PDF Oxu

Siyasət

  • 751

DOST xidmətləri şəbəkəsi genişləndirilir

image

Prezident İlham Əliyev: "İnnovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir"

Azərbaycanda uğurlu sosial siyasət insanların rifah halının yaxşılaşmasına, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına zəmin yaradıb. Dövlət başçısının göstəriş və tapşırıqları ilə reallaşan islahatlar bir daha təsdiqləyir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması sahəsində atılan addımlar insanların xoşbəxt gələcəyinin təminatına yönəldilib. Azərbaycan vətəndaşlarında məmnunluq yaradan DOST mərkəzləri ölkəmizin dövlət sosial xidmətləri sahəsində "ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevrilib. Bu, ölkəmizin dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulub.

Yeni DOST mərkəzlərinin, filial və məntəqələrinin yaradılması bu il də əsas hədəflər sırasındadır və DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi istiqamətində cari ildə növbəti addımlar atılacaq. Prezident İlham Əliyevin tapşırığına əsasən son illər aparılan sosial islahatların mühüm nailiyyətlərindən biri olan DOST modeli dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında, çevik və tam şəffaf şəkildə göstərilməsini təmin edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası mötəbər beynəlxalq qurumlar tərəfindən xüsusi mükafatlara layiq görülüb və bu gün bir sıra ölkələr DOST təcrübəsinə böyük maraq göstərirlər.

Vurgulamaq yerinə düşər ki, 2019-cu ildən Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, “Smart DOST” məntəqəsi və 2 DOST məntəqəsi istifadəyə verilib. İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin də DOST xidmətlərindən faydalanması üçün Qarabağ Regional DOST Mərkəzi, habelə Zəngilanda “Smart DOST” məntəqəsi, Şuşa və Tərtərdə DOST filialları, Kəlbəcər və Füzulidə DOST məntəqələri açılıb.

DOST mərkəzlərində ötən dövrdə 4,2 milyon vətəndaşa xidmət göstərilib, xidmətlərdən məmnunluq səviyyəsi 98,8 faizdir. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işləri davam etdirilir.

DOST MƏRKƏZLƏRİNDƏ VƏTƏNDAŞ MƏMNUNLUĞU

DOST mərkəzlərində vətəndaş məmnunluğuna nail olunmasında mühüm amillərdən biri də xidmətlərin çevikliyinin təmin edilməsidir.

Onu da qeyd edək ki, DOST mərkəzlərində xidmətlərin göstərilməsinin orta müddəti 7 dəqiqə 29 saniyəyə enib. Növbədə orta gözləmə müddəti isə 2 dəfə azalaraq 2 dəqiqə 3 saniyə təşkil edib. İlk DOST mərkəzinin fəaliyyətə başladığı 2019-cu ilə nisbətən DOST mərkəzlərində vətəndaşlara xidmətlərin göstərilməsinin orta müddəti 9 dəqiqə 39 saniyədən 23 faiz azalaraq 7 dəqiqə 25 saniyəyə, vətəndaşların növbədə orta gözləmə müddəti 4 dəqiqə 14 saniyədən 2 dəfə azalaraq 2 dəqiqə 3 saniyəyə enib.

Ölkə başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu gün vətəndaşlar mərkəzin məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin, sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmətlərindən rahatlıqla yararlanır və bundan razı qalırlar. Mərkəz vətəndaşların bütün xidmətlərdən "bir pəncərə"yə müraciət etməsinə və "bir pəncərə"dən faydalanmasına imkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu mərkəzlərin fəaliyyəti həm insanlara rahatlıq verəcək, eyni zamanda, şəffaflıq istiqamətində önəmli addım artıq özünü doğruldub: "Eyni zamanda, burada tətbiq olunan innovasiyalar bizim gələcəyə baxışımızla tam uzlaşır. Çünki innovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur".

XİDMƏTLƏRİN ƏHALİYƏ VAHİD PLATFORMADAN TƏQDİMİ

Xatırladaq ki, 2019-cu ilin mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və ilk DOST mərkəzinin açılışı olub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə 160- dan artıq xidmətin əhaliyə vahid platformadan, "bir pəncərə"dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan verib.DOST infrastrukturunun ölkə boyu genişləndirilməsi işləri davam edir. Azərbaycanın yeni brendi olan DOST modeli beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir və ötən dövrdə 60-dan çox beynəlxalq mükafat, o cümlədən 10-dan çox "Avropa üçün yaxşı təcrübə mükafatı"na layiq görülüb. Eyni zamanda, DOST mərkəzləri "Aİ Biznes Mühiti Hesabatı 2021"-də Azərbaycanın 3 təkmil islahatından biri kimi qiymətləndirilib, DOST xidmətləri modeli BMT tərəfindən "İnnovativ ictimai xidmət həlləri" statusunda tanınıb. DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərən ölkələrin sayı da getdikcə artır.

"Könüllü DOST" proqramı isə ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayır. Proqramda ötən dövrdə 6 mindən çox könüllü iştirak edib. Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rola malik olan bu proqramın "Gənc DOST", "Gümüşü DOST" (yaşlılar üçün), "Distant DOST", "Korporativ DOST"", "İnklüziv DOST" kimi altproqramları fəaliyyət göstərir.Könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, e-sistemlərdən istifadə və s. üzrə köməklik göstərir. Onlar dövlət sosial xidmətlərinin "bir pəncərə"dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər.Proqram iştirakçıların vətəndaşlara xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarına dəstək olur.Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni bir mərhələ açan "DOST" mərkəzləri qısa bir zamanda şəffaflığı, operativliyi ilə vətəndaş məmnunluğuna səbəb olub.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər