Ulu öndərin milli idarəçilik məktəbinin bir yetirməsi də Azərtbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, alim, milli mədəniyyətimizin dünyada tanınan hamisi Mehriban xanım Əliyevadır. Ölkənin birinci xanımı bütün bu keyfiyyətləri – mötəbər mövqeyi və yüksək nüfuzu ilə Azərbaycanın görkəmli qadın lideri, ali statuslu rəhbərdir.

Mehriban xanım Əliyeva haqqında yazarkən, ilk növbədə, onun əsil-nəsilli bir ailədə doğulub-böyüməsi, mükəmməl bir təlim-tərbiyə alması göz önünə gəlir. Gənc yaşından ulu öndər Heydər Əliyev kimi siyasət nəhənginin ən yaxın çevrəsində mənimsədiyi siyasi təlim, qazandığı əhatəli sosial-mənəvi baxış, akademik Zərifə xanımdan əxz etdiyi ictimai-mədəni davranış, insani nəciblik və mərhəmət, Mir Cəlal kimi görkəmli yazıçı və Nəsir İmanquliyev kimi ustad jurnalist olan babalarından görüb-götürdüyü milli ziyalılıq düşüncəsi, akademik Arif Paşayev və professor Aida xanım İmanquliyeva kimi valideynlərindən aldığı nümunəvi ailə tərbiyəsi Mehriban xanım Əliyevanın yetişdiyi indiki ali məqamın illər boyu formalaşan möhkəm özülü olmuşdur. Bütün bunlar dünyada tanınan böyük şəxsiyyət, nüfuzlu ictimai-siyasi xadim olaraq Azərbaycanın birinci xanımının milli ziyalılıqda yeni bir tarixi örnək yaratmasının da təbii və coşğun qaynağıdır.Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu dünyada öz çoxmiqyaslı, xeyirxah fəaliyyəti ilə seçilən, böyük layihələrə imza atan vətəndaş cəmiyyəti qurumudur.

Ulu Öndərin adını daşıyan, onun ideya və əməllərinin təntənəsinə xidmət işində öncüllük və örnək göstərən bu nadir təsisat ölkədə və dünyada səhiyyə, təhsil, elm, mədəniyyət, mənəviyyat sferalarında müxtəlif səpkili tədbirləri gerçəkləşdirməklə, bir sıra yönlərdə dövlət siyasətinin həyata keçirilməsində hərəkətverici amilə çevrilməklə misilsiz bir nüfuz qazanmışdır.Xanım Mehriban Əliyeva Azərbaycan adət-ənənələrinə hörmət, diqqət və sayğı ilə yanaşan güclü qadın kimi çağdaş dünyada bənzərsiz bir rəhbər xarakterini əks etdirir. Onun çoxşaxəli və səmərəli fəaliyyəti, nəinki qadınlar üçün, eləcə də gənc qızlar üçün örnək olaraq bir sıra ali dəyərlərə söykənir. Mehriban xanım Azərbaycan xalqının, dövlətinin maraqlarını beynəlxalq aləmdə əks etdirməklə yanaşı, müasir Azərbaycan qadınının ictimai-siyasi obrazını da dünyaya tanıdır.

Ölkəmizin siyasi-iqtisadi, sosial-ictimai, mədəni-mənəvi tərəqqisində xüsusi yeri, xidmətləri olan Azərbaycanın birinci xanımı hazırda dünyada öz sözü, samballı nüfuzu olan lider qadın örnəyinə çevrilmişdir.Müasir Azərbaycan tarixində qadın hərəkatının yeni səhifəsini yazan Mehriban xanım Əliyeva böyük əzmkarlıqla bu məsuliyyətli missiyanın öhdəsindən gəlir. Çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik və zərif humanizm dayanan birinci xanımının təşəbbüsü ilə həyata keçirilən layihələr təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir."Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar".

