Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev və YAP Sabunçu rayon təşkilatının əməkdaşları şəhid Hüseynov Əkbər Bahadur oğlunun məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhid Hüseynov Əkbər Bahadur oğlunun ildönümü ilə əlaqədar keçirilən yas mərasimində iştirak etmişlər.Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Ə.Hüseynovun ailə üzvlərinə səbr arzulayan YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.Qeyd edək ki, Hüseynov Əkbər Bahadur oğlu 11.07.2001-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuşdur. 2018-ci ildə Sabunçu rayonu, Tahir Hacıyev adına 252 saylı tam orta məktəbi bitirmişdir. İdmanla məşğul olan Ə.Hüseynov qatıldığı yarışlarda nailiyyətlər əldə etmişdir. 15.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılan Ə.Hüseynov xidmət etdiyi dövr ərzində həm insani keyfiyyətləri, həm də əsgər məsuliyyəti ilə bölükdə seçildiyinə görə kiçik çavuş rütbəsi almış və son zamanlarda manqa komandiri olmuşdur.Ə.Hüseynov Vətən müharibəsi zamanı 29.09.2020-ci il tarixdə Tərtər rayonu, Talış kəndi istiqamətində düşmən hücumunun qarşısını dəf edərkən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən Uğrunda” medalı ilə təltif olunmuşdur. Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və heç zaman unutmayacaq.
Allah rəhmət eləsin!
sia.az