Naqif Həmzəyev: Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirir, müasir hərb tarixində yeni, qələdələrlə dolu səhifələr açır.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, hər ötən gün işğaldan azad edilmiş torpaqlarımızın sırasına yeniləri əlavə olunur, torpaqlarımızın işğaldan tam azad ediləcəyi tarixi sürətlə yaxınlaşdırır.
Bu gün müstəqil Azərbaycan dövlətinin əldə etdiyi tarixi uğurların təməlində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət dayanır. Cənubi Qafqazın suverenlik və tərəqqi yolunda sürətlə inkişaf edən Azərbaycan sözün həqiqi mənasında nəhəng irəliləyişlər əldə edir. Azərbaycanın əldə etdiyi uğurlar bir ilin, iki ilin məhsulu deyil. Dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifi olan dövlət başçımızın rəhbərlik etdiyi 17 ildə müstəqil dövlət quruculuğunun bütün istiqamətləri üzrə ciddi nailiyyətlər əldə edilib, böyük uğurlara imza atılıb. Bu gün biz bunun müsbət nəticələrini görürük, şahidi oluruq.
İşğalçı, mənfur qonşularımız olan Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan əm ümdə vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Məhz bunun üçün ölkə Prezidentimizin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biri ordu quruculuğu olub. Azərbaycanın iqtisadi inkişafı, maliyyə imkanlarının artması ordumuzun qüdrətlənməsini təmin edib. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında da Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır.
Hərbi paradlarda modern ordu quruculuğunu nümayiş etdirən Azərbaycan ilk dəfə 2016-cı ilin Aprel döyüşlərində, savaş meydanında öz sözünü dedi. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünün, əsgərlərimizin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu yenidən nümayiş etdirdi. Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması, Ermənistanla sərhəddə strateji yüksəkliklərin ələ keçirilməsi isə Azərbaycan Silahlı Qüvvələrinin Aprel qələbəsindən sonra növbəti zəfəri oldu. Həmin vaxt bu zəfər cəmiyyətimizin xoş ovqatını daha da artırdı, düşmən üzərindəki tam qələbə gününün o qədər də uzaqda olmadığının müjdəsi oldu.
Bu gün Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi - diplomatik sahədə qazanığı uğurların bəhrəsidir. Cəbhənin bütün istiqamətlərində rəşadətli Ordumuzun düşməni darmadağın edərək irəliləməsi isə regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı erməni hakimiyyətinin təxribatçı əməllərinin birdəfəlik sonu olacaq.
Bu gün Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar təsdiq edir ki, ölkə Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və məğrur siyasəti, atdığı hər bir addım, verdiyi hər bir qərar yalnız bu gün üçün yox, gələcək üçün də qarantdır.

yap.org.az.