Siyasət

  • 808

İkinci Qarabağ müharibəsindəki zəfərlə Azərbaycan regiona yeni reallıqlar gətirib RƏY

image

Azərbaycan Prezidenti İlham Əliyev həmişə çıxışlarında “mənim sözüm imzam qədər qüvvətlidir”-deyir. Və işğaldan azad olunmuş torpaqlara səfərləri və qısa bir zaman kəsiyində görülən uğurlu işlər və həyata keçirilən layihələr məhz Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir!Düz 29 il əvvəl, 1992-ci ilin may ayında müstəqilliyimizin ağır günlər, hakimiyyət uğrunda çəkişmələr Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək planlarını həyata keçirə bilməsi üçün əlverişli zəmin yaratdı və Şuşa, Laçın işğal olundu. AXC-Müsavat cütlüyü siyasi hakimiyyətə gəlmək üçün milli xəyanətə qol qoydu. Ancaq bu gün - 29 ildən sonra isə dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur, artıq Xarı Bülbül boynunu bükməyib. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı bərpa olunub."Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 18 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev buna nail oldu. Bütün müharibələrdə olduğu kimi, İkinci Qarabağ müharibəsinin taleyini də strateji bir hədəf həll edirdi ki, bu da Şuşa idi. Məhz buna görə 44 günlük müharibədə çox böyük uzaqgörənlik nümayiş etdirən müzəffər Ali Baş Komandan İlham Əliyev döyüşən ordunun böyük hissəsini Şuşa istiqamətində səfərbər etdi. Şuşa qələbəsindən sonra azğın düşmən ağ bayraq qaldıraraq təslim oldu, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı, hələ azad olunmamış üç rayonla yanaşı, bir neçə kəndimizi boşaltmaq öhdəliyini üzərinə götürdü və Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə məcbur edildi.Bu yerdə 11 il öncə dövlət başçımızın dediyi sözü - 2010-cu noyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılışında çıxışı zamanı Prezidenti İlham Əliyev demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. 2021-ci ilin yanvarın 14-ü həmin vəd yerinə yetirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı. Bu gün Azərbaycan ancaq öz gücü hesabına öz torpaqlarını azad etməli idi və bunu etdi. Bunu dövlət başçımızın dediyi kimi: «Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Düşmən qabağımızda diz çökməyə, kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur... Alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq».Və erməni vandalizminin şahidləri - güllələnmiş büstlər doğma Vətəninə qayıdıblar. Bu gün dəmir yumruğun gücü ilə Qarabağ Azərbaycandır - dirçəliş yolundadır. İlk öncə bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi əsas məsələlər sırasındadır. Doğrudur, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Bu, həm on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir.Onu da qeyd edək ki, Azərbaycan Prezidenti cəmi bir il ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb, genişmiqyaslı layihələr icra olunur. Şuşaya Zəfər yolu, Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, dini-tarixi abidələr bərpa olunur. İnfrastruktur layihələri icra olunur. Yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları salınır. Cəmi bir il öncə Vətən müharibəsi başlayanda Azərbaycan Prezidenti xarici KİV-ə verdiyi müsahibələrdə qətiyyətlə, inamla deyirdi ki, işğaldan azad edilmiş torpaqlar yenidən qurulacaq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Yeni-yeni infrastrukturlar yaradılacaq. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda siyasi münasibətlər sahəsində də müsbət meyillər güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq.Bir sözlə, Prezident İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Azərbaycan Prezidenti bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Hər kəs şahiddir ki, erməni vandallarının daşı daş üstündə qoymadığı torpaqlarımızda bir ildə hansı işlər görülüb və bu quruculuq işləri hər gün davam etdirilir. Həyata keçirilən bütün proseslər təsdiq edir ki, yaxın illərdə Qarabağ yenidən cənnətməkana çevriləcək. İlham Əliyevin dediyi kimi, ölkəmizin gələcək inkişafı çox uğurlu olacaq. Bu günədək Azərbaycan Prezidentinin bəyan etdiyi bütün hədəflərə nail olunması bunu təsdiqləyir. Və İkinci Qarabağ savaşını “Dəmir yumruq”la qazanan Ali Baş Komandan İlham Əliyev “dəmir iradə” ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr reallaşdırır. Yeni açılışlar, təməlqoymalar isə işğaldan azad edilmiş torpaqlarımızda başlanan tikinti-quruculuq, yenidənqurma işlərinin, yəni Qarabağın inkişaf planının tərkib hissəsidir.Bir sözlə, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə bütün dünyaya səs saldı. Biz möhtəşəm Qələbə qazandıq, öz gücümüzə ərazilərimizi azad etdik. Biz Vətən müharibəsində qazanılan Zəfərin davamı olan quruculuq işlərini də uğurla başa çatdıracağıq.Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dediyi kimi: «Bu gün keçmiş məcburi köçkünlər evlərinə dönməyə hazırlaşırlar. Xocavəndə birinci səfərdir, bundan sonra bu səfərlər təşkil ediləcəkdir. Biz çalışacağıq, necə ki, müharibəni qısa müddət ərzində başa vurduq, eyni zamanda, bu bərpa işlərini də maksimum qısa müddət ərzində başa vuraq ki, siz qayıdasınız, bu cənnət məkana qayıdasınız. Hər bir torpaq bizim üçün cənnətdir, əzizdir. Azad edilmiş torpaqlarda Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır”.Bəli, 30 il həsrətində qaldığımız tarixi dədə-baba torpağımız – Qarabağımızın əvvəlkindən də daha gözəl bir diyara çevriləcək. Və işğaldan azad edilmiş ərazilərimizdə hər dəfə daş üstünə daş qoyularkən çıxışında daim "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan mövcud deyil” deyən həm Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, həm də bu torpaqların azad edilməsi istiqamətində canlarından keçən bütün şəhidlərimizin ruhu şad olacaq. O ruhları öz yüksək humanist əməlləri ilə şad edən Azərbaycan xalqının mübariz oğlu Qalib Lider İlham Əliyevdir.

MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Digər xəbərlər