Siyasət

  • 777

"Qələbədən sonra döyüş" - Aydın Quliyev yazır..

image

"Qələbədən sonra döyüş" - Prezident Əliyevin bölgəmizdəki yeni reallıqlara uyğun taktikası.. Aydın Quliyev yazır..

Vətən müharibəsindən sonrakı yeni regional reallıqların kimlərə sərf edib-etməməsindən asılı olmayaraq onun mövcudluğu artıq faktdır və bütün praqmatik qüvvələr bununla razılaşır. Əslində bunları etiraf edilmiş real fakta çevirmək üçün Azərbaycan heç də az əziyyət çəkmədi və ən müxtəlif daxili - xarici siyasət müstəvilərində hansı çabalar göstərildiyini hər kəs görür.Bu günlərdə Prezident Əliyevin Qubadlı ictimaiyyəti ilə görüşdə verdiyi bir bəyanat Azərbaycanın yeni regional reallıqları qəbul etdirməkdə nə qədər çətinliklərlə üzləşdiyini bir daha təsdiqləyir. Prezident bəyan etdi ki, "müharibə başa çatıb, ancaq bizi yenə döyüşməyə məcbur edirlər. Biz döyüşməyə həmişə hazırıq".Məlumdur ki, Vətən müharibəsi ötən il noyabrın 10 - da Azərbaycanın qələbəsi və Ermənistanın təslimatı ilə başa çatdı. Doğrudur, Ermənistan bu günə qədər Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından rəsmən imtina etməyib və hər iki ölkənin ərazi bütövlüyünü tanımayıb. Heç şübhə yoxdur ki, Azərbaycan prezidenti "bizi hələ də döyüşə məcbur edirlər" deyəndə ilk növbədə Ermənistanın hələlik tam imtina etmədiyi revanşizm siyasətini nəzərdə tutur və yaranmış hazırkı regional vəziyyətdə Azərbaycanın ən dəqiq siyasi kursunu bəyan edir. Həqiqətən də Ermənistanın sülh sazişi imzalamaqdan, ərazi bütövlüyümüzü tanımaqdan imtina etməsi "müharibədən sonrakı döyüş" vəziyyətinin bütün əlamətləri ilə hələ ortada olduğunu göstərir. Prezident Əliyev də məhz bu şəraitə uyğun olaraq Azərbaycanın "müharibədən sonra döyüş" taktikasını çox dəqiqliklə ifadə etdi.Əlbəttə, bu, Azərbaycanın hansısa döyüşə başlamaq üçün hazırlıqlar içində olduğunu iddia etmək anlamına gəlməyə əsas vermir. Baxmayaraq ki, erməni təbliğatı bizim Prezidentin həmin fikrini məhz bu istiqamətdə yozmağa cəhd edəcək və sübut etmək istəyəcək ki, bölgədə davamlı sülhün yaranmasına əsas maneçiliklər Azərbaycan tərəfin siyasətindən və bu cür bəyanatlarından irəli gəlir.Ancaq regional və qlobal beynəlxalq geosiyasətin təhlili sübut edir ki, Azərbaycan prezidentinin "Qələbədən sonrakı döyüşlər" ehtimalını real hesab etməsi tam əsaslara malikdir və Ermənistanın, onun havadarlarının hazırkı kursuna ən etibarlı və qabaqlayıcı əks taktikadır.

sia.az

Digər xəbərlər