Siyasət

  • 3 586

Qonşu ölkələrə nisbətən ən ucuz yanacaq Azərbaycandadır - ŞƏRH ÖZƏL

image

"Azərbaycanda benzin və dizel də daxil bəzi qiymət tariflərinin dəyişdirilməsi cəmiyyətə müxtəlif aspektlərdən təqdim edilsə də, ən real bucaqlardan baxanda onun aydın məzmunu var. Məsələ burasındadır ki, bir sıra məhsulların qiyməti artsa da, camaat arasında ən çox benzinin və dizelin qiymətləri müzakirə edilir. Halbuki benzin və dizelin müvafiq olaraq 80 qəpik və 1 manat alması cəmiyyətimizin mütləq əksəriyyətinin həyatına nə birbaşa, nə də dolayı olaraq pisləşdirici təsir göstərə bilməz. Çünki cəmiyyətin mütləq əksəriyyəti şəxsi avtomobilə sahib deyil ki, bahalaşmanın ziyanını birbaşa öz cibində hiss etsin, mütləq əksər sosial təbəqələrin əsas istifadəçisi olduğu ictimai nəqliyatın gediş haqlarında artım da olmayıb ki, bundan əziyyət çəksinlər. Nəhayət, dövlət benzin və dizelin bahalaşmasından sui-istifadə edərək başqa mal və xidmət növləri üzrə qiymət artımına süni gedilmə hallarına qarşı sərt tədbirlərin görüləcəyini də bəyan edib". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Onun sözlərinə görə, belədə, ən azı üç istiqamət üzrə təhlillər benzin və dizelin qiymət artımından əhalimizin birbaşa və ya dolayı olaraq heç bir maddi itkiyə məruz qalmayacağını deməyə əsas verir: "Burada müəyyən siyasi qüvvələrin cəmiyyətimizin həssas düşüncə tərzi ilə oynamaq istədiyi aydın görünür. Ancaq bu cür taktikaların ən azı ona görə xüsusi bir perspektivi yoxdur ki, son 20 il ərzində çox dəfələrlə "qiymət artımı insanları məhv edəcək və ya partlayış verəcək" kimi özünü doğrultmayan proqnoz və təhlillər gördük. Bunlara ciddi baxılmış olsaydı, indiyədək Azərbaycan qiymət məsələsindən azı bir neçə dəfə gərək alt-üst olaydı. Halbuki hər şey öz axarı ilə gedir. Çünki "partlayış episentrləri" heç də bəzilərinin iddia etdiyi kimi sosial-iqtisadi həyatda yox, məhz bir sıra hay-küyçü siyasi personaların reallıqdan uzaq düşüncə tərzindədir".Ekspert bildirib ki, əslində cəmiyyətin gündəlik həyatına birbaşa və dolayı təsir baxımından benzin və dizel yox, başqa bəzi xidmət tariflərində gözlənilən dəyişikliklər daha çox diqqət cəlb etməlidir: "Ancaq cəmiyyətin bu istiqamətlərdə yeni tariflərə yox, məhz benzin və dizelə daha çox yönləndirilməsi məsələnin qəsdlə siyasiləşdirilməsi cəhdlərindən xəbər verir. Cəmiyyətin mütləq əksərinin benzin və ya dizellə işləyən avtomobili olmadığı halda, narahatlıq hislərinin kökünü başa düşmək mümkün deyil.Şəxsi avtomobilin yox, ictimai nəqliyyatda qiymət bahalaşması gözlənilmir, digər aidiyyatı olmayan sahələrdə süni qiymət artımlarına imkan verilməyəcəyi barədə rəsmi dövlət iradəsi də varsa nədən narahat olmağa əsas var ki...".A.Quliyev vurğulayıb ki, diqqət etməli məqamlardan biri də Azərbaycanda enerji qiymətlərində dəyişikliyin qlobal proseslərlə bağlılığıdır: "Yəni benzin və dizel təkcə daxili faktorlara nəzərən artıma uğramayıb. Doğrudur, lüzumsuz yanacaq məsrəfləri var, 19-cu illə müqayisədə 2020-ci ildə ölkəyə avtomobil idxalı iki dəfəyə yaxın artaraq 48 minə çatıb və sair. Bunlar sözsüz ki, qiymət artımını şərtləndirən amillərdir. Ancaq artımı qaçılmaz edən beynəlxalq faktorlar da kifayət qədərdi. 2020-ci ilin əvvəlində dünyada iqtisadi aktivlik birdən-birə düşsə də, az sonra vaksinlərin tətbiqi, sərt pandemiya tədbirlərinin yumşaldılması və hətta pandemiya şəraitində iqtisadi artıma nail olmağın mümkünküyünə inam kimi psixoloji faktorun təsiri altında iqtisadi fəallıq tədricən bərpa olunmağa, benzinə bə dizelə tələbat artmağa və nəticədə qiymətlər də yüksəlməyə başladı. Bu gün faktdır ki, Azərbaycan cəmi dünən qiymət artımına getdiyi halda bütün MDB, Avropa, Türkiyə, Ukrayna və ümumən dünya bir ildən çoxdur ki, bu prosesi yaşayır. Ətrafımızda bir ölkə tapıla bilməz ki, benzin və dizel bizdən ucuz olsun. Dünya üzrə orta rəqəm də Azərbaycandan az qala iki dəfə yüksəkdir. Faktdır ki, iki il əvvəl dünyada benzinin orta qiyməti litrlə 0.91 dollar olduğu halda bu gün 1.04 dollara yüksəlib. Halbuki bu iki ildə Azərbaycanda benzinin və ya dizelin hər hansı bahalaşmasından danışmaq olmaz. İstənilən müasir ölkədə qiymət tarifləri əhalinin həssas təbəqələrinin sosial təminat altına nə qədər alındığını nəzərə almaq şərti ilə müəyyən olunur. Eləcə də Azərbaycanda belədir. Əhalinin bir hissəsinin istənilən artım dalğasında özünü qorumaq rıçaqlarına malik olduğu aydındır.Həssas təbəqələrin isə qiymət artımına görə gözlənilməz "yanmalardan" qorunması dövlətin sosial dəstək paketləri hesabına həyata keçirilir. Tək ötən ildə 5 milyona qədər insanın azı 3 milyard manatlıq sosial təminat altına alınması bu cəhətdən təsirli qoruyucu addım hesab edilə bilər. Bir sözlə, qiymət artımının gətirəcəyi itkinin bir hissəsini bəzi təminatlı təbəqələr özü qarşılayaraq aradan qaldırır, bəzi məlum həssas təbəqələr üçün isə bunu dövlət edir. Müasir dünya dövlətçilik fəlsəfəsində qiymət artımları ilə cəmiyyətin ümumi inkişafı məhz bu prinsiplə tarazlaşdırılır. İnkişaf tendensiyaları qaçılmaz olduğu kimi bahalaşmalar da labüd olur. Vay o gündən ki tariflərdə labüd dəyişmələr baş verdiyi halda əhalinin aztəminatlı təbəqələri taleyin ixtiyarına atıla. Azərbaycandan fərqli olaraq belə ölkələr nə yazıq ki, var".

sia.az

Digər xəbərlər