Siyasət

  • 2 799

27 sentyabr – həm anım, həm də qədd-qamətimizin dikəldiyi gün!

image

QALİB ÖLKƏNİN VƏTƏNDAŞINA QƏLƏBƏNİN NECƏ BÖYÜK SEVİNC OLDUĞUNU YAŞADAN ŞƏHİDLƏRİMİZİN RUHU QARŞISINDA BAŞ ƏYİRİK

27 sentyabr 2021-ci il. Bu tarix Böyük Zəfərlə başa çatan 44 günlük Vətən Müharibəsində həyatını itirən şəhidlərin xatirəsinə həsr olunan Anım Günüdür. Ötən ilin, məhz bu tarixində Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncamla təqvimə daxil edilən hüzn günümüz mənim düşüncəmdə həm də sındırılmış qürurumuzun, əyilmiş başımızın dikəldiyi gündür. Əlbəttə bu fikirlərim müharibə ilə öyünməyim anlamına gəlməməlidir. Vətən savaşında canından, qanından keçən hər bir şəhidimiz bizim üçün böyük itkidir, əvəzləri heç vaxt ödənilməyəcək, yerləri dolmayacaq. Ancaq II Qarabağ Müharibəsində ən yaxın üç qohumunu (Çərkəz Teyubov, Ruhid İslamlı, Şahin Tahirli) itirən biri kimi tam səmimiyyətimlə deyə bilərəm ki, ancaq və ancaq o qəhrəman övladlarımızın canı-qanı bahasına qazanılan qələbə əyilərək ikiqat olmuş qədd-qamətimizi düzəltməklə, bizə heç vaxt yaşamadığımız sevinci yaşatdılar. I Qarabağ Müharibəsindəki məğlubiyyətin mənəvi əzab-əziyyətini yaşayan ziyalılar yaxşı xatırlayar ki, xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda, elmi simpoziumlarda əzəli, əbədi düşmənlərimiz olan Ermənistan təmsilçiləri ilə göz-gözə gəlməkdən, onların olduğu auditoriyada təşkil olunan müzakirələrə, fikir mübadilələrinə daha fəal qoşulmaqdan çəkinərdik. Yenə xatırlatmağım yerinə düşər: 2015-ci ildə Moskvada keçirilən "MDB Elm Forumu"unda Ermənistandan olan gənc alimlərlə hava limanından otelə, oradan tədbirin keçirildiyi məkana eyni maşrutda getməkdən və eləcə də onlarla bir oteldə qalmaqdan imtina etdik. Yoxki, biz onlardan çəkinirdik və ya elmimiz, bilik və bacığımız, hazırladığımız elmi təqdimatların səviyyəsi onlarınkından zəif idir. Əsla belə deyildi. Necə ki, dövlət başçısı cənab İlham Əliyev beynəlxalq səviyyələrdə keçirilən bütün görüşlərdə “başsız erməni başçılarına” tarixdən, siyasətdən, mədəniyyətdən dərs keçib, onları rəzil günə salırdı, eləcə də bizim elm adamları müxtəlif elmi müzakirələrdə onların dövləti, tarixi kimi elminin də saxta olduğunu sübut edirdilər. Amma nədənsə, müharibədə ermənilərə məğlub edilmiş ölkənin, xalqın nümayəndələri kimi onlarla qarşı-qarşıya gəlmək istəmirdik. Üstəlik, beynəlxalq səviyyəli müştərək tədqiqatlar aparmaq istədiyimiz bəzi alimləri bizimlə birgə ortaq tədqiqatlar aparmağa az maraq göstərirdilər, sanki onların təsəvvüründə “döyüşdə “uduzan” ölkənin alimi elmdə güclü ola bilməz" fikirlərinin olduğunu hiss edirdik. Ancaq Ali Baş komandanın rəhbərliyi altında Müzəffər Ordumuz bizi bir növ yenidən qürurlu dövlətin, millətin alimi, müəllimi, həkimi, bir sözlə vətəndaşı olmaq imkanı verdi, əyilmiş başımızı dikəltməklə, həm də bizi məğlub ölkədən qalib ölkənin alimi olmaq mərtəbəsinə yüksəltdi. Heç şübhəsiz o zaman bizə hardasa yuxarıdan aşağı nəzərlərlə yanaşan o alim həmkarlarımızın baxışlarında dəyişiklikləri də görməkdəyik. İndi biz onlardan ən yaxşıların yaxşıları ilə çalışmaq seçimi edirik. Təkcə elmlə deyil, digər istənilən sahələr üzr müharibə qalibiyyətimizin gətirdiyi yeni reallıqlardan irəli gələn onlarla, yüzlərlə belə faktlar sadalamaq olar.
