PDF Oxu

Siyasət

  • 6 669

Qalib xalqın müzəffər lideri - TƏHLİL

Qalib xalqın müzəffər lideri - TƏHLİL

Sözün əsl mənasında, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olan cənab İlham Əliyev, Ulu Öndər Heydər Əliyevin əmin etdiyi kimi, xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər gördü, hələ də bu istiqamətdə işlər görməkdədir və həqiqətən də, məqsədyönlü, uğurlu siyasət yürütdüyü də günün reallığıdır. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, deyən Ümummilli Lider Heydər Əliyevin haqlı olduğu artıq çoxdandır ki, öz təsdiqini tapıb.

Xatırladığımız kimi, hələ 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirmişdi. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”, deyə xalqı əmin etmişdi Ümummilli Liderimiz. İndi təkcə Azərbaycan xalqı deyil, Ali Baş Komandanın rəhbərliyi, uzaqgörənliyi, liderliyi, qətiyyəti və bacarığı ilə torpaqlarımızın işğaldan azad olunduğunun şahidi olan bütün dünya ictimaiyyəti belə Ulu Öndərin dediklərinin həqiqət olduğuna artıq tam əmin oldu.

ATƏT-in Minsk Qrupunun timsalında dünyanın bir çox beynəlxalq təşkilatlarının həll edə bilmədiyi məsələləri məhz cənab Prezident İlham Əliyevin həll etdiyi, BMT-nin məlum qətnamələrinin icrasını həyata keçirdiyi günümüzün reallığıdır. Az qala 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqların bu müddət ərzində işğaldan azad olunmasına nail ola bilməyən beynəlxalq təşkilatlar, qurumlar Ali Baş Komandanın cəmi 44 gün ərzində bu məsələni həll etdiyinin, onun rəhbərliyi, uzaqgörənliyi, qətiyyəti sayəsində ordumuzun torpaqları işğaldan azad etdiyinin şahidi oldular. Təkcə bu məqam dövlət başçımızın liderlik keyfiyyətləri barədə fikir formalaşması üçün yetərlidir. Çünki cəbhədə əldə olunan qələbələr təsadüfi deyildi və ölkə başçısının illər boyu gördüyü işlərin, məqsəyönlü, uğurlu fəaliyyətinin, əzminin təntənəsi, məntiqi nəticəsi idi. Güclü iqtisadiyyata, güclü orduya sahib olmaq, qətiyyətli addımlar atmaq, ölkənin suverenliyini qorumaq, ərazi bütövlüyünü bərpa etmək üçün güclü siyasi iradə nümayiş etdirmək, düşünülmüş, uzaqgörən, uğurlu siyasət aparmaq lazım idi və cənab Prezident İlham Əliyevin bunun öhdəsindən layiqincə gəldiyinə kimsənin indi zərrə qədər şübhəsi belə ola bilməz. Ona görə ki, reallıqlar göz önündədir və hər kəs də bunun, bu reallıqların şahididir. Hər kəs bunun şahididir ki, başda suverenliyinin qorunub saxlanması, ərazi bütövlüyünün təmin edilməsi, qorunması, iqtisadi qüdtərinin, nüfuzunun artırılması olmaqla, Azərbaycan öz məqsədlərinə nail olmaqda davam edir, inkişafını da günü-gündən artırır. Bütün bunlar ölkə başçısının, cənab Prezident İlham Əliyevin yürütdüyü doğru, dürüst, şəffaf və uğurlu siyasət sayəsindədir.

Görünür, 2003-cü il, 15 oktyabr tarixində keçirilən seçkilərdə seçicilərin 76 faizdən çoxunun cənab İlham Əliyevə səs verməsi təsadüfi deyildi. Şübhəsiz ki, xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin davamlı olaraq qorunmasına vermişdi və qısa bir zamanda yanılmadığına əmin oldu. Ümummilli Liderin siyasi kursuna sadiqliyini, sevgisini nümayiş etdirən xalqımız ona inamını da sübut etdi, sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu təsdiqlədi və ölkədə bu siyasətə alternativin olmadığına əminliyini ifadə etdi. Əlbəttə, əbəs yerə deyildi ki, cənab İlham Əliyev xalqın səsinin mütləq əksəriyyətini qazandı və artıq çoxdandır ki, bu seçimin doğru olduğu hər mənada öz təsdiqini tapıb.

Ölkəmizdə dayanıqlı inkişaf üçün atılan addımlar əsaslı addımlardır və cənab Prezidentin bu istiqamətdə etdikləri səbəbsiz deyil. Prezidentliyinin ilk ilindən cənab İlham Əliyev müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atdı və hər kəs görürdü ki, ideoloji əsaslarımızın və vətəndaş həmrəyliyinin möhkəmlənməsinin əsasını, təməlini Azərbaycan xalqının, Azərbaycan dövlətinin milli maraqlarının qorunması təşkil edib. Məzh bu siyasət, bu strategiya həmrəyliyi daha da möhkəmləndirib və hətta bu siyasət sayəsində müttəfiqlərimizin belə sayı durmadan artıb, yenə də artmaqdadır. İndi Azərbaycanın dostlarının sayının daha da artması sıradan bir hadisə, yaxud da təsadüfi deyil, ölkə başçısının yürütdüyü uğurlu siyasət sayəsindədir və bunu bütün dünya ictimaiyyəti də görür.

