PDF Oxu

Siyasət

  • 1 822

Azadlığın mübarək, Hadrut! RƏY

Azadlığın mübarək, Hadrut! RƏY

2020-ci ilin 27 sentyabrından hər gün gözlərimiz mavi ekranlara yönəlirdi. 44 günlük Şanlı Qələbənin hər dəqiqəsini səbrsizliklə gözləyirdik. Oktyabrın 9-da gözlədiyimiz xəbər gəldi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək Hadrut qəsəbəsi və 8 kəndin işğaldan azad edilməsi xəbərini çatdırdı. Hərbi cəhətdən mühüm strateji əhəmiyyətə malik olan Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsinin azad edilməsini çox uğurlu hərbi əməliyyat adlandırmışdı.

Şanlı əsgərlərimiz qəsəbəni mühasirəyə alanda, ermənilər buranı son anda tərk ediblər. Buna baxmayaraq yenə də öz xislətlərindən əl çəkməyərək ən son məqamda da belə qəsəbəyə müəyyən qədər ziyan vurublar. Amma onlar bütün bunlara baxmayaraq Hadrutun gözəlliyinə, füsunkar təbiətinə kölgə sala bilməyiblər. Hadrut ermənilərin nəyin bahasına olursa-olsun, Azərbaycana qaytarılmayacağını düşündükləri yaşayış məntəqələrindən biri idi. Burada yaşayan ermənilər Cəbrayıldan, Füzulidən, Zəngilandan və Qubadlıdan daşıdıqları materiallar ilə özlərinə çox gözəl şərait qurmuşdular. Hər tərəfdən dağlarla əhatə olunmuş Hadrut Qozluçay dərəsində yerləşir.

Xocavənd rayonunun Hadrut qəsəbəsi işğaldan azad olunduqdan və Vətən müharibəsi başa çatdıqdan dərhal sonra azad edilmiş digər yaşayış məntəqələrində olduğu kimi, bu qəsəbədə də infrastrukturun bərpasına başlanılıb. Coğrafi mövqeyinə, füsunkar təbiətinə hər zaman həsəd aparan ermənilər Hadrutda mümkün qədər çox məskunlaşmağa çalışmışdılar. Lakin, Qalib Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqlarını şərəf və ləyaqətlə yerinə yetirərək işğalçı ermənilərin bu torpaqlarla bağlı arzularını puç etdi və ərazi bütövlüyümüzü bərpa etdi. Bu gün Hadrutun bərpasına başlanılıb. Yaxın vaxtlarda Hadrutun baş planı hazır olacaq. Burada dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyasının təməli qoyulub və Hadrutda məscidin tikintisinə də start verildi. Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri və otellər tikiləcəkdir. Hadrut kənd təsərrüfatının inkişafı üçün böyük potensiala malik olduğundan burada bitkiçilik, heyvandarlıq və üzümçülük inkişaf etdiriləcək, buralar gözəl məkana çevriləcəkdir.

Hacıyeva Lamiyyə Misir qızı

YAP Səbail rayon təşkilatının baş məsləhətçisi

Digər xəbərlər