PDF Oxu

Siyasət

  • 7 374

Azərbaycan-Çin əlaqələri sağlam təməllər üzərində qurulub - ŞƏRH

image

Çinlə Azərbaycan arasında əlaqələrin qədim tarixi var. Qədim İpək Yolunun Çindən başlayaraq Hindistan, Tacikistan, Özbəkistan, İran və Azərbaycana, buradan isə Avropanın günbatan hissəsinə qədər uzanması ölkələrimiz arasında əlaqələri başqa istiqamətlərdə də inkişaf etdirmişdir.

Hazırda Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindəndir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

Tarix...

Ötən əsrin 90-cı illərində Müstəqil Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. Bu əlamətdar hadisə 1991-ci il dekabrın 27-nə təsadüf edir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb, 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib. 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ölkəmizin Çin Xalq Respublikasında səfirliyinin açılması qərarlaşdırılıb.

İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib. 1994-cü il 7-10 mart tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olub. Ulu Öndər Çin Xalq Respublikasının sədri Tszyan Tszemin, baş naziri Li Pen ilə rəsmi görüşlər keçirib. Səfər zamanı iki dövlət arasında 8 müqavilə imzalanıb. ÇXR sədri Tszyan Tszemin Azərbaycan Prezidenti Heydər Əliyevlə danışıqlarda bildirib: "Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır".

Elə həmin gün Tszyan Tszemin və Heydər Əliyev ÇXR ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalayıblar. İki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər də bağlanıb.

Heydər Əliyevin ÇXR Dövlət Şurasının baş naziri Li Penlə görüşündə ikitərəfli münasibətlərin müxtəlif cəhətlərinə, habelə Azərbaycanda və bütövlükdə bölgədə vəziyyətlə bağlı məsələlərə toxunulub.

1996-cı il 17-18 aprel tarixində Çin Xalq Respublikası Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tsyan Tsiçeni qəbul edərkən ikitərəfli münasibətlərlə yanaşı, əsas müzakirə mövzularından biri də Azərbaycanın dövlət suverenliyi və torpaqlarının işğalı olub. Tsyan Tsiçen ÇXR-in Azərbaycan Respublikasının torpaqlarının toxunulmazlığını tanıdığını və Azərbaycanın yanında olduqlarını bir daha bəyan edib.

1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük ipək yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfrans da öz növbəsində iki ölkə arasında münasibətlərin daha da istiləşməsinə səbəb olub.

‎Azərbaycan Prezidenti İlham Əliyev də CXR-lə münasibətlərin inkişaf etdirilməsinə daim diqqətlə yanaşıb. 2005-ci il martın 17-19-da Azərbaycan Prezidenti Çin Xalq Respublikasında rəsmi səfərdə olub. ÇXR-in sədri Xu Szintao Azərbaycan Prezidentinin səfərini iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi qiymətləndirib. O, həmçinin, Azərbaycanın Cənubi Qafqazda liderlik mövqeyinin möhkəmlənməsindən məmnun olduğunu bildirib. Öz növbəsində İlham Əliyev Azərbaycanın Çinlə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycan rəhbərliyinin Çinin işgüzar dairələrinin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasına köməklik göstərəcəyini deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu barədə 2019-cu ilin aprelində Çinin “Sinxua” agentliyinə müsahibəsində Prezident İlham Əliyev belə deyib: “Mənim 2015-ci ildə Çinə səfərim zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da var idi. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var”.

İqtisadi əlaqələr...

2019-cu il aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinə səfərə edib və ayın 26-27-də Çinin paytaxtı Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib.
Qeyd edək ki, "Bir kəmər, bir yol" layihəsi Çin iqtisadiyyatının əsasını təşkil edir. Bu layihəyə altı istiqamət daxildir. Birinci istiqamət Çin, Monqolustan, Rusiya və Skandinaviya ölkələri, ikinci istiqamət Çin, Qazaxıstan, Rusiya, Belarus və Mərkəzi Avropa ölkələri, üçüncü istiqamət Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, Türkiyə və Cənubi Avropa ölkələri, dördüncü istiqamət Çin, Pakistanın Karaçidəniz limanı, beşinci istiqamət Çin, Myanma və Hindistan, altıncı istiqamət Çin, Tailand, Malayziya, Sinqapur və dəniz yolu ilə Afrika və Latın Amerikası ölkələri. Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında "Bakı-Tbilisi-Qars" dəmir yolunun açılışı ilə öz təsdiqini tapdı. Çin hökuməti "Bakı-Tbilisi-Qars" dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də "Bir kəmər, bir yol" layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.

Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin genişləndirilməsi, bu sahədəki problemlərin həlli məqsədilə Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. Prezident İlham Əliyevin 2019-cu ilin aprelində Çinə səfəri zamanı iki ölkə şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan 10 sənəd imzalanıb. İlham Əliyevin Si Cinpinlə görüşündə Çin rəhbərinin: “Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram”, fikri Azərbaycan Prezidentinin şəxsiyyətinə, qlobal siyasətdə yerinə və roluna verilən önəmli qiymət, dövlət başçımıza olan inam və etimadın təzahürü kimi qəbul edilməlidir.

Dövlətimizin başçısı isə çıxışında Azərbaycanın sənaye istehsalında, texnoparkların yaradılmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinin irəli sürdüyü qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı Azərbaycanın da qədim İpək Yolu üzərində yerləşdiyini deyib, Çin mallarının ölkəmizdən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında respublikamızın əlverişli coğrafi mövqeyə, infrastruktur imkanlarına malik olduğunu bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycandan keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər: "Bu sahədə Azərbaycan öz töhfəsini verməyə hazırdır. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit dəhlizi layihələrində mühüm rol oynaya bilər və artıq bu sahədə konkret addımlar atır".

Çin Xalq Respublikasının sədri Si Cinpin bildirib ki, Çin ilə Azərbaycan hüquq bərabərliyi, qarşılıqlı fayda və qarşılıqlı hörmət ruhunda ikitərəfli əlaqələri inkişaf etdirir, həyati əhəmiyyətli və ciddi narahatlıq doğuran məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyirlər: "Siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir, çoxplanlı əməkdaşlıq fasiləsiz olaraq dərinləşir. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri üçün möhkəm təməl və geniş perspektivlər var".

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur. 2019-cu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2.3 dəfə artaraq 1.4 milyard ABŞ dollarından çox olub. Halbuki, 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi olduqca az - 1,5 milyon ABŞ dolları təşkil edirdi. Sonradan bu göstərici 2003-cü ildə 111,7 milyon dollar, 2016-cı ildə 770 milyona çatıb, 2018-ci ildə isə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard ABŞ dollarından çox olub, bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43%-ni təşkil edir.

Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir.

Azərbaycan Respublikasının “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman qeyd edir. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri iştirak edib. Çin Azərbaycan iqtisadiyyatına 800 milyon dollar, Azərbaycan isə Çinə 1.7 milyard dollar sərmayə yatırıb.

TANAP qaz layihəsinin maliyyələşdirilməsinə Çin 600 milyon dollar kredit ayırıb. Azərbaycanda 120-yə yaxın Çin sərmayəli şirkət fəaliyyət göstərir. Çin tərəfindən irəli sürülən məşhur “Bir kəmər – bir yol” qlobal nəqliyyat dəhlizi layihəsini ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub. Cənab Prezidentin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “İpək Yolu İqtisadi Kəməri”nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz bu nəqliyyat marşrutları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur.

Prezident İlham Əliyevin iyunun 2-də Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti zamanı müzakirə edilən mühüm məsələlər faydalı əməkdaşlığını daha da genişləndirir. Çin-Azərbaycan münasibətləri həqiqi səmimi dostluq və yaxın tərəfdaşlığa əsaslanır. COVID-19 pandemiyası dövründə hər iki ölkə güclü iradə nümayiş etdirərək, bu qlobal bəlaya qarşı mübarizədə həmrəylik nümayiş etdirdi, bir-birini dəstəklədi, Çin əldə etdiyi peyvəndi ilk ölkələrdən biri kimi Azərbaycana təqdim etdi. Hazırda hər iki ölkə “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin daha da genişləndirilməsi təşəbbüsünü artırır.

V.VƏLİYEV

Digər xəbərlər