Siyasət

  • 4 165

Rəsul Quliyev radikalları “cırtdanlar” adlandırdı MÜXALİFƏT

image

Eks-spiker xüsusilə AXCP sədrinə eyham vuraraq ona “cılız” və “nadan” damğasını yapışdırdı

Sabiq spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev hesab edir ki, Azərbaycan kimi kiçik bir ölkədə 50-dən çox müxalifət partiyasının olması anormaldır. Onun sözlərinə görə, özlərini “müxalifət lideri” adlandıran müxalifət partiya sədrləri xalq arasına çıxmaları yerinə internet arxasından “siyasət yürüdürlər”. Bu isə, ümumiyyətlə, fəaliyyət göstərmək anlamını daşımır, əksinə, onların cılızlıqlarını daha çox qabardır. Belə ki, Azərbaycanın keçmiş sovet məkanında ən çox internetdən istifadə edən ölkələrdən biri olduğunu deyən eks-spiker əsasən bildirib ki, radikal ünsürlər Azərbaycanın Qarabağı işğaldan azad etməsinə qısqanclıqla yanaşırlar.
“Mənim ölkənin şanlı qələbəsinə verdiyim qiyməti ucuzlaşdırmağa cəhd edən ünsürlər vardır”
“Çoxsaylı adı olan, özü olmayan cırtdan partiyaların sədrləri internet azadlığından istifadə edərək kimlərdənsə pul qopararaq sifarişlə yazılar yazır, faktiki olaraq qanmadan Azərbaycanın çaldığı şanlı qələbəsinə kölgə salmaq istəyirlər”, bildirən Rəsul Quliyev söz yox ki, bu məsələdə əsas olaraq özlərini “ən böyük müxalifət partiyaları” hesab edən, lakin sıraları get-gedə daha da daralan AXCP və Müsavat kimi partiyaları nəzərdə tutub. Qarabağın işğaldan azad olunmasından sonra Əli Kərimlinin, Arif Hacılının və başqalarının özlərinə əl qataraq müxtəlif dəyərsiz ifadələrinə qarşı sərt fikirlər irəli sürən sabiq spiker həmçinin bildirib ki, bu qələbə onlar üçün gözlənilməz olub. “Əslində, hamı üçün, o cümlədən, özünü müxalifət adlandıran nadanlar üçün bu, gözlənilməz oldu. Mən demişdim, bir də təkrar edirəm: bu qələbə tək torpaqları azad etmək deyil, Azərbaycan öz müstəqilliyini təsdiq etdi. Mənim ölkənin şanlı qələbəsinə verdiyim qiyməti ucuzlaşdırmağa cəhd edən ünsürlər vardır”, deyə o cəbhəçilərin və müsavatçıların “liderlərinə” eyham vurub.
“Bu cılız insanlara yazığım gəlir”
Rəsul Quliyev radikal müxalifəti “liderlərinin” ondan qorxub-çəkindiklərini də dolayısı ilə ifadə edərək bildirib ki, indi həmin adamlar onu digər məsələyə görə ittiham edirlər. Yəni ABŞ-dan Azərbaycana geriyə qayıtmaq fikrində olduğu üçün, Azərbaycan dövlətinin atdığı qətiyyətli addımlarını dəstəklədiyini iddia edirlər. Ancaq eks-spiker heç də belə fikirdə olmadığını bildirib və deyib ki, onlar sifarişlə onun dediklərini ölkəyə qayıtmaq üçün hakimiyyətə tərif söyləməsi kimi təqdim edirlər: “Bu cılız insanlara yazığım gəlir. Azərbaycan Sovet məkanında öz torpaqlarını işğaldan azad etməyə nail olmuş yeganə ölkədir, sizlər bununla fəxr etməlisiniz, ay nadanlar. Mən Azərbaycana qayıtmağa heç bir cəhd göstərmədən Azərbaycanın bu tarixi qələbəsini hələ axıra qədər işıqlandırmamışam. Bu qələbə mənim üçün Azərbaycana qayıtmaq arzumdan 100 dəfələrlə önəmlidir. Cənab cırtdanlar”.Göründüyü kimi, vaxtilə ittiham etdiyi insanları indi nadan və cırtdan adlandırmaqla Rəsul Quliyev həm də keçmiş siyasi səhvlərini də etiraf etmiş olur və o da dərk edir ki, hətta ümummilli məsələlərdə belə kənara çəkilərək düşmən dəyirmanına su tökənlər nə qədər təhlükəli və xəyanətkar ünsürlərdirlər. Hər halda, eks-spikerin dağıdıcı müxalifət “liderlərinə” bu cür yanaşması, ittiham etməsi və həqiqətləri deməsi tədqirəlayiqdir...

sia.az

Digər xəbərlər