Ölkəmizin neft-qaz sahəsində qazandığı uğurlar, onların iqtisadi inkişafa verdiyi töhfələri danmaq mümkünsüzdür. Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış edən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması Azərbaycanın dünya enerji sənayesində həlledici rolunun olduğunu isbatlayır. Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi çox möhtəşəm, çox nəhəng layihələrdəndir. Etiraf etmək lazımdır ki, bütün bu sadalananlar dövlət başçısının, cənab İlham Əliyevin uğurlu siyasəti, uzaqgörənliyi, liderlik qabiliyyəti sayəsində reallaşıb və ölkəmiz üçün, iqtisadi inkişafımız üçün, nəticədə də suverenliyimizin qorunub saxlanması, təhlükəsizliyimizin təminatı üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün bunlar Azərbaycanın bütün dünyada artan rolunu, beynəlxalq münasibətlər sistemində müstəqilliyini təsdiq və təmin edir.

Ölkə başçısının rəhbərliyi ilə aparılan uğurlu siyasət sayəsində Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, eləcə də ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir və cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 18 ildə bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Daha dəqiq desək, cənab Prezident xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Ən vacib olanı isə, dövlət başçısının sayəsində ölkəmizdə siyasi sabitlik hökm sürür və bu da öz növbəsində, gələcək inkişaf üçün də əsaslı zəmin yaradır.

Azərbaycanda təkmil siyasi sistem artıq bərqərar olunub deməkdə, hər kəs haqlıdır. Çünki hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, qanunvericilik bazasının təkmilləşdirilməsi, plüralizmin, çoxpartiyalı sistemin inkişafı göz önündədir və bütün bunlar ölkəmizdə demokratik cəmiyyətin daha da inkişaf etdiyini göstərir. Ümumiyyətlə, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətləri görməmək mümkün də deyil və cənab Prezidentin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən bütün bunları da vurğulamaq yerinə düşərdi. Ona görə ki, ölkəmizdə demokratik cəmiyyətin inkişafına dövlət başçısının tövhəsi misilsizdir və bunun da hamı şahididir.
Ümumiyyətlə, görülən işlərin hər biri, yürüdülən siyasət təsdiq edir ki, cənab Prezident İlham Əliyevin apardığı siyasətin, sosial siyasətin mərkəzində insan amili, vətəndaş amili dayanır. Vətəndaşların hüquq və azadlıqların təmin olunması ilə yanaşı, onların sosial rifah halının daha da yaxşılaşdırılması üçün iqtisadiyyatın inkişafı ölkə rəhbərinin daim diqqət mərkəzindədir. Bir-birinin ardınca reallaşdırılan sosial layihələr iqtisadiyyatımızın güclü olması sayəsində mümkün olur və ölkə iqtisadiyyatının gücləndirilməsi vətəndaşların rifah halına, yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına öz müsbət təsirini göstərməkdədir. Bir sözlə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə əsaslı zəmin deməkdr. Beləliklə, bəlli olur ki, ölkə başçısının daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini məhz sosial siyasət təşkil edir, sosial dövlət fəlsəfəsinin əsasında isə hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğı məhz bu siyasətin, sosial siyasətin fonunda, sosial dövlət fəlsəfəsinin əsasında reallaşıb.

Ən vacib məsələ, məqsəd suverenliyin, təhlükəsizliyin qorunması, ərazi bütövlüyünün bərpası, ölkəmizin hərtərəfli inkişafı, vətəndaşlarımızın firavan yaşayışı olub hər zaman. Məhz bu səbəbdən də, ölkə başçısının rəhbərliyi ilə görülən işlərin məntiqi nəticəsi olaraq, ermənilərin 30 ilə yaxın müddətdə işğal altında saxladıqları torpaqlar çox qısa zamanda işağldan azad edilib. Artıq Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi və buna görə bizim hamımız, ilk növbədə, Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, canını sipər edən əsgər və zabitlərimizə, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq və xalqımızın həmrəyliyi də burada xüsusilə vurğulanmalıdır. Etiraf edək ki, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması görülən işlərin məntiqi nəticəsidir. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü ilə Azərbaycanın haqq işi uğrunda mücadiləsi, tarixi ədalətin bərpası üçün apardığı müharibə, nəhayət, zəfərlə yekunlaşdı. Məhz Ali Baş Komandanın 17 illik gərgin əməyinin, səylərinin, qətiyyətinin, uzaqgörənliyinin, liderlik qabiliyyətlərinin sayəsində biz ərazi bütövlüyümüzü bərpa etdik. Bəli, məhz cənab Prezidentin yürütdüyü uğurlu siyasət və nəticədə də suverenliyimizin qorunması, ərazi bütövlüyümüzün bərpası xalqımızı bütün dünyada mübariz, müzəffər xalq kimi tanıtdı.

Bu gün də məhz cənab Prezidentin rəhbərliyi, birbaşa tapşırıqları ilə işğaldan azad olunan ərazilərimzdə bərpa və yenidənqurma işləri görülür. İşğalçıların viran qoyduğu ərazilərdə infrastruktur layihələrindən tutmuş, yaşayış binalarına, məktəblərə, baxçalara, xəstəxanalara, məscidlərə qədər tikilib-qurulması, təmin edilməsi özü də Ali Baş Komandanın qələbələri silsiləsindəndir. Çünki təkcə ermənilər deyil, eləcə də bütün dünya ictimaiyyəti dərk edir ki, bu qədər quruculuq-abadlıq işlərinin görülməsi qayıdış planının əsasını təşkil edir və bu torpaqlara məhz həmin torpaqların əzəli, əbədi sahibləri olan Azərbaycan vətəndaşlarının qayıdacağı artıq zərrə qədər də şübhə doğura bilməz. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış özü də bir qələbədir, Ali Baş Komandanın, Azərbaycan xalqının və dövlətinin qələbəsi. Məhz bütün bunlar onu deməyə əsas verir ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev qalib xalqın müzəffər lideridir.

İnam

Digər xəbərlər