Siyasət

  • 5 024

Bəşəriyyəti heyrətə gətirən nəciblik, xeyirxahlıq və vətənpərvərlik nümunəsi

image

İllərin sınağından süzülüb gələn dəyərlər hər bir xalqın həyatında mühüm rol oynayır, onun gələcək inkişafının təməlinə dönüşür. Bu dəyərlər müəyyən zamanlar müxtəlif təsirlərə məruz qalsa da, müdriklərimizin nəsillərə ötürdüyü adət-ənənələri, inancları, nəsihətləri sayəsində yaşamış və bu günümüzün reallığına çevrilmişdir. Uzun illər müsəlman xalqları doğma inancından uzaq salınmış, insanlar yad mənəvi dəyərlər ruhunda tərbiyə edilmişlər. Lakin bütün bunlar xalqların dinə bağlılığını aradan qaldıra bilməmişdir. Tarixin səhifələrində və bu günümüzün təsdiqində, müsəlman xalqlarının dini dəyərlərə bağlılığında bunun bariz nümunəsin görmək olar. Çünki İslam mənəvi cəhətdən sağlam insanların və sağlam cəmiyyətin qaynağıdır. Sağlam cəmiyyət isə güclü və sarsılmaz dövlətçiliyin əsas sütunudur. Sağlam cəmiyyəti və güclü dövləti olan xalq bütün problemləri həll etməyə, öz işıqlı gələcəyini qurmağa, müasir dünyanın inkişaf və tərəqqi karvanına qoşulmağa qadirdir. Müsəlman xalqları İslam sayəsində sivilizasiya yaratmış, bu sivilizasiyadan qeyri-müsəlman xalqları da bəhrələnib inkişaf etmişlər. İslam demokratiya, hüquq, ədalət, bərabərlik və azadlıq ideyalarını tərənnüm etmiş, din, vicdan, inanc və əqidə məsələlərində müsəlmanlarla qeyri-müsəlmanlar arasında bərabərliyin təminatçısı olmuşdur. Bunlarla yanaşı, İslam elminin ana qaynağı hesab edilən Qurani-Kərim məhz “Oxu” əmri ilə başlayır. Bir dinin ki bəşəriyyətə ilk əmri “Oxu” kəlməsidir, məhz bu aspektən çıxış edərək qeyd etmək olar ki, İslamın elmə, təhsilə münasibəti necə yüksək dəyərlər üzərində qurulub.Ən mühüm məsələlərdən biri budur ki, İslam dini həm də insanların hüquq bərabərliyini müəyyən edən dəyərləri özündə ehtiva edir. Bu sırada qadın hüquqları xüsusi yer tutur. İslamiyyət qadına yüksək və möhtərəm bir məqam qazandırmışdır.İslam dini qadının cəmiyyətdəki yerini çox gözəl və layiqli bir şəkildə təyin edib, yüksəklərə qaldırmışdır. Məhəmməd Peyğəmbər “Cənnət anaların ayaqları altındadır” buyuraraq qadına verilən ən böyük qiyməti və mərtəbəni dilə gətirmişdir. Bir sözlə, qadına və elmə verilən dəyərin ən yüksək nümunəsi məhz islam dinində öz təsbitin tapmışdır. Orta əsrlərə nəzər saldıqda görmək mümkündür ki, İslam öz gəlişi ilə onun qəbul olunduğu cəmiyyətlərdə qadınları xilas etmişdir. İslamın orta əsrlərdə Şərq qadınlarına tanıdığı hüquqlara Avropa və digər ölkələrdəki qadınlar uzun illər boyunca malik olmamışlar.

