“Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi aydındır. Cənab Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Hadrut ətrafında saxlanılan terrorçular hərbi əsir deyillər, yəni bunlar hərbi əməliyyatlar qurtarandan sonra təxribat törətmək üçün əsgərlərimizə qarşı silah işlədiblər və buna görə də saxlanılıblar”. Bunu SİA-ya açıqlamasında politoloq, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, Ermənistan dövlətinin minalanmış xəritələrinin Azərbaycana verməməsi beynəlxalq hüquq normalarının pozulmasıdır: “Yəni Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevlə görüşmək istədiyini və bu görüşə minalanmış ərazilərin xəritələrini aparmağa və əvəzində isə Hadrut ətrafında saxlanılan terrorçuların qaytarılmasının reallaşması mümkünsüz olan istəkdir. Çünki Hadrut ətrafında saxlanılanlar isə qanunla terrorçulardır. Bir sözlə, minalanmış ərazilərin xəritələrinin qarşılığında terrorçuların verilməsi məsələsini eyniləşdirmək olmaz. Ümumiyyətlə, minalanmış xəritələrinin verilməsi ilə bağlı məsələ dəqiqləşdirilməlidir. Yəni, doğrudan da, verdikləri xəritələr həqiqətə uyğundurmu, realdırmı, Ermənistan tərəfindən verilən həmin xəritələr tam reallığı əks etdirirmi? Çünki onların Ağdama və Cəbrayıla verdikləri minalanmış xəritələrin cəmi 25 faizi düz çıxmışdır. Yəni indi verəcəkləri nədir? Paşinyan yalandan o qovluğu qoltuğuna vurub gələcək ki, minalanmış xəritələri gətirmişəm. Əvvəlcədən xəritələr yoxlanılmalıdır. Ondan sonra isə Azərbaycan tərəfi məsələni müzakirə edə və fikrini bildirə bilər”.
sia.az