Siyasət

  • 2 132

Prezident İlham Əliyev: “Zəngilan rayonunu cənnətə çevirəcəyik” TƏHLİL

image

Zəngilanın işğaldan azad olunmasından bir il ötür. İkinci Vətən müharibəsinin 25-ci günündə 27 illik işğala son qoyuldu – Zəngilan şəhəri işğaldan azad oldu. Qürurumuz olan Azərbaycanın üçrəngli bayrağı Zəngilanda qaldırıldı.Bəli, bu gün 44 günlük müharibə zamanı işğaldan azad olunan torpaqlarımızın hamısında üçrəngli bayrağımız ucaldılır. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: “Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir”. Bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də məhz xalqımızın ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Ulu Öndər Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Məhz elə buna görədir ki, 18 il əvvəl “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam» məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə həsr olunmuş əsl lider ömrüdür. Prezident İlham Əliyev Ulu Öndərimizin “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan LİDERDİR. Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazırdı. Ali Baş Komandanımız oktyabrın 20-də növbəti Qələbə müjdəsini xalqımıza çatdırdı – “Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib”.Hər gün, hər an Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımıza qələbə sorağını verdikcə, Liderimizlə, Güclü Ordumuzla, qəhrəman, igid əsgərlərimiz, həmçinin xalqımızla qürur duyuruq. Artıq Vətən Müharibəsinin 25-ci günündə 28 illik həsrətə son qoyuldu - Zəngilan işğaldan azad edildi. Bu sevinci Azərbaycan Prezidenti İlham Əliyev bəxş etdi. İlk gündən bu günə kimi hər gün sevincli günləri bizə yaşadan Liderimiz öz xalqı, qüdrətli Ordusu və rəşadətli əsgərləri ilə fəxr etdiyini, qürur duyduğunu deyir. Ancaq bütün bunlara Ali Baş Komandanımız, dövlətimizin başçısı İlham Əliyev cənablarının düşünülmüş uğurlu siyasəti – “Dəmir yumruq” əməliyyatı ilə nail oluruq. Hər gün qələbə, qələbə ardınca. Hər gün Azərbaycan dövlətinin və xalqının tarixinə qələbə günləri yazılır. Növbəti qələbə günləri bir-birinin ardınca yazılan 17 oktyabr Azərbaycanın Füzuli şəhərinin, 20 oktyabr Zəngilanın işğaldan azad edildiyi gün. Dövlət başçımız xalqa müraciətində qeyd edib ki, Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir: “Əziz həmvətənlər, Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq. Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram”.Oktyabrın 20-də Prezident İlham Əliyev Cənabları bu qələbə sorağını xalqa çatdıraraq bildirdi ki, “Biz Böyük Qayıdışın astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal edilmiş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır”. Dövlət başçısı bildirdi ki, “Mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq. Mən deyirdim ki, mən bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır və xalq tərəfindən mənə verilən və göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək və bir daha mən bəyan edirəm ki, bütün verilmiş vədləri mən yerinə yetirirəm, bütün verilmiş vədlərə sadiqəm və mənim Prezident kimi fəaliyyətim üçün əsas məsələ mənim əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”. Bəli, bu gün qazanılan qələbələr Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir.

Zəngilan rayonu tezliklə yenidən qurulacaq, bərpa ediləcək
30 illik həsrətə 44 gün ərzində “Dəmir yumruq” əməliyyatı ilə son qoyan Azərbaycan bütün işğal olunmuş torpaqlarımızda olduğu kimi, Zəngilan rayonu tezliklə yenidən qurulacaq, bərpa ediləcək, təkcə zəngilanlılar deyil, bütün məcburi köçkünlər Böyük qayıdışın astanasındadırlar. Zəngilan işğaldan azad edilmiş rayonlar arasında yenidənqurma işlərinə ən tez başlanılan ərazilərdəndir. Artıq Qubadlı, Kəlbəcər, Laçınla yanaşı, Zəngilanın da baş planı hazırlanır. Yenidənqurma işlərinin ən innovativ layihələr əsasında həyata keçirildiyi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən “Ağıllı kənd” pilot layihəsi icra edilir. Layihə əsasən, 5 komponent - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri üzrə reallaşdırılır. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub.Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanı da Zəngilandadır. Laçın, Füzuli hava limanları kimi, Zəngilan hava limanının da inşa edilməsi bölgənin canlanmasına səbəb olacaq. Onu da vurğulayaq ki, bütün bu işlər yalnız Azərbaycan dövlətinin vəsaiti hesabına, başqa ölkələrdən heç bir kredit götürülmədən icra edilir. Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd edib ki, azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir: “Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir. Zəngilanda birinci kəndin inşası başa çatmaq üzrədir. Ağdam şəhərinin baş planı təsdiqləndi, işlərə start verildi. Cəbrayılın baş planı təsdiqləndi. Artıq göstəriş verildi və vəsait ayrıldı, digər şəhərlərimizin – Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Bütün bu işləri biz görəcəyik. Bildiyiniz kimi, heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik”.Göründüyü kimi, 44 günlük müharibədən sonra işğaldan azad olunmuş torpaqlarımızda görülən quruculuq-abadılıq işləri, məhz dövlət başçımızın düşünülmüş iqtisadi siyasətidir ki, bu gün Qarabağ və ətraf rayonlar quruculuq meydanına çevrilib.“Zəngilan rayonunu cənnətə çevirəcəyik”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Zəngilana səfəri zamanı deyib. Erməni qəsbkarlarının tamamilə dağıtdığı rayonlar, o cümlədən Zəngilan bu gün yenidən qurulmaqla yanaşı, həm də ona qovuşmaq arzusunda olan sakinlərin tezliklə öz doğma yurdlarına qayıdacağına təminat verir. Sözün qısası, artıq işğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır. Bütün bunlara Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cənablarının, Müzəffər Ordumuzun, Rəşadətli əsgərlərimizin və xalqımızın Birliyi, Həmrəyliyinin nəticəsində əldə edilir. Bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir, haqq işimizin, Müzəffər ordumuzun gücünün, rəşadətli əsgərlərimizin, Azərbaycan xalqının iradəsinin qələbəsidir!
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər