“DQR”in “XİN”i, yaxud haraya və nə vaxta qədər..? TƏRS BAXIŞ+HİDDƏT

Azərbaycanın yenidən 30 il gözləməyə nə marağı, nə həvəsi, nə də hövsələsi var!

Müharibə qələbəmizlə başa çatıb və artıq əldə olunmuş üçtərəfli bəyanatın müddəaları ətrafında danışıqlar prosesinə start verilib, Qarabağ münaqişəsi səbəbindən illərdir blokadalara məruz qalmış iqtisadi baryerlərin aradan qaldırılması, nəqliyyat dəhlizlərinin yaradılması, ya da bərpası üçün Azərbaycan, Rusiya və Ermənistan arasında dəqiqləşdirilmələr aparılır, qərarlar qəbul olunur. Söz yox ki, həmin məsələlərdə üstünlük, məhz qalib tərəfdə - Azərbaycandadır və rəsmi Bakının şərtləri burada əsas rol oynayır. Əlbəttə, regional güc faktoru olaraq burada Rusiyanın da mövcudluğunu qəbul etmək lazımdır, çünki bu ölkə Qafqaz regionunun istəsək də, istəməsək də aparıcı siyasi və iqtisadi oyunçusudur. Xüsusilə, son proseslərdə biz bir daha həmin reallığı gördük. Amma digər tərəfdən, bu, o demək deyil ki, suveren, müstəqil və qalib Azərbaycanın maraqları arxa plana keçməli, üstəlik, məğlub Ermənistanın lazımi səviyyədən artıq maraqları məxsusi olaraq nəzərə alınmalıdır. Yəni müharibədən sonrakı dövrün bir qanunu var: qalib daha çox qazanır, məğlub isə itirir, fəqət daha çox itirmək də istəmir. Bu, aksiomadır və həmin aksioma da öz məntiqi çərçivəsində qalmaqda davam edir. Amma daha bir reallıq budur ki, Ermənistan düşmən mövqeyində qalmaqdadır və hətta iqtisadi anlaşmalar ətrafında danışıqlar aparılsa da, necə deyərlər, çomağı əldən yerə qoymaq olmaz. Əks halda, qazanılanların itirilməsi təhlükəsi də yaşana bilər və buna qətiyyən, əsla yol verilməməlidir. Niyəsini isə bir az daha müfəssəlliklə izah etməyə çalışacağam.
Ermənistan hakimiyyətinin əlinə üstünlük rıçağı verilərsə, onun yenidən azğınlaşmayacağına kimsə zəmanət verə bilməz
Əgər bu gün biz düşünürüksə ki, Ermənistanın mövcud rəhbərliyi müəyyən dərəcədə Azərbaycanın səmərəsi yönündə siyasət yürüdür, bu, yanlış düşüncədir. Çünki davam edən 44 günlük müharibədə bizlər düşmən Ermənistanın nə qədər mənfur və azğın olduğunun bir daha şahidi olduq. Bu gün məhz müharibə dövründə erməni silahlı qüvvələrinə rəhbərlik edənlər hakimiyyət başında qalmaqdadırlar. Sadəcə, Ermənistan məğlubdur və məğlubiyyətinin daha da ağırlaşmaması üçün qarşıya qoyulan tələblərə riayət etmək məcburiyyətini daşıyır. Və bu gün Ermənistan hakimiyyətinin əlinə üstünlük rıçağı verilərsə, onun yenidən azğınlaşmayacağına kimsə zəmanət verə bilməz. Hətta hakimiyyət dəyişilsə, yeni hakimiyyət kürsü başına keçsə belə, düşmənin revanşizm hissi qalmaqda davam edəcək. Lakin...Lakin məsələnin digər tərəfinə də diqqət çəkək. Məlum olduğu kimi, noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Rusiya sülhməramlılarına məxsus kontingent təhkim olunduqları ərazilərə yerləşdilər və bunun ardınca tərəflər arasında atəşkəsə riayət edilməsi üçün fəaliyyətə başladılar. Amma sonradan tədricən gözlənilənlər baş verdi – sülhməramlılar tərəfsizlik nümayiş etdirmələri yerinə açıq-aşkar erməni cinahında yer almağa başladılar. Necə deyərlər, kor-kor, gör-gör!
