“Bu günlərdə Azərbaycanın ərazisində yaşayan erməni icma nümayəndələrinin Fransaya səfər etməsi və onların Fransa senatı və yerli icra hakimiyyəti strukturlarının rəhbərləri tərəfindən dövlət nümayəndələri kimi qarşılanması beynəlxalq hüquqa, Fransanın yerli qanunvericiliyinin tələblərinə və siyasi-diplomatik etikaya ziddir. Müxtəlif media qrumlarının yaydığı təsdiq olunmuş məlumata görə noyabr ayının 15-19-u tarixlərində Fransada olan iki şəxs özlərini dırnaqarası Dağlıq Qarabağ hökumətinin üzvü və parlament sədri kimi təqdim edərək müxtəlif görüşlər keçiriblər”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentdə çıxışı zamanı deyib.Deputat bildirib ki, bunlar Ayk Xanumyan və Artur Tovmasyandır: “Əslində məsələ kimin özünü harada necə təqdim etməsi deyil Fransa rəsmilərinin onları necə qəbul etməsidir. Fransada isə bu qəbulu rəsmi status səviyyəsində edərək bir daha qanun və hüquq pozuntusuna yol veriblər. Təəssüf ki, bu birinci belə hal deyil. Bənzər hadisələr təkrar baş verir və Azərbaycanın rəsmi qrumlarının bu qanun pozuntusuna görə müraciətlərinə isə Fransa standart növbətçi diplomatik açıqlama ilə cavab verərək belə görüşlərin fərdi müstəvidə qiymətləndirilməsinin lazım olduğunu bildirir. Əlbəttə, bu qane edici izah ola bilməz. Hələ 44 günlük Vətən müharibəsi zamanı Fransa işğalçı Ermənistana dəstək verməklə hər şeydən öncə ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəfsizliyini itirmiş, sonra isə beynəlxalq hüquqa zidd bəyənatları ilə özünün nüfuzuna xələl gətirən mövqe nümayiş etdirmişdi. Ancaq buna baxmayaraq heç bir şey əldə edə bilməmiş, elə öz ölkəsinin rasional düşünməyi bacaran siyasətçiləri tərəfindən tənqidə məruz qalmışdı. Belə davranışlar nəticə etibarilə Azərbaycan – Fransa münasibətələrə soyuqluq gətirmişdi. Ötən bir il ərzində Fransa öz xətalarını düzəltmək üçün bəzi cəhdlər göstərsə də nə beynəlxalq ictimai rəydə, nə də Azərbaycanla münasibətlərdə ciddi bir məsafə qət edə bilmədi. Çünki səylərində ardıcıl və səmimi olmadı. Bir tərəfdən UNESKO çərçivəsində Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil edərək sərhədlərin delimitasiya və demarkasiyasınının vacibliyini önə sürdü, minalanmış ərazilərimizin minalardan təmizlənməsi üçün əməkdaşlıq arzusunu ifadə etdi. Digər tərəfdən isə yenə də ənənəsinə sadiq qalaraq seperatizmə dəstək nümayiş etdirən addımlar atdı. Əlbəttə, Fransa Xarici İşlər Nazirliyinin icazəsi olmadan heç bir rəsmi qurum, o cümlədə Fransa senatının üzvü Bruno Retay özünü nazir kimi təqdim edən Ayk Xanumyanı qəbul edə bilməz”.H.Babaoğlu vurğulayıb ki, biz yaxşı xatırlayırıq ki, Fransa senatının üzvü Retay hələ 2020-ci ildə qondarma rejimin tanınması ilə bağlı Fransa senatına qanun layihəsi təqdim etmişdi: “İndi isə öz rəsmi tvitter səhifəsində bu qeyri qanuni görüşü paylaşmaqla informasiya manipuliyasiyası edir. Bütün bunlar isə Azərbaycanın diqqətindən yayınmır. Hələ bir neçə il öncə Qarabağda yaradılmış qeyri-qanuni inzibati ərazi vahidləri ilə qardaşlaşma haqqında anlaşma imzalayan bəzi Fransa bələdiyyələrinin qərarları elə Fransa məhkəmləri tərəfindən ləv edilmiş, bunların Fransa qanunlarına və beynəlxalq hüquqa zidd olduğu əsas götürülmüşdü. Bütün bunlara baxmayraq yenidən bənzər hərəkətlər etmək məqsədyönlü addım kimi qiymətləndirilə bilər. Bu isə Fransanın bundan sonrakı proseslərdə regionun ən güclü ölkəsi olan Azərbaycanla münasibətlərində əməkdşlıq imkanlarını məhdudlaşdıra, onu Cənubi Qafqaz regionunda yaranmış yeni əməkdaşlıq perspektivlərindən kənarda qoya bilər. Ona görə də Fransanın ikili mövqeyi qınanmalı, bu cür mövqenin heç kəsin lehinə olmadığı Fransanın nəzərinə çatdırılmalıdır”.
Müəllif: Aysel Məmmədova