Siyasət

  • 3 452

Qəlblərdə əbədi yaşayacaq oftalmoloq alim

image

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əbədiyaşar xatirəsi YAP Səbail rayon təşkilatında yüksək ehtiram və böyük məhəbbətlə yad olundu

YAP Səbail rayon təşkilatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə onlayn formatda videokonfrans keçirilib. Rayon ictimaiyyəti nümayəndələri, ziyalılar, partiya veteranları, fəal gənclərin iştirak etdiyi videokonfransda YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, “Modern inkişaf və ailə cəmiyyəti” İctimai Birliyinin sədri, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə xanım Quliyeva, YAP Veteranlar Şurasının və YAP Səbail rayon təşkilatının İdarə heyətinin üzvü Adilə xanım Abasova, YAP Səbail rayon “Müalicə-diaqnostika” (“Xüsusi Müalicə Sağlamlıq Kompleksi”) ərazi ilk partiya təşkilatının üzvü, həkim-oftalmoloq Bahar xanım Mustafayeva, YAP Səbail rayon “Vərəm həkimləri” (3 saylı Vərəm əleyhinə dispanser) ərazi ilk partiya təşkilatının üzvü Günel xanım Hacıyeva, YAP Səbail rayon “Caspian International Hospital” ərazi ilk partiya təşkilatının üzvü Firuzə xanım Ağayeva çıxış etdilər.Əvvəlcə, görkəmli alim, Azərbaycan tibb elmində yeni elmi məktəbin əsasını qoyan, nəhəng elmi tədqiqatların müəllifi olan, eyni zamanda, qayğıkeş ana və nümunəvi həyat yoldaşı akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev hər il Zərifə xanımın əbədiyaşar xatirəsinin bütün Azərbaycan xalqı tərəfindən yüksək ehtiram və böyük məhəbbətlə yad olunduğunu diqqətə çatdıraraq bildirdi ki, Zərifə xanım Əliyeva sözün əsl mənasında mərhəmət, nəciblik, qayğıkeşlik və fədakarlıq simvolu idi. Özünü bütünlüklə elmə, təhsilə, xalqının sağlamlığı, rifahı üçün böyük fədakarlıq tələb edən peşəsinə həsr edən və Azərbaycanın görkəmli qadın şəxsiyyətlərdən olan Zərifə xanımın adı dünya tibb elminə, ölkəmizin ictimai-siyasi tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Dahi siyasətçi, görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin sadiq ömür-gün yoldaşı, möhtərəm Prezidentimiz, qalib Sərkərdə, müzəffər Ali Baş Komandan İlham Əliyevi dünyaya gətirən və böyüdən Zərifə xanım Əliyeva ən yüksək insani keyfiyyətləri özündə ehtiva edən, şərəfli həyat yolu keçən və özündən sonra zəngin elmi irs qoyan nadir qadın mütəxəssis idi.Ş.Hacıyev vurğuladı ki, dövrünün ən məşhur siyasətçilərindən, dövlət xadimlərindən və alimlərindən biri olan Əziz Əliyevin ailəsində tərbiyə alan Zərifə xanımın həyatı enişli-yoxuşlu olub, bu nəcib və zərif Azərbaycan-Türk qadını taleyin bütün çətinliklərinə, sınaqlarına mətanətlə sinə gəlib və istər ailə həyatında, istərsə də son dərəcə çətin peşəsində Azərbaycan xalqı üçün tarixi xidmətlərə imza atıb. Qeyd olundu ki, Azərbaycan tibb elmində, xüsusilə insanın ən zərif və mürəkkəb bədən üzvü olan göz xəstəliklərinin müalicəsi sahəsində bir çox kəşflər məhz Zərifə xanımın adı ilə bağlıdır. Zərifə xanım XX əsrin II yarısında SSRİ-də geniş yayılan traxoma xəstəliyinin müalicəsini tapan ilk alimlərdən biri idi. Minlərlə insanın dünya işığına həsrətinə son qoyan, dərdinə dərman olan və dünyada məşhurlaşan görkəmli oftalmoloq-alim Zərifə xanım təsadüfi deyil ki, dövrünün ən yüksək mükafatı – SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın alim olmuşdur.Zərifə xanım Əliyevanın Azərbaycan tibb