Siyasət

  • 5 321

Sədaqət Vəliyeva: Görəsən, Azərbaycanı atəşkəsə riayət etməyə dəvət edən ölkələrin birində terror törədilərsə, uşaqlar, qadınlar qətlə yetirilərsə, onlar sakit, heç bir tədbir görmədən dayanarlarmı?

image

“Ermənistanın hərbi-siyasi rəhbərliyi Rusiyanın təşəbbüsü ilə elan olunmuş humanitar atəşkəsi iki dəfə pozduqdan sonra ABŞ-ın təşəbbüsü ilə üçüncü dəfə humanitar atəş elan olunmuşdu. Lakin ilk iki atəşkəsə sadiq olmayan Ermənistan üçüncü dəfə də kobud şəkildə humanitar atəşkəsi pozdu. Gəncə terrorundan sonra Bərdənin bombalanması ilə üçüncü dəfə atəşkəsi pozan Ermənistan işğalçı və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirdi. Paşinyan rejimi Gəncə qətliamı ilə Rusiyaya, Bərdə terroru ilə isə ABŞ-a hörmətsizliyini göstərdi və isbatladı ki, Ermənistan beynəlxalq hüquqa tüpürür. Ona görə də bu terror hücumlarına layiqli cavab vermək hüququnu Azərbaycan özündə saxlayır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir: “Uşaqların arzu və xəyallarını dağıdan erməni terroruna dünya nə üçün susmalıdır? Haradadır BMT, ATƏT, HRW, UNİCEF? Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız uşaq, qadın, yaşlı həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun? Ermənistan açıq-aşkar hərbi cinayət törədir, dinc insanları qətlə yetirir, lakin ABŞ, Rusiya, Fransa kimi dövlətlər, eləcə də beynəlxalq təşkilatlar tədbir görmək əvəzinə Azərbaycan tərəfini sakitləşdirməyə, atəşkəsə riayət etməyə dəvət edirlər. Görəsən, Azərbaycanı atəşkəsə riayət etməyə dəvət edən ölkələrin birində terror törədilərsə, uşaqlar, qadınlar qətlə yetirilərsə, onlar sakit, heç bir tədbir görmədən dayanarlarmı? 2001-ci ildə ABŞ terrora cavab olaraq Əfqanıstanda hərbi əməliyyatlara başladı. Belə misallar çox çəkmək olar. O zaman sual edilir ki, nə üçün Azərbaycan Ermənistanın azğın hərəkətlərinə cavab verməməlidir?”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Prezident İlham Əliyev xalqa müraciəti zaman Azərbaycanın işğalla, terrorla barışmayacağı barədə qəti mövqeyini bir daha ortaya qoydu: “Cənab Prezident İlham Əliyevin xəbərdarlıqları kifayət qədər konkret, ünvanlı və beynəlxalq hüquqa, xalqın həmrəyliyinə söykənirdi. Bu, ikinci Qarabağ müharibəsi başlayandan Prezidentin xalqa 5-ci müraciəti idi, amma bu dəfə daha sərt və açıq danışdı. Gələcəkdə Azərbaycanda iqtisadi maraqları olan dövlətlər ədalətli mövqe tutmayacaqları halda əməkdaşlıq edilməyəcəyi haqda xəbərdar da olunurlar. Eyni zamanda, Prezidentin həmsədrləri – Bakıya təzyiq edən, müharibəni dayandırmağımızı istəyən, Ermənistanı silahlandıran böyük dövlətlərin açıq şəkildə ifşa etməsi cəbhədəki vəziyyətə uyğundur. Son müraciətdə bu qədər emosional notlarla köklənmiş çıxış həlledici məqamın yetişdiyini göstərir. Prezident müraciətdən bir gün əvvəl Mərkəzi Komanda Məntəqəsində keçirilən müşavirədə yubanmaları tənqid etməsi ilə orduya “vaxt itirməyin” göstərişi verərək, düşmənə son zərbəni hazırlayır. Həlledici məqamda mane olacaq ölkələrə də F-16-ları xatırlatmaqla son mesajını göndərir. Bir daha məlum oldu ki, işğala son qoymaq üçün sona qədər gedəcəyik. Ola biləcək danışıqlar, yaxud atəşkəs sadəcə formal xarakter daşıyacaq, masada müzakirə gedərkən, əsgər cəbhədə döyüş tapşırığını yerinə yetirir. Vətən müharibəsi qələbəyə qədər davam edəcək. Bunun göstəricisi kimi cənab Prezident İlham Əliyev bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində ölkəsinin bayrağını, xalqının milli ruhunu, qürurunu, özünə inamını, Ali Baş Komandanı olduğu ordusunun qüdrətini, Prezidenti olduğu ölkəsinin nüfuzunu, master-klass səviyyəsində müsahibələri ilə beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını ucaltdı”.
“Artıq proseslər elə bir mərhələyə gəlib çatıb ki, “5 rayon + 2 rayon” formatının, “Kazan formulu” adlanan danışıqlar mövzusunun arxada qaldığı aydın görünür” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan Prezidenti danışıqların mənalı olmasını, yeni istiqamətini, vasitəçilərin yeni tərkibini və yeni predmetinin təklif edilməsini istəyir: “Əlbəttə ki, yeni yanaşma Azərbaycanın hərb meydanında öz hüquqlarını bərpa etməsi reallığına uyğundur. Artıq hər bir təşkilat və dövlət Azərbaycanın dəyişdiyi reallıqları qəbul etməli, bu reallıqları təcavüzkara qəbul etdirməli, erməni tərəfini mədəni muxtariyyət, iki icmanın birgə yaşayışı və bələdiyyə muxtariyyətləri çərçivəsində həllə razı salmalıdır. Çünki bu təklif mədəni dünyanın standartlarına, o cümlədən Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyasına, Avropa Şurasının Etnik Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyasına və digər beynəlxalq hüquqi aktlara uyğundur. Bunun əksi mümkün deyil. Əgər Ermənistan tərəfi keçmiş prezidentlərin və indiki baş nazirin dili ilə azərbaycanlılarla birgə yaşamağın mümkün olmadığı kimi irqçi fikirlər təlqin edəcəklərsə, o zaman rəzil, təslimçi sülhlə, onun şərtlərilə razılaşmağa məcbur ediləcəklər”.

yap.org.az

Digər xəbərlər