Siyasət

  • 11 480

"Müəllimlərin peşəkarlığı təhsil sisteminin ana xəttini təşkil etməlidir" ÖZƏL-MÜNASİBƏT

image

"Zəmanəmizdə dövlətin gücü onun sərvətinə, ordusuna, cəbbəxanasına deyil, savadlı, təhsilli vətəndaşına bağlıdır. İnkişaf etmiş ölkələrin əldə etdiyi nailiyyətlərin, qazandıqları uğurların yollarını, səbəblərini təhlil etdikdə, görürük ki, təhsil aparıcı rola malikdir. Dünyada elə dövlətlər var ki, heç bir təbii qaynağı yoxdur, amma sərvətləri başından aşır, varını-varidatını yığıb-yığışdıra bilmir. Bir sözlə, günümüzdə təhsil inkişafın təməl daşıdır". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.Onun sözlərinə görə, ölkəmiz müstəqillik əldə etdikdən sonra, sovetlərdən miras qalmış maarifçilik fəaliyyəti yeni çağırışlara cavab vermirdi: "Milli inkişaf strategiyamıza uyğun təhsil sisteminin formalaşdırılması zərurəti bizi axtarışlara sövq etdi. Proses indi də davam edir. Bu sahədə xeyli işlər görülüb. Məncə, ən böyük müsbət nəticə təhsilin maddi-texniki bazasının əhəmiyyətli dərəcədə yenilənməsi və möhkəmlənməsidir. Təkcə son bir neçə il ərzində Respublikamızda 3500-dən çox ya yeni məktəb tikilib, ya da əsaslı təmir edilib. Ali təhsil müəssisələrimizin sayı artmaqla yanaşı, tədris şəraitləri də yaxşılaşıb. Pedaqoq peşəsinə cəmiyyətdə müsbət münasibətin və rəğbətin formalaşması üçün xeyli işlər görülüb. Təhsil işçilərimizin əmək haqları getdikcə artırılır. Bir sözlə, həyatımızın bu vacib sahəsi dövlətin diqqət mərkəzindədir. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu sferada islahatlar dərinləşməlidir. İnkişaf etmiş ölkələrdəki təcrübə dərindən öyrənilməli, müsbət nümunələr ölkəmizdə tətbiq olunmalıdır.Bu günlərdə Prezidentin Sərəncamı ilə xaricdə nüfuzlu universitetlərdən birində oxumuş, təhsil problemləri institutunun direktoru vəzifəsinə qədər yüksəlmiş Emin Əmrullayev Təhsil naziri təyin edilib. Təbrik edirəm, uğurlar diləyirəm. Ağır bir işin altına çiyinlərini qoyan gənc nazirdən cəmiyyətin gözləntiləri çoxdur. Təhsilimizin səviyyəsi qaldırılmalıdır. Biz nə Avropadan, nə Amerikadan əksik deyilik. Qabiliyyətimiz yetərli, düşüncəmiz saf, ruhumuz sağlam, pulumuz-paramız da yerində. Başlıcası, bu işə can yandıran, həvəslə yanaşan dövlət başçımızın siyasi iradəsi də göz qabağındadır. Keyfiyyətli təhsil sistemi qurmaq üçün daha nə lazımdır ki? Ürəkdən, qəlbdən işləmək!..Təhsil prosesinin əsas fiquru, hərəkətverici qüvvəsi müəllimdir. O, nə öyrədirsə, necə öyrədirsə, şagirdi, tələbəsi də həmin bilik baqajı ilə müstəqil həyata yollayır.Bu gün Azərbaycanda professorların, elmlər doktorlarının, fəlsəfə doktorlarının, alimlərin sayı-hesabı yoxdur. Amma təhsilimizin keyfiyyətini lazimi səviyyəyə qaldıra bilmirik. Diplomlarımız sərhədlərimizdən kənarda vecsiz bir kağız parçasıdır. Nədən bizim universitetlərimizdən heç biri yüksək reytinq cədvəllərinə düşməsin? Yuxarıda dediyim kimi, dövlətimiz buna qadirdir. Müəllimlərin peşəkarlığı təhsil sisteminin ana xəttini təşkil etməlidir.İllərdir ki, ictimaiyyəti narahat edən bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Dövlət universitetlərində ödənişli təhsil ləğv edilməli, yaxud təhsil haqqı orta statistik Azərbaycan ailəsinin dolanışıq səviyyəsinə uyğun olmalıdır. Hər il təhsil haqlarını ödəyə bilmədiklərinə görə, yüzlərlə tələbə ali təhsil ocaqlarını tərk etmək məcburiyyətində qalırlar. Kim bilir, bəlkə, onların arasından gələcəyin böyük alimləri, ixtiraçıları, dövlət xadimləri çıxa bilər. Maddiyyata görə biz onların arzularını ürəklərində qoymamalıyıq, qovuşmaq istədikləri həyata aparan yolları bağlamamalıyıq. Dövlətimizin bu məsələləri həll etmək üçün maliyyə imkanları mövcuddur. Bu sferaya ayrılan və ildən-ilə artırılan vəsaitlər hesabına problemi çözmək olar. Ümidvaram ki, ölkəmizdə aparılan islahatlar təhsillə bağlı cəmiyyətimizi narahat edən məsələlərin həllinə imkan yaradacaq, milli təhsilimizin səviyyəsi müasir tələblər səviyyəsinə qədər çatdırılacaq, məktəblərimizin, universitetlərimizin məzunlarının sorağı çox-çox uzaqlardan gələcəkdir".

sia.az

Digər xəbərlər