Xalqımızın “Dəmir Yumruğ”u işə salmasından artıq bir il geridə qaldı. Günlər ötdükcə bu qələbəmizin nə qədər böyük dəyər olduğunu anlayırıq. Dünyada ikili yanaşmaların, bəzi hegemon ölkələrin bu məsələyə riyakar münasibəti, güc amilinin bir çox hallarda hüquq və ədalətin, qanunların aliliyi kimi ümumbəşəri dəyərlərdən yüksəkdə dayanması bu haqq savaşında haqlı olduğumuz halda haqsız duruma salınmağımıza gətirib çıxarmışdı. Etiraf edəyin, bu cür ədalətsizliklər elə bir həddə gəlib çatmışdı ki, artıq Qarabağ probleminin nəinki sülh yolu ilə öz həllini tapacağına, hətta müharibə ilə ərazi bütövlüyümüzün bərpa olunmasına bizə imkan veriləcəyinə inamımız qalmamışdı. Əgər bir il bundan əvvəl kimsə desəydi, Şuşada “Xarıbülbül Festivalı”, Ağdamda elmi konfrans keçiriləcək, deyərdik yuxu görür. Axı, geridə alan 30 ilə yaxın müddətdə bizi elə bir hala gətirmişdilər, elə bilki işğalçı biz, işğala məruz qalan ermənilər idi. “Axırıncı aşırım” filimində Kərbəlayı İsmayıl obrazını canlandıran ölməz sənətkarımız Adil İsgəndərovun dillər əzbərinə çevrilən deyimindəki kimi torpağımızın 20 faizini işğal etdilər, qarşısını ala bilmədik, günahsız, əli silahsız insanlarımıza “Xocalı”, “Qaradağlı”, “Ağdaban”, “Başlıbel” və sair soyqırımlar törətdilər səsimizi-harayımıza hay verən olmadı, kəndləri, şəhərlərimizi tar-mar etdilər, dünya güclərinin gözləri kor, dilləri lal, qulaqları kar oldu, görməzlikdən, eşitməzlikdən, danışmazlıqdan gəldilər. Sərhəd tanımayan erməni həyasızlığına səssizliyimizi görənlər bizi “Yeni ərazilər üçün yeni müharibə” ilə təhdid etməkdən belə çəkinmədilər. Düşmənin bütün bu aqressiv davranışlarının qarşısında bircə dözməyə çalışdıq. O qədər səbr etmişdik ki, belə davranışımıza görə toplum olaraq barəmizdə “Azərbaycan xalqı yatmış şirdir, burda oyatsan qalxıb, gedib digər tərəfdə yatacaq” kimi heç də xoş olmayan aforizmlər, lətifələr düzüb-qoşub danışırdılar. Amma demək ki, ədalətin bərqərarı üçün Azərbaycan xalqının böyük səbr-dözüm nümayiş etdirməsi lazım imiş. Müzəffər Ordunun Baş Komandanının dediyi kimi: “İşğal dövründə bir çoxlarımız – həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi”.
Mənfur düşmən unutmamalı idi ki, Şuşa Azərbaycan və azərbaycanlıların ən həssas və yaralı yeridir. Bu xalqın şüşə kimi “Şuşa həssaslığına” toxunmaq ən böyük yanlışlıqdı. Ermənilərin Baş naziri Nikol Paşinyanın “həftə səkkiz, mən doqquz” Xankəndinə gəlib-getməsi, Şuşada etdiyi “düşük” hərəkətləri, “Qondarma Qarabağ Respublikasının” oyuncaq prezidentinə bu qədim şəhərimizdə təşkil olunan və sonradan yasa çevrilən andiçmə mərasimi, şeytan yuvası olan “qondarma parlament”lərinin mədəniyyət paytaxtımıza köçürmək istəkləri xalqımızın səbrini daşırmaya bilməzdi və sonunda dəmir bir yumruq kimi birləşən xalq və onun müzəffər ordusu ilanın başını əzdi, işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi, ən əsası 30 ildə məqsədli şəkildə həll olunmayan bir problemi 44 günə sonlandırdı.
