Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının əməkdaşları və bir qrup YAP fəalları şəhid məzarlarının ətrafının təmizlənməsi və abadlaşdırılması aksiyası çərçivəsində fəaliyyətlərini davam etdirirlər. Rayon təşkilatı aparatının əməkdaşları və partiyanın bir qrup fəal üzvləri rayonun Gəlmə kəndi ərazisində, şəhidlərin dəfn olunduğu məzarlıqda 2020-ci il oktyabrın 9-da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Məmmədzadə Anar Nazim oğlunun məzarını ziyarət ediblər. Eyni zamanda, həmin məzarlıqda dəfn olunmuş digər şəhidlərin də məzarları ziyarət olunaraq, ətrafda təmizlik və səliqə-səhman işləri aparılmışdır.
Əməkdaşlar və fəallar təmizlik işlərindən sonra şəhidlərin məzarları üzərinə gül-çiçək dəstələri düzüblər.
Qeyd edək ki, 1999-cu il avqustun 3-də Zərdab şəhərində anadan olmuş Məmmədzadə Anar Nazim oğlu Füzuli rayonu uğrunda gedən döyüşlərdə, qəhrəmancasına döyüşərək şəhid olmuşdur. Anar Məmmədzadə Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
ZÜMRÜD BAYRAMOVA