Siyasət

  • 2 379

"İranın tutduğu mövqe təəssüf doğurur" - MÜSAHİBƏ

image

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov SİA-ya müsahibə verib. Həmin müsahibəni sizə, təqdim edirik:

- Son zamanlar sosial şəbəkələrdə, xəbər saytlarında müzakirələr gedir. İran tərəfindən Azərbaycana qarşı təhdid xarakterli çıxışlar edilir. Hətta İran arazboyu sərhəddə hərbi təlimlərə başlayıb. Bütün bunlar Gorus-Qafan ərazisində Azərbaycanın polis postu qurmasından sonra baş verdi. İran sanki etiraz əlaməti olaraq bunlara əl atır. Sizcə, bu İranı niyə narahat edir?

- Təbii ki, İranın tutduğu mövqe təəssüf doğurur. İran bizim böyük qonşumuzdur. Müstəqilliyimizin ilk illərində çox yaxşı əlaqələrimiz olub. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərindən biridir. Qarabağ döyüşləri başlayanda İran aktiv şəkildə bizə kömək edib. Onun generalları burada olub. Sonrakı dövrdə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qaçqınların, köçkünlərin problemlərinin həllində bizə çox böyük kömək etdi. Təqribən yüz minlik çadır şəhərciyi qurdu. Düzdür, çalışdılar müəyyən qədər dini təbliğat da aparsınlar. O dövrdə Ulu öndər Heydər Əliyev bunun qarşısını almaq üçün ciddi tədbirlər gördü. Amma etiraf etmək lazımdır ki, İran o dövrdə həm Naxçıvana, həm də bizə kömək etdi. Amma təəssüflər olsun ki, son zamanlar İran özünəlayiq böyük dövlət kimi aparmır. Açıq-aşkar qanunu pozmaq, beynəlxalq hüquqa etinasızlıq nümayiş etdirir. Gorus-Qafan yolunun 21 kilometri Azərbaycana aiddir. Bu bizim haqqımızdır ki, oradan keçən maşınları yoxlayaq, gömrük rüsumu alaq, torpaq vergisi alaq. Bizə deyirlər ki, ermənilərə ödəmişik, indi sizə nəsə ödəməliyik. Bir dəfə ödəmək fikriniz varsa, onlara verməyin də ermənilərə nəsə vermisiz onun bizə nə əlaqəsi var. Üstəlik dəfələrlə, xəbərdarlıq edilməsinə baxmayaraq keçmiş Dağlıq Qarabağ ərazisinə İran tırlarını müəyyən qazanc əldə etmək üçün getməsi faktı var. Hələlik görünür İran qazanc üçün bu hərəkətlərə əl atır. Çünki burada başqa heçnə edə bilməzlər çünki rus sülhməramlıları buradadır. Ruslar burada tamamilə vəziyyətə nəzarət edir. Hə, ola bilər ki, İran burada silah alveri də edə bilər. Ancaq İranın burada əsas məsələsi qazanc məsələsidir. Dəfələrlə, Azərbaycan Prezidenti işarə etdi. Dedi ki, başqa ölkələrin maşınları daxil olur, erməni nömrələri qoyulur. Ancaq bunu eşitmədilər, nəticə çıxarmadılar. Axırda məcbur olduq ki, rəsmi şəkildə nota verək ondan sonra da hələ ki münasibətlərin yaxşılaşması üçün heç bir addımlar atmadılar. İndi sərhəddə təlimlər keçirlər. Azərbaycana güc nümayiş etdirməyə çalışırlar. Hansı ki, bu əhəmiyyətsiz bir şeydir. Sonra dini liderin Ərdəbil üzrə rəhbəri yöndəmsiz bir bəyanat verib. Guya hansısa millət vəkili türk mətbuatına müsahibə verib və İran yer üzündən silinəcək deyib. Yəni İranın belə qeyri-ciddi addımlar atması ona xeyir verməyəcək. Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycanın kifayət qədər güclü müttəfiqləri var. İran Azərbaycan və onun müttəfiqləri ilə yaxşı əlaqələr qurmalıdır. Bu daha yaxşı olacaq.