Qadınlar sağlam cəmiyyətin təməl daşlarıdır. Təməl nə qədər möhkəm olarsa, cəmiyyət də bir o inkişaf edər, irəli gedər. Bunun üçünsə qadın xoşbəxt və savadlı olmalıdır. Məhz bu mənada müasir dövrümüzdə İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) 2021-ci ili İslam aləmində “Qadın ili” elan etməklə qadına verilən dəyəri atdığı addımları və əməli fəaliyyəti ilə bir daha təsdiq etmişdir. “Qadın ili” elan edilməsi ICESCO-nun 2020-2030-cu illərdə strateji planının tərkib hissəsidir. Əsas məqsəd İslam dünyasında sosial, iqtisadi və mədəni həyatda qadınların rolunu gücləndirmək, gənc qızların müasir standartlara uyğun daha mükəmməl təhsil almasını təmin etməkdir. Qlobal dünyanın çağırışları nə qədər sərt və kəskin olsa da, qadınlar dövrün reallıqları və tələblərinə öz elmi potensialları, yaradıcı erudisiyaları ilə cavab vermək iqtidarında olduqlarını sübut etməkdədirlər.
Leksikonumuza daxil olan “gender bərabərsizliyi” anlayışı dünyanın bir sıra ölkələrində qadınların yaradıcı, elmi potensialının inkişafı üçün ciddi buxovlara çevrilsə də, ölkəmizdə zərif cinsin nümayəndələri cəmiyyətin fəal üzvü kimi çıxış etməkdədirlər. Bu, özünü xüsusən də təhsil sahəsində göstərir. Azərbaycan qadını tarixin bütün dönəmlərində azad düşüncəli və nikbin ruhlu olmuş, ailəsinin, elinin-obasının yükünü kişilərlə bərabər paylaşmaqla cəmiyyətin inkişafına önəmli töhfələr vermişdir. Qadına nəcib münasibətini aydın şəkildə ortaya qoyan “Kitabi Dədə Qorqud” dastanında da ana-bacılarımızın cəmiyyətdə tutduğu üstün mövqe öz əksini tapmışdır. Cəmiyyətimizdə ictimai-siyasi və sosial-mədəni yaşam tərzinin formalaşmasında qadınların və kişilərin fəaliyyətinin ahəngdarlığı bu gün də ölkəmizdə gender münasibətlərinin əsasını təşkil edir. Respublikada qadın hərəkatının genişlənməsi Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra geniş vüsət almışdır. Həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları ölkədə baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər. Gənc nəsli Vətənə sədaqət, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda tərbiyə etmək, onları xalqa, cəmiyyətə layiqli bir övlad kimi yetişdirmək kimi məsuliyyəti şərəflə daşımışlar.
Minnətdarlıq hissi ilə qeyd etmək olar ki, Ulu Öndərimiz respublikamıza rəhbəlik etdiyi illərdə nəinki qadınlarımızın xidmətlərini yüksək qiymətləndirirdi, həm də onların uca zirvələr fəth etmələrinə əlverişli mühit yaradırdı, onları daha məsul vəzifələrə irəli çəkirdi. Ulu öndər Heydər Əliyev deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir". Əsası Ulu öndər tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birmənalı olaraq deyə bilərik ki, hazırda həyata keçirilən siyasət nəticəsində bu gün ölkəmizdə qadınların hərtərəfli inkişafı üçün zəruri şərait yaradılıb. Elm və texnologiya günbəgün inkişaf edir, iqtisadi cəhətdən sərbəstlik əldə edən qadınların sayı artır. Dövlət siyasətinin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir. Tariximizin həssas məqamlarında Azərbaycan xanımlarının göstərdiyi sarsılmaz iradə, əvəzsiz fədakarlıq, sonsuz vətənpərvərlik, dövlət quruculuğumuzda, cəmiyyətimizin siyasi-iqtisadi, mənəvi-sosial inkişafında yorulmadan çalışan qadınlarımız üçün dövlət tərəfindən yaradılan şərait və dəstək ilham və güc mənbəyidir. Bu yaradıcı enerjini xalq və dövlət, bugünkü və gələcək nəsillərin rifahı üçün hərtərəfli fəaliyyət proqramına çevirmək missiyasını böyük əzmkarlıqla öz üzərinə götürmüş XXI əsrin ən görkəmli Azərbaycan qadını isə Ümummilli Liderin ideya və əməllərini yaşadan Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Mehriban xanım insanpərvər xarakterlə insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfəsini verir. ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə videokonfrans formatında keçirilən tədbirdə səsləndirdiyi fikirlər, üzv dövlətlərə etdiyi çağırış bunun bariz nümunəsidir. Heydər Əliyev Fondu və onun prezidenti insanların zehninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək fədakarlığı ilə tək Azərbaycana deyil, bütün dünyaya son dərəcə gözəl bir nümunə – mərhəmət və humanistlik nümunəsi sərgiləyir. Fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq miqyasda təqdir edilir.Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar layihələri sərhəd tanımır, xeyriyyəçilik tədbirləri bir çox ölkələri, qitələri əhatə edir. Heydər Əliyev Fondunun bir sıra xarici ölkələrdə reallaşdırdığı layihələr müstəsna əhəmiyyətə malikdir.Eləcədə Mehriban Əliyeva İSESCO və UNESCO-nun xoşməramlı səfiri kimi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırır, zəngin mədəniyyətimizi beynəlxalq miqyasda tanıdır, ölkəmizdə hökm sürən tolerantlığı təbliğ edir, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun bərqərar olması üçün bütün səylərini göstərir. Bu, Azərbaycan xanımının milli inkişafa verdiyi töhfə olmaqla yanaşı, bəşəriyyəti heyrətə gətirən nəciblik, xeyirxahlıq, vətənpərvərlik nümunəsidir.

YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri

Zəkiyyə Musayeva

yap.org.az

Digər xəbərlər