Azərbaycanda yeni çağırışlara cavab verən milli mətbuat formalaşmışdır

Azərbaycan milli mətbuatının inkişafı çətin, lakin şərəfli bir fəaliyyət yolu ilə səciyyəlidir. Əsası böyük mütəfəkkir və maarifçi Həsən bəy Zərdabi tərəfindən qoyulmuş və qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rola malik ilk mətbu orqanının - “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

Müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, ənənələri qoruyan Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə təmsil olunub.
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra bütün digər sahələrdə olduğu kimi milli mətbuatın da yeni dövrün tələblərinə uyğun inkişafı üçün geniş şərait yaranıb. Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib.
Medianın inkişafı naminə dövlətin hüquqi institusional təşəbbüsləri sırasında Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı xüsusi çəkiyə malikdir. Geniş Dövlət Proqramının əsas istiqamətlərininin müəyyən olunduğu bu siyasi qərarla kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi ölkə ictimaiyyəti tərəfindən azad mətbuatın inkişafına xidmət edən önəmli və mütərəqqi addım kimi dəyərləndirilmişdir. Bu fərmanın səmərəli icrası medianın sürətli inkişafına ciddi impuls verməklə yanaşı, onun rasionallığının artırılmasına sahəsində böyük nailiyyətlərin əldə olunmasına münbit şərait yaratmışdır. Bu istiqamətdə ən böyük töhfələrdən biri kimi 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması ilə mətbuat və informasiya məkanında sürətli qloballaşma prosesi başlamış, mətbuatın funksionallığı əhəmiyyətli dərəcədə artmışdır.
2003-cü ildə Azərbaycanda Mətbuat Şurasının formalaşması ilə media sahəsində pərakəndəlik aradan qalxmış, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərmişdir.
Milli mətbuatın inkişafını siyasi prioritet kimi ictimaiyyətə elan edən Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ildə imzaladığı müvafiq sərəncam əsasında Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu təsis edilmişdir. 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə isə onun bazasında Medianın İnkişafı Agentliyi yaradılması medianın inkişafında keyfiyyət etibarilə yeni mərhələnin başlanğıcını qoymuşdur.
Ölkə rəhbərliyinin təşəbbüsü ilə çap mediasının vergidən azad edilməsi, eləcə də qəzetlərin, jurnalların nəşriyyata olan borclarının silinməsi haqqında qəbul olunan qərarlar ölkədə mətbuatın inkişafına dair göstərilən dəstəyin daha bir təzahürüdür. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir. Ölkə rəhbərliyinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümüdür.
Bu gün müstəqil, demokratik və hüquqi dövlət quruculuğu prosesini yaşayan Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi mətbuat və informasiya sahəsində də demokratiya prinsiplərinə dönmədən əməl olunur. Fikir və söz azadlığı, siyasi plüralizm mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir. Məhz bunun nəticəsidir ki, hazırda 5 mindən çox media subyektinin fəaliyyət göstərdiyi Azərbaycanda dünyanın ən qabaqcıl ölkələrinin əldə etdiyi nailiyyətlərlə rəqabət apara bilən coxşaxəli mətbuat və informasiya sistemi yaradılmış, bütün respublika ərazisini əhatə edən ən müasir teleradio, kütləvi informasiya şəbəkələri, milli jurnalistika elmi inkişaf etmişdir. Respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Azərbaycan mediası bütün dünyada gedən qloballaşma prosesinə uğurla inteqrasiya olunub.
Fədakarlıq və qəhrəmanlıq rəmzinə çevrilmiş mətbuat işçiləri respublikamızda və onun ətrafında baş verən hadisələrin geniş analitik təhlil edilməsində, Azərbaycanda gedən demokratik dəyişikliklərin beynəlxalq aləmdə şərh edilməsində obyektivlik, prinsipiallıq, yüksək professionallıq və əsl vətəndaşlıq mövqeyi nümayiş etdirirlər. 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın əvəzsiz rolunu və jurnalistlərin səmərəli fəaliyyətini danmaq mümkün deyil. Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində 2 jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyası ilə üzləşmişdir. Azərbaycanın media nümayəndələri bu gün də fasiləsiz davam edən informasiya müharibəsində öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənməkdədirlər.
Bu gün tez-tez “dördüncü hakimiyyət” adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç qolunun (qanunverici, icra, məhkəmə) fəaliyyətinin təkmilləşdirilməsinə kömək edir. Ən qabaqcıl texnologiyaların media sektoruna daxil olması və yeni trendlərin meydana gəlməsi jurnalistlərin cəmiyyəti obyektiv, peşəkar şəkildə məlumatlandırmaq missiyasını reallaşdırmasında vacib amil rolunu oynayır. Bu baxımdan yeni dövrün cağırışları milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini daha da aktuallaşdırır.

Əli HÜSEYNLİ,
Milli Məclisin deputatı

yap.org.az