- İran yenə də Gorus-Qafan ərazisinin Azərbaycana daxil olmayan ərazisindən yük daşımağa davam edir. Lakin bu aşırımlı yoldan istifadə etməkdənsə, Azərbaycan tərəfindən keçmək daha ucuz başa gəlir. Amma İran tərəfi Azərbaycan tərəfinin düz yolu ilə getmək əvəzinə Ermənistan tərəfinin kələ-kötürlü yolu ilə gedir. Bu da sual yaradır ki, İran tərəfi yəqin ki, istəmir ki, nə daşındığını Azərbaycan bilsin. Bu barədə nə düşünürsüz?

- Özlərini təhlükələrə atmaq hesabına, daha artıq xərc çəkmək hesabına bu yolu seçirlər. Təbii ki, bu çox ciddi şübhələr doğurur. Bu şübhələr yaranmaya bilməz. Belə baxanda Azərbaycan nümayəndələri yoxlayırlar və buraxırlar. Sən niyə əyri yollar axtarırsan. Ən əsası ermənilər də deyirlər ki, bəyanatda yazılıb ki, Azərbaycan nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat verib. Təbii təminat verib. Söhbət Ermənistandan və Qarabağdan gedir. Üçüncü kənar bir dövlətdən söhbət getmir. Bununla İranın heç bir əlaqəsi yoxdur. İran buradan Azərbaycanın icazəsi olmadan maşınlar daxil etməməlidir. Bu aydın bir məsələdir. Bunu dəfələrlə, dönüb-dönüb təkrar etməyə ehtiyac yoxdur. Mən hesab edirəm ki, İran bu yolu tutmamalıdır. Bu yolun ona heç bir xeyri yoxdur.

- İranla münasibətlərə yenidən baxmağa ehtiyac varmı?

- Bunu dəfələrlə, Prezident də deyib, İran bizim dostumuzdur, İran bizim qonşumuzdur. Biz İranla əlaqələrin yaxşı olmasında, əlbəttə, maraqlıyıq. Bəzən bəzi məsələlərdə İrana qarşı bizdə də ciddi etiraz yaranır. Ancaq biz bu məsələləri çox da böyütməməliyik. Nə İran böyütməməlidi, nə biz böyütməməliyik. Təbii ki, bu ermənilərin xeyrinədir. Ermənilərin maraqlarına cavab verir ki, bizim həm İranla problemimiz olsun, həm də Rusiya ilə problemimiz olsun. O da bundan istifadə edib, özü üçün əlverişli nəticə yaratsın. Biz bu məsələri də yadda saxlamalıyıq. Mən hesab edirəm ki, qısa zamanda İranla olan məsələlərin hamısı həll olunacaq.

- Paşinyan Gürcüstanda səfərdə olanda bir neçə saatlığına Batumidə yoxa çıxıb. Bəzi politoloqlar iddia edir ki, bu zaman Paşinyan Türkiyə və ya Azərbaycan rəsmiləri ilə görüşüb və sülh danışıqları haqda danışıq aparıb. Bəzi politoloqlar isə qeyd edir ki, bu Paşinyanın oyunudur, özünü sülhpərvər kimi göstərməyə çalışır. Siz bu barədə nə düşünürsüz?

- Tamamilə mümkündür ki, gizli danışıqlar olub. Amma bu danışıqlar hansısa nəticəyə xüsusilə də, sülhə gətirib çıxara bilərmi? Mən buna açığı inanmıram. Mən ümumiyyətlə, birbaşa danışıqların da nəticə verəcəyinə inanmıram. Azərbaycan-Ermənistan liderlərinin birbaşa danışıqlarının da nəticə verəcəyinə inamıram. Türkiyə vasitəçiliyi olsa necə? Türkiyənin də vasitəçiliyini Ermənistan tərəfi qəbul etməz. Türkiyənin vasitəçiliyi yalnız 10 noyabrda olduğu kimi ola bilər. Əsas ortada olan Rusiyadı amma Türkiyə də aktiv şəkildə iştirak etdi. Eyni proseslər mən hesab edirəm ki, getməlidir. İnşaallah ki gedər. Paşinyan Ərdoğanla görüşmək istəyir. Niyə? Təbii ki, burada erməni məkri də var. Yəni Azərbaycan ilə Türkiyə arasında fərqli bir fikir yarada bilərəmmi, deyə düşünür. Nəyi vəd etmək olar ki, Türkiyə Azərbaycanın mövqeyindən biraz aralansın. Bəzi məsələlərdə Azərbaycana təsir etsin. Təbii ki, bunun heç bir nəticəsi olmayacaq.

Digər xəbərlər