elmindəki əvəzsiz tarixi xidmətləri, tədqiqatları, müəllifi olduğu kitabları, əsərlərində həkim və xəstə arasındakı münasibətlərin psixoloji aspektlərinə xüsusi həssaslıqla yanaşması haqqında geniş danışan Ş.Hacıyev eyni zamanda görkəmli alim, etibarlı həyat yoldaşı və müqəddəs ana vəzifələrinin öhdəsindən layiqincə gəlməyi bacaran Zərifə xanımın şərəfli həyat yolunun bütün gənclər üçün ən gözəl örnək olduğunu xüsusi vurğuladı. Sədr yüksək fəxarət və əminliklə bildirdi ki, Zərifə xanımın ruhu bu gün şaddır, çünki müstəqil Azərbaycanı güclü, qüdrətli dövlətə çevirən, 27 ildir düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad edən, Azərbaycan xalqının başını uca edən möhtərəm Prezidentimiz, Zərifə xanımın oğlu, Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı İlham Əliyev nəinki yaxın coğrafiyada, dünya miqyasında tanınan və yüksək nüfuza sahib olan ölkə rəhbəri, görkəmli dövlət xadimi və siyasətçidir. Ş.Hacıyev Azərbaycan xalqının qəlbində gözəl işləri, mərhəməti və qayğıkeşliyi ilə əbədi həyat qazanan Zərifə xanım Əliyevaya bir daha qəni-qəni rəhmət dilədi.“Modern inkişaf və ailə cəmiyyəti” İctimai Birliyinin sədri, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə xanım Quliyeva yaddaşlara ləyaqətli xanım, bənzərsiz şəxsiyyət, görkəmli alim və incə ruhlu, gözəl ana kimi həkk olunan Zərifə xanım Əliyevanın peşə fəaliyyəti, tədqiqatları və ailə həyatındakı rolu haqqında danışaraq Zərifə xanımla bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşdü.YAP Veteranlar Şurasının və YAP Səbail rayon təşkilatının İdarə heyətinin üzvü Adilə xanım Abasova Zərifə xanımın taleyinin adı kimi zəriflik, yüksək nəcabət və ətrafındakı bütün insanlar üçün qayğıkeşlik, mərhəmət məktəbi olduğunu vurğuladı və gənclərə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini dərindən araşdırmağı, nümunələr götürməyi tövsiyə etdi.Çıxış edən YAP Səbail rayon “Müalicə-diaqnostika” (“Xüsusi Müalicə Sağlamlıq Kompleksi”) ərazi ilk partiya təşkilatının üzvü, həkim-oftalmoloq Bahar xanım Mustafayeva Zərifə xanım Əliyevanı Azərbaycan təbabət elmində özünəməxsus yeri olan və yüksək fitri istedada sahib alim kimi xarakterizə etdi, Zərifə xanımın dərinmənalı ömrünü kamillik və müdriklik məktəbi adlandırdı. Xeyirxahlıq və mərhəmətin Zərifə xanım üçün həyat tərzi olduğunu vurğulayan B.Mustafayeva bildirdi ki, Zərifə xanımın nur dolu, parlaq xatirəsi yalnız Onun yetirmələri və Onu tanıyanların deyil, bütün Azərbaycan xalqının qəlbində yaşayıb və yaşayacaq.YAP Səbail rayon “Vərəm həkimləri” (3 saylı Vərəm əleyhinə dispanser) ərazi ilk partiya təşkilatının üzvü Günel xanım Hacıyeva Azərbaycan elmində peşə laboratoriyasının əsasını qoyan Zərifə xanımın gənclərə örnək olan nəcib xüsusiyyətləri, yüksək insani keyfiyyətləri və əxlaq prinsipləri, eləcə də bədii incəsənətə olan marağı və istedadı haqqında danışdı.YAP Səbail rayon “Caspian International Hospital” ərazi ilk partiya təşkilatının üzvü Firuzə xanım Ağayeva Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətləri olan Zərifə xanım Əliyevanın elmi irsi və milli təbabətimizə bəxş etdiyi saysız-hesabsız yetirmələri haqqında danışaraq Zərifə xanımı Azərbaycan elminin fəxri adlandırdı.Videokonfrans Zərifə xanım Əliyevanın elmi irsinə və şərəfli həyat yoluna dair fikir mübadiləsi ilə davam etdi.

sia.az

Digər xəbərlər