Siyasət

  • 7 857

“15 sentyabr tarixi qürur doğurur və tariximizin şanlı səhifəsi kimi unudulmazdır” ÖZƏL-MÜNASİBƏT

image

Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu uzun əsrlərin sınaqlarından çıxmış, xalqlarımız sevincli, kədərli günlərini bir-biri ilə bölüşmüş, düşmənə qarşı birgə mübarizə aparmışlar. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri vurğulayıb ki, 15 sentyabr tarixi bu baxımdan qürur doğurur və tariximizin şanlı səhifəsi kimi unudulmazdır.

“1918-ci ilin bu günündə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakı və ətraf rayonlarını erməni-bolşevik işğalçılarından azad etmiş və Azərbaycanın müstəqilliyinə imkan yaradılmışdır. Sonrakı aylarda Naxçıvan və Gəncə əraziləri işğalçılardan təmizlənmiş, Azərbaycanın müstəqilliyi təmin edilmişdir. İnsanlarımız, gənc nəsil bu tarixi dönə-dönə xatırlamalı, hər an keçmişə nəzər salmalı, dostla düşməni yaxşı seçməlidirlər. Çünki dünən başımıza gətirilən bəlalar bu gün də təkrar olunur. Erməni təcavüzkarları keçmişdə olduğu kimi, hazırkı dövrdə də öz havadarlarına arxalanaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirirlər. Torpaqlarımızın 20 faizdən çoxu işğal altındadır. Bir milyondan artıq insan ata-baba yurdlarından çıxarılmışıdır, didərgin salınmışdır və yenə də hər gün sərhədlərimizdə qan axıdılır. Ermənistan silahlı birləşmələri yeni torpaqlar zəbt etmək niyyəti ilə ərazilərimizə hücum edir, təxribat törədir, günahsız insanları qətlə yetirirlər. Əlbəttə ki, onlar bu təxribatlar zamanı layiqli cavablarını alır, böyük itgilər verir, ancaq buna baxmayaraq, yenə də çirkin əməllərini davam etdirirlər. Çox sevindirici haldır ki, belə hallarda Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyə xalqı Azərbaycanla bir olduğunu nümayiş etdirir, səsimizə səs verir, dərdlərimizə şərik çıxırlar. Azərbaycan xalqı da bu mövqedədir və 15 sentyabr tarixi nəinki unudulmayıb, hafizələrə daha dərindən nüfuz edib. Elə bilirəm ki, belə şanlı səhifələr heç zaman yaddan çıxmayacaq və bir millət iki dövlət olan xalqlarımızı qələbələrə ruhlandırıb səfərbər edəcək və gələcək qələbələrimizə yol açacaqdır.
15 sentyabr Türkiyə-Azərbaycan birliyinin, Türkiyə-Azərbaycan qardaşlığının əbədilik, sarsılmazlıq rəmzidir. 15 sentyabr tarixi Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini aydın əks etdirir. 2018-ci ildə Azərbaycan paytaxtında, Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilməsi və hər iki ölkənin dövlət başçılarının paradda iştirak etməsi bu qardaşlığın bariz nümunəsidir. Hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə hərbi təlimlər keçirilməsi də sadalananları isbatlayır.
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bu yaxınlarda Prezident İlham Əliyevlə görüşündə Tovuz hadisələri kontekstində bildirib ki, Türkiyədə 83 milyonluq xalqın nəbzi Azərbaycan ilə döyünür. Bildirib ki, “Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik”.
Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkə yenə Türkiyə olub. Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlarındandır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP kimi birgə layihələr bütün regiona töhfə verir. Hazırda Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsində hər iki ölkə başçısının səyləri, rolu danılmazdır. Cənab Prezidentin də ifadə etdiyi kimi, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur”, deyə Tahir Rzayev bildirib.

sia.az

Digər xəbərlər