Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra tərəflər arasında əməkdaşlıq daha da inkişaf edib, genişlənəcək və yeni mərhələyə keçəcək
Azərbaycan müstəqillik əldə etdikdən sonra aparıcı Qərb dövlətləri ilə münasibətlərini və yüksək səviyyələr üzərində qurmağa başlayıb. Lakin eyni zamanda, bir sıra nüfuzlu siyasi təşkilatlarla iş birliyi qurub, eləcə də hərbi alyanslarla münasibətlərini davamlı inkişaf xəttində tənzimləyib. Bu xüsusda ölkəmizin NATO ilə münasibətləri barədə bir sıra mühüm məqamlara toxunmaq olar.
Artıq cari 2022-ci il NATO-nun Azərbaycanla əməkdaşlığının 30-cu ildönümü kimi qiymətləndirilir. Belə ki, Azərbaycanla NATO arasında əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Alyansına daxil olması ilə başlayıb və sonrakı illərdə inkişaf etdirilib. Belə ki, Azərbaycanın NATO ilə daha sıx əməkdaşlığı 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə inkişaf edib. Məhz Heydər Əliyevin 1997-ci il noyabrın 21-də imzaladığı Fərmanına əsasən, Azərbaycanın NATO-da diplomatik nümayəndəliyi təsis olunub və bu gün də həmin nümayəndəlik fəaliyyətini uğurla davam etdirməkdədir.
Xüsusilə qeyd edə bilərik ki, Azərbaycanın xarici siyasət istiqamətlərindən biri də bu hərbi alyansa inteqrasiyası ilə bağlıdır. Təkcə ötən illərə nəzər salsaq biz inteqrasiya siyasətinin bir sıra mühüm məqamlarını görmüş olarıq. Beləliklə:
1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulma;
1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi;
2002-ci ildən isə assosiativ üzv;
2004-cü ildən “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulma.
Daha bir xatırlatmanı da qeyd edə bilərik ki, 1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədi imzalanıb. 1997-ci ilin noyabrında NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün ölkəmiz SNT-nin Planlaşdırma və Baxış Prosesinə qoşulub. Azərbaycan Prezidentinin 1997-ci il 12 noyabr tarixli fərmanına əsasən, NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılıb. NATO Siyasi Komitəsi 1998-ci il mayın 12-də Azərbaycanın "19+1" formatında SNT-də iştirakını müzakirə edib. 1998-ci il noyabrın 15-də SNT SOFA və onun Əlavə Protokolu Azərbaycan tərəfindən imzalanıb. 1999-cu ilin sentyabrında Qafqazda regional əməkdaşlığı araşdırmaq üçün EAPC xüsusi işçi qrupu yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin NATO ilə Azərbaycan arasında əməkdaşlığa daim önəm verib və əbəs deyil ki, 2004-cü ildə ölkəmiz qurumun Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulduğu üçün münasibətlər daha da genişləndirilir. Prezident İlham Əliyev dəfələrlə NATO-nun mənzil-qərargahını ziyarət edib, NATO-nun Baş katibləri isə Azərbaycana müxtəlif hərbi-siyasi məsələlərin müzakirəsi üçün səfərlərə gəliblər. O cümlədən, dövlətimizin başçısı NATO-nun Zirvə görüşlərində iştirak edib (İstanbul 2004, Buxarest 2008, Lissabon 2010, Çikaqo 2012, Kardiff 2014, Varşava 2016, Brüssel 2018) və Alyansla sıx əlaqələr hazırda da davam etdirilir.
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfəri nəticəsində yaranmış yeni reallığı NATO da qəbul edib
Vacib məqamlarddan biri də budur ki, NATO daim Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini göstərib. Bu dəstək qurumun 9 Zirvə görüşündə öz əksini tapıb. Zirvə görüşlərinin yekun sənədlərində Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə rəsmi dəstək ifadə olunub. Misal üçün, sənədlərdə Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb, 2006-cı il noyabr 28-29-da Riqada keçirilən Şimali Atlantika Alyansının toplantısında, 2008-ci il aprelin 2-4-də Buxarestdə keçirilən NATO/EAPC və ISAF, 2009-cu il aprelin 3-4-də Strasburqda keçirilən zirvələrdə verilən bəyannamələr çərçivəsində Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq dəstəklənib.
Qeyd edək ki, NATO 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bir neçə dəfə Azərbaycan və Ermənistanı atəşkəsə, danışıqlara çağırıb. 2020-ci ilin oktyabr ayında NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanla keçirdiyi mətbuat konfransı zamanı ona Alyansın bu münaqişə ilə məşğul olmadığını başa salıb. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfəri nəticəsində yaranmış yeni reallığı NATO da qəbul edib. Məsələn, NATO-nun ötən il Brüsseld keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarılıb. Bu, həm də onu göstərir ki, Alyans münaqişəni başa çatmış sayır.
Azərbaycan və NATO arasında mina və partlamamış silah-sursatların təmizlənməsinə dair “Saloğlu” və “Ceyrançöl” layihələri kimi praktiki layihələr uğurla həyata keçirilib
Hazırda Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılır. 2002-ci ildən etibarən Azərbaycanın 30-dan çox zabiti NATO-nun mənzil-qərargahında və qurumlarında xidmət edib. Hazırda Azərbaycan Ordusunun zabitləri NATO-nun mənzil-qərargahında (Brüssel, Belçika) və NATO Müttəfiq Qüvvələrin Avropadakı Baş Komandanlığının Tərəfdaşlıq İdarəsində (Mons, Belçika) hərbi nümayəndəlik tərkibində milli vəzifələrdə xidmət edir. Azərbaycan və NATO arasında mina və partlamamış silah-sursatların təmizlənməsinə dair “Saloğlu” və “Ceyrançöl” layihələri kimi praktiki layihələr uğurla həyata keçirilib.
