun övladlarının vətənpərvərlik ruhundan, vətənə bağlılığından aslıdır. M.F.Axundzadənin gözəl bir kəlamı vardır : “Əsil yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsil vətənpərvərliklə uyğunlaşdırsın”.

Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməlidir desək,bəlkə də səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür. Eyni zamanda tarixi təcrübə göstərir ki, hər bir xalqın hansısa əlverişli situasiyada milli-etnik soykökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər və düşüncə sisteminə söykənərək özünəməxsusluğunu qorumaq şansı əldə etməsi, əsasən lider fenomeninin fövqəladə missiyası ilə şərtlənir. Əsl liderlik, şübhəsiz, xalq kütlələrini milli məram və məqsədlər ətrafında birləşdirmək bacarığında ifadə olunur. Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən ölkə rəhbərliyinin nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir. Respublikada ictimai-siyasi sabitlik, dövlətçilik əleyhinə yönəlmiş xarici və daxili təzahürlərin qətiyyətlə aradan qaldırılması dövlət başçısının xalqın dəstəyinə arxalanan, dövlətçiliyin müdafiəsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu sübuta yetirmişdir.
XXI əsrdə bəşəriyyəti ağuşuna almış qloballaşma dalğası xüsusən də müstəqilliyini yenicə qazanmış dövlətlər qarşısında zamanla ayaqlaşmaq, onun tələblərinə uyğun siyasət yeritmək, müasir dünya siyasətinin reallıqlarını düzgün dəyərləndirmək kimi mühüm vəzifələr müəyyənləşdirmişdir. Ölkə Prezidentinin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, beynəlxalq beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Prezident İlham Əliyevin liderliyini səciyyələndirən qətiyyətli siyasi iradə və məqsədyönlülük, hər bir fərdin, sosial qrupun və bütövlükdə cəmiyyətin maraqlarının nəzərə alınması kimi keyfiyyətlər onun apardığı siyasət ətrafında milli birliyi möhkəmləndirir. Dövlətin bütün sahələrində uğurların əldə edilməsində Azərbaycan Prezidentinin yüksək idarəçilik qabiliyyəti və mükəmməl iş təcrübəsi, vətəndaş həmrəyliyinə sadiqliyi mühüm rol oynayır.
Milli həmrəyliyin əsas tərəflərindən biri də müstəqil dövlətin qorunması və ərazi bütövlüyünün saxlanmasını özündə ehtiva etməsidir. Burada ölkəmizin müstəqilliyinin qorunması hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının müqəddəs borcu kimi qarşıya qoyulur.
Təbii ki, dövlətin müstəqilliyinin qarantı güclü ordu olduğu kimi, güclü ordunun da qarantı xalqla nümayiş etdirilən həmrəylikdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xalq-ordu birliyi bu gün ölkəmizdə, uğurla davam etdirilir. Bunu biz bu günlərdə bir daha hamımız şahidi olduq.
İşğalçı Ermənistanın silahlı qüvvələrinin Tovuz istiqamətindəki hərbi təxribatına qüdrətli ordumuz layiqli cavabını verdi. Azərbaycan ordusu Ermənistanın uzun illər öz ordusu haqqında uydurduğu miflərin yalan olduğunu bir daha sübut etdi. Eləcə də sərhəd bölgəsində baş verən təxribatdan sonra orduya dəstək yürüşü, ölkədə müşahidə edilən Ali Baş Komandan-xalq, xalq-ordu birliyi, milli ruh yüksəkliyi, vahid amal uğrunda birləşən insanların həmrəyliyin bariz nümunəsidir. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram”, – deyən Prezident İlham Əliyevin çağırışına səs verən minlərlə gəncin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə etməsi, dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın ən ümdə arzumuzun reallaşması naminə birləşərək, erməni təxribatlarına qarşı etiraz səslərini ucaltması vətənpərvərliyin ən yüksək təzahürüdür. Bu həmrəyliyimiz, mütəşəkkillik xalqımızın varlığının və gələcəyinin, milli dövlətçiliyimizin əbədi davam etməsinin təməl şərtidir. Azərbaycan xalqı inanır ki, tezliklə cənab prezidentin rəhbərliyilə milli birliyimiz nəticəsində ərazi bütovlüyümüz təmin ediləcək və ən ümdə arzumuz reallaşacaqdır.

Vüqar Seyidov
YAP Suraxanı rayon təşkilatının sədri

yap.org.az