Siyasət

  • 29 253

Uğurlu Hadrut əməliyyatı RƏY

image

İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycan ordusunun qarşısında duran əsas vəzifələrdən biri, birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutun, ona bitişik kənd və yüksəkliklərin düşmən tapdağından azad edilməsi idi. Strateji cəhətdən əlverişli ərazidə yerləşən və bir neçə hakim yüksəkliklərlə əhatə olunmuş qəsəbənin azad olunması Vətən Müharibəsinin müqəddəratına, hadisələrin gələcək inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmək imkanına malik idi. Bu ərazinin əhəmiyyətini başa düşən düşmən Hadrutun müdafiəsinə xüsusi önəm verir və mövqeləndikləri ətraf yüksəklikləri əldən verməməyə çalışırdılar.

Hadrutun azad olunmasınin əhəmiyyətini bilən Ali Baş Komandanın rəhbərliyi altında ordumuz bu qəsəbənin və onun ətrafında olan digər işğal altında olan ərazilərimizə nəzarət etmək imkanı verən hakim yüksəkliklərin azad olunması üçün hərəkətə keçdi. Ermənistan ordusu və Ermənistan rəhbərliyi Azərbaycan ordusunu bu istiqamətdən gözləmirdi və bu düşünülmüş addım, hərbi manevr Vətən Müharibəsinin taleyinə əhəmiyyətli təsir göstərdi. Hadrutun düşmən tapdağından azad olunmasında böyük rolu olan xüsusi təyinatlılarımız yüksək peşəkarlıq və döyüş qabiliyyəti nümayiş etdirərək düşmənin dərinliklərinə sizaraq Hadrut ətrafındakı yüksəkliklərdə düşmən mövqelərinin olmasına baxmayaraq Hadrut qəsəbəsinə daxil oldular və uğurlu əməliyyatlar icra etdilər. Hadrut döyüşü İkinci Qarabağ Müharibəsində keçən ən ağır və qanlı döyüşlərdən biri idi. 2-3 gün gedən qanlı döyüşlərdən sonra düşmən müqavimət göstərməyə cəhd etsə də, qəhrəman ordumuzün qətiyyəti və gücü qarşısında tab gətirə bilmədi və ordumuz Hadrut qəsəbəsinə tam nəzarəti öz əlinə götürdü.

Hadrutun işğaldan azad edilməsi həm Ermənistan ordusu, həm də Ermənistan rəhbərliyi və xalqı arasında güclü mənəvi-psixoloji sarsıntı yaratdı. Bu məğlubiyyətin orduya və xalqa göstərəcəyi mənfi təsiri başa düşən Ermənistan rəhbərliyi öz mətbuatında bir müddət Hadrutla bağlı yalan,təzadlı informasiyalar, məlumatlar yaydı. Ancaq həm Ermənistan rəhbərliy və həm də Ermənistan xalqı gözəl anlayır və başa düşürdülər ki, Azərbaycan xalqı üçün vətənin hər qarış torpaşı müqəddəsdir, əzizdir. Və nə qədər ki, işğalçı Ermənistan ordusu işğal altında saxladığı torpaqlarımızı öz xoşu ilə tərk etməyəcək, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz onları silah gücü ilə, öz qanı və canı bahasına bu torpaqlardan təmizləyəcək. 9 oktyabr 2020-ci il şanlı tariximizə qədim Azərbaycan torpağı olan Hadrutun düşmən tapdağından azad olunduğu gün kimi yazıldı. Ordumuzun qəhrəman əsgərləri müqəddəs uç rəngli bayrağımızı növbəti dəfə Hadrutda-Xocavənddə dalğalandırdı.

Fuad Heydər

YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini

Digər xəbərlər