Onu da qeyd edək ki, Azərbaycan Ordusunun NATO-nun ƏİK Ortaq Qüvvələr Birliyinə (Əməliyyat İmkanları Konsepsiyası) proqramına bəyan edilmiş bölmələri aşağıdakılardır: Sülhməramlı Qüvvələr Taboru (1), Kəşfiyyat Bölüyü (1), “Mİ-17” Helikopter Cütlüyü (1), Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə Qrupu (1).
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri müxtəlif vaxtlarda Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində də iştirak edib, uğurlu nəticələr əldə olunub.
Azərbaycan hərbçisi Kosovada
Azərbaycan 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarında (KFOR) iştirak edib. Azərbaycan 1999-cu il sentyabrın 1-də Kosovoya 34 hərbçidən (32 əsgər, 2 zabit) ibarət bir birlik göndərib. Ümumilikdə Kosovodakı missiyada Azərbaycandan 362 hərbi qulluqçu (345 əsgər, 17 zabit) xidmət edib. Azərbaycanlı hərbi qulluqçular Kosovoda missiyalarını 2008-ci il martın 4-də başa vurub.
Azərbaycan hərbçisi İraqda
Azərbaycan hərbçiləri İraqda da sülhməramlı missiya həyata keçiriblər. 2003-cü il avqustun 15-dən 2008-ci il dekabrın 7-dək İraqın Beynəlxalq Koalisiya Qüvvələri daxilində sülhməramlı missiyada 151 şəxsi heyətdən (120 əsgər, 31 zabit) ibarət Azərbaycan hərbi kontingenti iştirak edib. Azərbaycan 2008-ci il dekabrın 7-də Koalisiya Qüvvələrinin geri çəkilməsi səbəbindən İraqdan qüvvələrini çıxarıb.
Azərbaycan hərbçisi Əfqınıstanda
Azərbaycan 2002-ci il noyabrın 15-də Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri (ISAF) əməliyyatını dəstəkləmək üçün 22 hərbçidən ibarət bir hərbi birlik göndərib. 2009-cu ilin fevral ayından etibarən 90 nəfər Azərbaycan şəxsi heyəti ISAF-ın rəhbərlik etdiyi Türkiyə birliyində xidmət edib. 2018-ci ilin yanvar ayından Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyası üzrə Azərbaycan Ordusunun sülhməramlı kontingentinin şəxsi heyətinin sayı 120 nəfərə çatdırılmışdı. Azərbaycan Ordusunun sülhməramlı kontingenti Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını icra etmiş, uyğun qərargahlarda təmsil olunmuşdu. Azərbaycanlı birliklər Kabildə yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi sursat anbarının təhlükəsizliyini və patrul xidmətini yerinə yetiriblər. NATO-nun Baş katibi Yens Stoltenberq 2021-ci ilin avqust ayında hava limanında təhlükəsizliyin təmin edilməsindəki xidmətlərinə görə Azərbaycana təşəkkürünü ifadə edib.
NATO-Azərbaycan əməkdaşlığı elm, təhsil kimi digər sahələrdə də uğurla inkişaf etdirilir
2017-2020-ci illərdə isə Azərbaycan NATO-Rusiya və ABŞ-Rusiya arasında yüksək vəzifəli hərbçilərin 7 görüşünə ev sahibliyi edib, Bakı istənilən müzakirələrin mərkəzi meydanı olaraq qiymətləndirilib. Onu da qeyd edək ki, Azərbaycan-NATO əlaqələrinin 15 illiyinə həsr olunmuş poçt markası da buraxılıb.
Təhlükəsizlik məsələləri ilə yanaşı, NATO-Azərbaycan əməkdaşlığı elm, təhsil kimi digər sahələrdə də uğurla inkişaf etdirilir. 2008-ci ildən etibarən təhsil sahəsində NATO ilə əməkdaşlıq edən Azərbaycan Ordusu NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramından yararlanmaqla tabeliyində olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin tədrisinin məzmun və formasının Avropa təhsil standartlarına və Boloniya prosesinə uyğunlaşdırılması, eləcə də pedaqoji kadrların təkmilləşdirilməsi sahəsində addımlar atıb. NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı” elmin inkişafı və yeniliklərin tətbiqi yolu ilə NATO və Tərəfdaşlar arasında əməkdaşlıq və dialoqun genişləndirilməsinə, qarşılıqlı təhlükəsizlik problemlərinin həllinə, bilik mübadiləsinə, eləcə də tədqiqatların aparılması və innovasiyaların tətbiqi üçün mühüm bir vasitədir. Müdafiə Nazirliyi qeyd olunan proqram çərçivəsində bir neçə layihəyə imza atıb. Əslində, sadalananlar Azərbaycanla Alyans arasında əməkdaşlığı əks etdirən çoxsaylı faktların bir qismidir. Tərəflər arasında əməkdaşlıq davam və inkişaf edir.
Bütün bu reallıqlar Azərbaycanla NATO arasında əməkdaşlığın inkişaf etdiyini təsdiqləyən amillərdir. Ehtimal etmək olar ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra tərəflər arasında əməkdaşlıq daha da inkişaf edib, genişlənəcək və yeni mərhələyə keçəcək.
Rövşən RƏSULOV