Qadınların roluna yüksək qiymət verən dahi lider Heydər Əliyevin qeyd etdiyi kimi müasir Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə layiqincə təcəssüm etdirən Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində daim mərhəmət, xeyirxahlıq, humanizm kimi ümumbəşəri prinsiplərə sadiq qalaraq təkcə statusuna görə yox, real əməli ilə ölkəmizin birinci xanımı olduğunu sübuta yetirib. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri adlarını ləyaqətlə daşıyan, Ümummilli Liderin xeyirxah, nəcib əməllərini yaşadan Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın Azərbaycan qadınının sosial fəallığının yüksəlməsində, respublikamızın dinamik inkişafının təmin edilməsinə özünəməxsus töhfələr verməsində, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsində da fəaliyyəti misilsizdir.Həyatının mənasını Vətəninə və xalqına xidmətdə görən, hər bir azərbaycanlı qadınına nümunə olan ölkəmizin birinci xanımı sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazanıb. Ümumdünya qlobal böhranına çevrilmiş COVID-19 infeksiyasının ölkələri gözlənilməz bəlaya düçar etdiyi bir dövrdə də ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlarla ilə yanaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın “Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm!”, - kimi çağırışları ölkə vətəndaşlarında gələcəyə inam, pandemiyadan az itki ilə çıxacağına ümid yaratdı.Heç şübhəsiz, sadalalan keyfiyyətlər ilə yanaşı, birada 2 mühüm amilin də rolu danılmazdır.

Bunlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurları əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu konteksdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Mehriban xanım Əliyeva böyük genetik irsin varisidir. Babası Mir Cəlal Paşayev Azərbaycanın mütəfəkkir ədibi, atası Arif Paşayev və anası Aida İmanquliyeva Azərbaycan və dünya elmində öz izini qoymuş böyük şəxsiyyətlərdir. Bu unikal ailənin övladı olan Mehriban xanım Əliyevanın dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi və sistemli analiz qabiliyyətinə malik olması, hadisə və proselərə münasibətdə prinsipial və qətiyyətli davaranış tərzi nümayiş etdirməsi bilavasitə genetik irsin və bu xüsusda fitrətən istedadın, eləcə də fədəkar zəhmətin nəticəsidir.Müasir dövrün çağırışları dövlətimiz qarşısında hər gün yeni vəzifələr qoyur. Belə bir şəraitdə Mehriban xanımın daim cəmiyyətin sosial qayğılarına diqqət yetirərək, maddi vəziyyəti ağır olan minlərlə xəstəni əməliyyat və müalicə etdirərək yenidən həyata qayıtmalarına dəstək olması, müqəddəs amal və xeyirxahlıq ənənələrinin möhkəmlənməsinə böyük töhvə verir. Mehriban xanımın gördüyü əvəzsiz xidmətlər, geniş ictimai və ucsuz-bucaqsız xeyriyyəçilik fəaliyyəti, səmimiliyi, sadəliyi, əhalinin qayğılarına həssas münasibəti insanların dərin inamını, hörmət və məhəbbətini qazanmasına səbəb olan amildir.

Mehriban xanıma xas olan yüksək işgüzarlıq və mənəvi keyfiyyətlər, dərin biliklər, təşkilatçılıq bacarığı bir mədəniyyət məktəbi olaraq öyrənilməlidir.Mehriban xanımın yüksək dövlət vəzifələrində çoxillik fəaliyyəti, qazandığı hörmət və böyük beynəlxalq nüfuzu, əvəzsiz və məhsuldar fəaliyyəti ilə sözün əsil mənasında önəmli bir tarix yazmaqdadır. Hesab edirəm ki, yazılan bu tarixin hər sətri insanlığa mənəvi keyfiyyətlər bəxş edir.Fürsətdən istifadə edib, Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ona varlığı boyunca bütün ruhu və qəlbi ilə xalqın təəssübkeşliyini daşıyaraq, milli ideyalar ilə yaşayıb yaradan, tükənməz enerjiyə malik nəcib missiyasında, o cümlədən, şərəfli və məsuliyyətli dövlət fəaliyyətində davamlı uğurlar arzulayıram.
Leyla NƏCƏFOVA,
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Baş Fond müdiri
sia.az