Ruslara sual edən olmadı ki, bəs bu həngamə nədir... Ya da ki, onlar ermənilərin uzun burunlarına, qıllı sifətlərinə, ya da kobud “savet tanem”lərinə-fılanlarına aşiq olmayıblar
Üstəlik, “humanitar” fəaliyyət adı altında üçtərəfli bəyanatda əks olunmayan bir çox addımlara getdilər, ta ki, Ermənistandan Xankəndinə “qaçqınları” daşımaqlarına qədər. Sual edən olmadı ki, bəyanata əsasən, Xankəndinə və digər yaşayış ərazilərinə yalnız 1989-cu ilə qədər qeydiyyatda olanlar, eləcə də onların ailə üzvləri qaytarıla bilər, bu həngamə nədir? Biz necə inanaq ki, geri qaytarılan erməni “qaçqınları” arasında Livan, Suriya və s. Yaxın Şərq ölkələrindən gətirilmiş və mülki geyimdə terrorçular yoxdur? Ümumiyyətlə, Rusiya sülhməramlıları bu suala nə vaxt cavab verəcəklər? Hələlik, cavab yoxdur və bunun yerinə Rusiyadan tonlarla təmir-tikinti materialları və s. materiallar daşınır, sən demə, 30 il öz doğma yurd-yuvalarından qaçqın düşmüş azərbaycanlılardan ermənilər daha əhəmiyyətliymiş. Bəli, ruslar üçün bu, bilavasitə siyasi cəhətdən lazımdır, yoxsa ki, ermənilərin uzun burunlarına, qıllı sifətlərinə, ya da kobud “savet tanem”lərinə-fılanlarına aşiq olmayıblar. Elə ermənilər də ruslardan ötrü sinov getmirlər, onlara lazım olan məhz və məhz separatçı “DQR”in saxlanılması, bu mənfur siyasətin davam etdirilməsidir. Bunun üçün isə Rusiya sülhməramlıları onlar üçün göydəndüşmə hədiyyədir. Yadınızdadırsa, ruslar təzə-təzə Qarabağa yerləşəndə onları tort, şirniyyat, mer-meyvə, çaxır atəşlərinə tutanlar, üstəlik, qız-gəlinlərini, arvadlarını qabağa itələyən də həmin ermənilər idi, Azərbaycan ərazisində ikinci erməni dövlətini qurmaq istəyən ermənilər! Bütün bunlar sual olaraq cavabsız qalmaqdadır.
Ali Baş Komandan bəyan etdi: “Noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq”
Yalnız hədlər aşıldıqdan sonra cənab Ali Baş Komandanımız xalqa müraciətində bu barədə açıq şəkildə danışdı. XATIRLATMA: "Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik".
Əslində, bu bəyanat hələ ki, dövlət başçımız tərəfindən Rusiya sülhməramlılarına tərəf səslənən xəbərdarlıq məqsədli bəyanat idi və əgər ruslar sülhməramlılıq missiyası istiqamətində hədlərini aşmaqda davam edəcəklərsə, daha sərt bəyanatlar səslənəcək, əlavə olaraq əməli qaydada. Buna isə kimsənin şübhəsi yoxdur. Sadəcə, bizi düşündürən daha bir məsələ də var...
Niyə ruslar erməni tərəfindən nəzarətimizdə olan ərazilərimiz boyunca basdırılmış minaların yerlərini təsbit edən xəritələri tələb etmirlər?
Bəllidir ki, son bir neçə gündə Qarabağda hərbçilərimiz və mülki şəxslər minaya düşərək həyatlarını itiriblər. Bu hadisələr isə, sadəcə, informasiya xəttindən o tərəfə keçmir. Əgər ruslar Xankəndində hektarlarla əraziləri minalardan təmizləyirlərsə (halbuki həmin minalar şəhər də daxil olmaqla bütün ətrafına qədər basdırılmışdı, özü də Azərbaycan Ordusunun Xankəndinə girə bilməsi mümkünlüyü nəzərə alınaraq!) məktəb binalarını, səhiyyə ocaqlarını, müxtəlif infrastrukturların hər birini partlayıcı qurğulardan azad edirlərsə, nəyə görə Azərbaycanın nəzarəti altında olan ərazilərinə sadəcə bir neçə nəfərlik qrup göndərir, bununla da işlərini bitmiş hesab edirlər? Düzdür, Azərbaycanın ANAMA-sı var, eləcə də Türkiyəli minaaxtaranlar dəstəsi öz işlərinin öhdəsindən peşəkarcasına gəlirlər, amma ruslar niyə bu işə həvəssiz yanaşırlar? Niyə ruslar erməni tərəfindən nəzarətimizdə olan ərazilərimiz boyunca basdırılmış minaların yerlərini təsbit edən xəritələri tələb etmirlər? Yaxud, minalardan təmizlənmiş ərazilərimizdə birdən-birə yenidən minaların peyda olması, insanlarımızın həmin ərazilərdə həlak olması arxasında hansı gizlinlər dayanır? Rusiya sülhməramlıları erməni silahlı təxribatçı qruplarının Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərə keçməmələri barədə səsləndirdikləri iddialarını nə ilə izah edə bilərlər? Ümumiyyətlə, buna zəmanət verirlərmi? Vermirlər, belə getsə, verməyəcəklər də!
