Siyasət

  • 29 533

Vadim Dubnov: "İndi əsas məsələ sülh müqaviləsi deyil, bölgənin inkişafıdır" - MÜSAHİBƏ

image

"Azadlıq" radiosunun rusiyalı müşahidəçisi, "Exo Kafkaza" xidmətinin əməkdaşı, Qafqazşünas mütəxəssis Vadim Dubnov “Caliber” analitik mərkəzinə müsahibəsində Cənubi Qafqaz regionunda gedən proseslər haqda maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.

- Bu gün Cənubi Qafqazda hansı geosiyasi proseslər gedir?

- Cənubi Qafqazda bu bölgəni dünyaya cəlb etmək və açmaq cəhdləri var. Bəzi romantik terminlərlə danışsaq, bu bölgə nəhayət Sovet Zaqafqaziyası olmağı dayandırır, yəni koordinat sistemi dəyişir və "Cənubi Qafqaz" termininin də daxil olduğu daha böyük dünyanın bir hissəsinə çevrilir. Bu, çox ağrılı şəkildə baş verir: daxili proseslər, həddən artıq çətin tənzimləmə (Azərbaycan-Ermənistan münaqişəsi) və bu və ya digər şəkildə şahidi olduğumuz bu münaqişənin lokal nəticəsi. Maraqlı iştirakçılar hər hansı bir şəkildə öz xeyirlərinə oynamağa çalışırlar. Daha geniş bir nöqteyi-nəzərdən, dünyaya açılmaq üçün çalışan daha çox regional oyunçu ortaya çıxır.

- "Maraqlı tərəflər" dedikdə kimləri nəzərdə tutursunuz?

- Türkiyə, İran və Rusiya. Bölgədən uzaqda qalan Amerika Birləşmiş Ştatları, ümumən Qərb, buradakı proseslərlə maraqlanan ikinci dərəcəli bir ətrafdır. Amerika Birləşmiş Ştatları Türkiyə və Azərbaycanla münasibətlərdə maraqlıdır və buna görə də müəyyən dərəcədə onlar oyun iştirakçıları ilə iş qurmalıdırlar, düzdür, Gürcüstan mövzusunda bəzi fərqlər var, amma mənim fikrimcə, bunlar ikinci dərəcəli məsələlərdir.

Rusiya dünyaya açılan bu Cənubi Qafqaza qatılmaq üçün öz imkanlarını qorumağa və onları dəyişdirməyə çalışır, ona görə də, Moskvanın əsas məsqsədinin Cənubi Qafqazda təsirini saxlamaq olduğunu düşünmürəm. Düşünürəm ki, o, hər şeyi başa düşür və mümkün olan böyük tektonik dəyişikliklərə uyğunlaşmağa çalışır, yəni Rusiya və Türkiyə Ermənistanın cənubunda, İranın sərhədlərinin yerləşdiyi ərazidə böyük bir kommunikasiya nəqliyyat mərkəzinin inhisarçıları olmağa çalışırlar, hansı ki, həm də Türkiyə, Azərbaycan və Ermənistan sərhədlərinin qovşağını əhatə edir. Bu, aparılan danışıqlarda Rusiyanın təsirini qorumaqla bağlı məsələnin Moskva üçün ikinci dərəcəli olduğunu göstərir.

- Sizcə, İranın Azərbaycanla bağlı narazılığına səbəb nə idi?

- İran üçün yeni qüvvə bölgüsü gözlənilməz oldu və yeni vəziyyətə uyğunlaşmağa çalışır: keçən ilin 27 sentyabrından əvvəl mövcud olan status-kvo onun üçün məqbul idi. Bu status-kvo çökəndə Tehranın buna hazırlıqsız olduğu ortaya çıxdı: bu, Türkiyə və Azərbaycan üçün yeni bir rol, eyni zamanda İranın kənarda qalmaq riskini hiss etdiyi nəqliyyat əlaqələri üçün yeni imkanlardır.

İranın fəaliyyəti, gələcəkdə çox böyük ola biləcək bonusları paylaşmaq və ya ən azından yeni status-kvo ilə əlaqədar mümkün itkiləri minimuma endirmək hüququnu bir növ paya salmağa çalışması ilə bağlıdır.

- Azərbaycandan, xüsusən də sülh müqaviləsinin bağlanması ilə bağlı müsbət mesajlara baxmayaraq, Ermənistan hələ də irəli addım atmağa hazır olduğunu nümayiş etdirməyib. Sizcə bunun səbəbi nədir?

- Burada terminoloji qarışıqlıq var, çünki bəzilərinə elə gəlir ki, sülh müqaviləsi 1994-cü ilin mayında atəşkəsin imzalanması ilə oxşar bir şeydir. Xeyr, sülh müqaviləsi, ən mübahisəli və ziddiyyətli məqamların bir çoxunun həll ediləcəyi məsələlər paketidir. Sülh müqaviləsi təkcə bir bəyanat və Azərbaycan-Ermənistan münasibətlərinin yeni statusu deyil, həm də sərhəd məsələləri, hərbi əsirlər və s. məsələlərin həllidir.

Məncə, indi müzakirə olunan əsas şey sülh müqaviləsi deyil, bölgənin müharibədən sonrakı quruluşudur və bu, tamamilə fərqli bir prosesdir.

- Mixail Saakaşvili hansı məqsədlə Gürcüstana qayıtdı?

- Bu, Saakaşvilinin ağ fiqurlarla oynadığına əsaslanan bir şahmat oyunudur. Bir çox cəhətdən bu onun şəxsi siyasi janrıdır və nə etdiyini mükəmməl başa düşürdü. O, həqiqətən döyüşçüdür, oyunçudur: Ukraynada heç bir siyasi perspektivi yoxdur, həmişə bütün siyasi ambisiyalarını Gürcüstanla əlaqələndirir və buna görə də geri dönmək qərarına gəlir. Burada bu oyunun nə qədər uğurlu olduğunu anlamaq çox çətindir, ancaq əsas fikir yerli seçkilərin ilk turunda "Gürcü Arzusu" ilə döyüş meydanında seçiciləri səfərbər etmək, ikinci turda rəqibləri əsəbiləşdirmək, həmçinin, həbsxanaya düşmək, onlar üçün baş ağrısına çevrilməkdir. Düşünürəm ki, bu 3 vəzifənin hamısı qismən yerinə yetirilmişdir. Mişanın həbsdə olması “Gürcü Arzusu” üçün baş ağrısı idi? Demək çətindir. Düşünürəm ki, onun üçün müəyyən narahatlıqlar yaratdı, amma Gürcüstan hakimiyyəti başqa bir şeydən narahat idi. Məsələ Mişadan bir az yorulmuş Qərbin buna nə qədər dözəcəyidir.

Ona görə də 2-ci turu gözləyəcəyik və davamının nə olacağını görəcəyik. Hadisələrin necə inkişaf edəcəyini izləməliyik.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər