“Biz, Rumıniya olaraq Azərbaycan Milli Məclisi və Azərbaycan xalqı ilə əməkdaşlığa böyük önəm veririk”. SİA xəbər verir ki, bunu Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean çıxışı zamanı bildirib.O qeyd edib ki, bu il Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 illiyi qeyd olunub və bu hadisə ölkənin müasir dövlətçilik tarixində mühüm mərhələdir: “Konstitusiya siyasi sistemin möhkəm təməlini yaratmış, qanunun aliliyinə, ədalətə və insan hüquqlarının qorunmasına təminat vermişdir. Son illərdə isə dövlətin dinamik inkişafı ilə yanaşı Konstitusiya da təkamül etmişdir”. Mirça Abrudean, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci ilin Konstitusiyaya həsr olunmasının bu sənədin milli həyatdakı rolunu daha da önə çıxardığını vurğulayıb.Rumıniya Senatının sədri həmçinin parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunub: “Bu gün Konstitusiyanın 30 illik yubileyi münasibətilə keçirilən beynəlxalq parlament platformasında ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq bir daha nümayiş olunmuşdur”.Onun sözlərinə görə, Rumıniya parlamenti Azərbaycan və digər tərəfdaşlarla enerji, iqtisadiyyat, vətəndaş hüquqları və institusional inkişaf sahələrində təcrübə və dəyərlərin mübadiləsini davam etdirir: “Enerji və infrastruktur sahəsində şəffaflıq və səmərəli idarəetmə həm dövlət, həm vətəndaşlar, həm də biznes mühiti üçün vacibdir”.O qeyd edib ki, parlament diplomatiyası dövlətlər arasında etimadı gücləndirən mühüm vasitədir: “Konstitusiya və davamlılıq prinsipləri bizə yeni imkanlar açır. Bu imkanlardan istifadə edərək ortaq məqsədlərimizi reallaşdırmalı və Azərbaycan-Rumıniya dostluğunu daha da möhkəmləndirməliyik”.