Kimdən müdafiə olunacaqlar rus sülhməramlıları, sözünə, öhdəsinə düşən vəzifəsinə birmənalı qaydada riayət edən Azərbaycan əsgərindənmi?
Bunun yerinə isə demək olar ki, hər gün bəh-bəhlə qanqaraldıcı hesabatlar verirlər – filan qədər erməni Ermənistandan Xankəndinə köçürüldü, blokpostlarda müdafiə sədləri çəkildi, filan-behməkan. Kimdən müdafiə olunacaqlar rus sülhməramlıları, Azərbaycan əsgərindənmi? Azərbaycan əsgəri qarşısına qoyulan bütün öhdəlikərə tam şəkildə riayət edir, bəs ermənilər? İnanın ki, bir müddət sonra biz erməni diversant qruplarının rus sülhməramlılarına qarşı başladacaqları terror hadisələri barədə yazacağıq, inanın ki, bu da baş verəcək. Bax onda ruslar müdafiə silahlarını üzü Azərbaycanın nəzarət etdiyi ərazilərdən ermənilərə tərəf çevirənə qədər də gec olacaq! Hələlik isə Ermənilər Xankəndində murdar əski parçalarını dalğalandırmaqda davam edirlər, üstəlik separatçı “stukrturları” fəaliyyət göstərir, bu da azmış kimi, atəşkəsin pozulması yönündə bütün təxribatçı əməllərə yol açırlar. Elə götürək bir neçə gün əvvəlki erməni əsgərinin ölüm faktını. Maraqlıdır, nəyə görə ruslar daxil olduqları gündən erməni qanunsuz silahlı birləşmələrini Xankəndindən və digər ətraf erməni ərazilərindən çıxarmayıblar? Yoxsa bu da onların kompetensiyalarında olmayan bir öhdəlikdir? Nə isə...Onlar, yəni separatçı quldurbaşıları iddia ediblər ki, guya həmin əsgər Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində həyatını itirib. Və dərhal “DQR”in “XİN”i həyasızcasına (!!!) Azərbaycanı (???!!!) atəşkəsin pozmasında ittiham edib, noyabrın 10-da qəbul edilmiş bəyanata riayət etməyə “çağırıb”. İndi bunu necə başa düşək? Bunlar açıq-aşkar deyirlər ki, “gərək başımı tam şəkildə əzəydin və indi də mən bu cür axmaq, sərsəm “bəyanatlar” səsləndirməzdim” və s.
Ruslar vəzifələrinin öhdəsindən gəlmirlər, yoxsa gəlmək istəmirlər..? Və ya Türkiyə faktorunun Cənubi Qafqazda geniş imkanlara malik olması üçün rəsmi Bakı öz açıq mövqeyini ortaya qoyub!
Təəssüf ki, azad Şuşamızın düz ayaqları altında qalan Xankəndimizdə bax bu cür zir-zibillər qalmaqda davam edirlər və Rusiya sülhməramlıları üzərlərinə düşən vəzifələrinin öhdəsindən gəlmədiklərini, daha düzünü desək, gəlmək istəmədiklərini açıq şəkildə sərgiləyirlər. Əgər belədirsə, belə davam edəcəksə, Azərbaycanda onların sarı qaş-gözlərinə heç kim aşıq olmayıb.Qaldı ki Rusiyanın Qarabağ münaqişəsinin həllində göstərdiyi çabalarına, cəhdlərinə, söz yox ki, Moskva burada yalnız və yalnız öz maraqlarını düşünür və əslində, münaqişənin həlli marağı ikinci, hətta üçüncü planda dayanır.Sirr deyil ki, Azərbaycanın danılmaz, birmənalı dəstəyi yalnız qardaş Türkiyədəndir və məhz Türkiyə faktorunun Cənubi Qafqazda geniş imkanlara malik olması üçün rəsmi Bakı öz açıq mövqeyini ortaya qoyub. Yaxşı olardı ki, Rusiya 90-cı illərdə oynadığı siyasi oyunlarını bu dəfə də oynamağa çalışmasın. Küçədə 21-ci əsrin ikinci onilliyidir və dünya da o dünya deyil. Moskva nala-mıxa döyəcləyib siyasət aparmaqdansa, “DQR”in “XİN”i qarışıq bütün separatçı meylləri üzərinə düşən öhdəliyinə, ən əsası isə qoyduğu imzasına hörmət etməsi ilə yığışdırsın. Çünki Azərbaycanın yenidən 30 il gözləməyə nə marağı, nə həvəsi, nə də hövsələsi var!

sia.az