Təbii ki, təxminən son 200 illik tariximizdə ilk dəfə bu böyüklükdə torpaq bütövlüyümüzün bərpa edilməsində bütün nəsillərdən olan vətəndaşlarımızın əziyyəti, zəhməti var. Ancaq sirr deyil ki, əsas missiyanı gənc nəsil yerinə yetirib. Söhbət biz və bizdən əvvəlki nəslin yaşadığı dövrdə yaranan, ancaq həll edə bilmədiyimiz “Qarabağ yarası”nı sağaldan son 15-20 ilin gəncliyindən gedir. Həyatın şirinliyini dadmadan, nakam ömürlərini dastana çevirən Xudayar, Cəbrayıl, Vüsal, İman-Bəhram, Altay-Elgün əkiz qardaşları, Ruhid, Şahin, Çərkəz və neçə-neçə gənc şəhidlərimizin acı həyat hekayələrini oxuduqca, dinlədikcə, izlədikcə özüm-özümə sual verirəm: - İlahi, bu körpələrimiz vətənin gözəlliklərini biz qədər yaşamadan, Qarabağın əsrarəngiz təbiət möcüzələrini görmədən bir balaca qəlblərində o torpaqlara sevgi, vətənə qarşılqsız məhəbbət hardan yarandı ki, gözlərini qırpmadan ölümün ağuşuna atıldılar. Demək ki, vətən sevgisi sonradan yaranan yox, ilahidən gələn imiş. O qanla gəlir, can bədəndən çıxınca yox olarmış.
Adətən, hər yaşlı nəsl özündən sonra gələn gənc nəsli bəyənmir: “Bizim vaxtımızda gənclər belə deyildi, böyük-kiçik yeri bilirdilər, böyük danışanda, kiçiklər qulaq asardı. İndiki gənclərin oxumağa-yazmağa marağları yoxdur” deyə-deyə, bir növ öz gəncliyimizlə qürurlanırdıq, onları tənqid və bəzən məzəmmət etməkdən çəkinmirdik. Lakin onlar Vətən Müharibəsində göstərdikləri analoqu olmayan vətən sevgisi, yaratdıqları vətənpərvərlik nümunələri ilə müsbət mənada bizləri təccübləndirdilər.
44 günlük Vətən Müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən, ərazi bütövlüyümüz naminə şəhid olan, yaralanan, hər bir qarış torpağın azadlığı üçün canından, qanından keçən 3 minə yaxın şəhidimiz ölümləri ilə azərbaycanlıların bir xalq olaraq bundan sonra neçə əsrlər boyu qürurla yaşamalarına səbəb oldular. Ola bilər, dərsdə tarix fənninə maraq göstərməyən, o dərsdən qaçanlar həyatları bahasına tariximizin ən şərəfli səhifəsini yazdılar. Qarabağın tacı, ruhumuzun şəhəri olan Şuşanın azad edilməsi üçün qayalardan dırmanaraq yüngül silahlarla – bıçaqla, avtomatla tankın, topun üzərinə atılan, bu igidliyi dünyanın hərb tarixinə düşən Azərbaycan gəncliyinin qəhrəmanlıq nümunəsini yaratdılar. Bütün bunları ömrümüz boyu unutmamalıyıq. Eyni zamanda bizə bu böyük zəfəri yaşadan şəhidlərin qoyub getdikləri əmanətləri biz yaşatmalıyıq, onların ailə üzvlərini, qazilərimizi həmişə diqqət mərkəzində saxlamalıyıq. Təbii ki dövlət üzərinə düşən vəzifəni mümkün qədər yerinə yetirir. Amma hər şeyi dövlətdən gözləmək də düzgün deyil. İmkanlı şəxslərdən tutmuş sadə vətəndaşlarımıza qədər hər birimiz imkanı daxilində maddi və mənəvi olaraq şəhid ailə üzvləri və qazilərimizin yanında olmağı bacarmalıyıq.
Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin!!!

Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü, AMEA Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru
elmlər doktoru, dosent

yap.org.az

Digər xəbərlər